Əhməd Qurbanoğlu |
[email protected] |
Günün nəbzi
Fərari “general”ın bu sayıqlaması itin aşağıdan yuxarı ulduza baxıb hürməsinə bənzəyir
Azərbaycanda doğulasan, dünyaya ilk qədəmini bu torpağın üstündə atasan, burada azərbaycanlı həmyaşıdlarınla birlikdə əvvəlcə uşaq bağçasında, sonra orta məktəbdə təlim-tərbiyə alasan, daha sonra bu məmləkətdəki ali təhsil müəssisəsində mütəxəssis kimi yetişəsən, gələcək karyeranı müəyyənləşdirəsən, azərbaycanlılardan həmişə qayğı, hörmət-izzət, yaxşılıq, xeyirxahlıq görəsən, amma elə ilk fürsətdəcə bir zamanlar havasını udduğun, çörəyini yeyib suyunu içdiyin, sayəsində ali məqama yetişdiyin ölkəyə, xalqa bu dərəcədə asi düşüb bütöv bir millətə qarşı illər boyu içində böğub saxladığın nifrət, kin-küdurət çirkabını ən vəhşi üsullarla vulkan kimi püskürəsən. Təbii ki, buna nəinki inanmaq, hətta belə bir xəyanəti təsəvvürə gətirmək mümkün deyil. Onu da təsəvvürə gətirmək mümkün deyil ki, həmin üzdəniraq Azərbaycan vətəndaşında onu qoynunda böyüdüb pərvazlandıran ölkəyə, xalqa bu dərəcədə patoloji nifrət, bu dərəcədə kin-küdurət, bu dərəcədə düşmənçilik hissi haradan qaynaqlanır? Amma görəndə ki, bu nankorluğun, xəyanətin müəllifi, necə deyərlər, su içdiyi qaba tüpürmək kimi antibəşəri keyfiyyətlərin daşıyıcısı olan ermənidir, yuxarıdakı sualın cavabı özü-özünə aydınlaşır.
Söhbət, əlbəttə, Birinci Qarabağ savaşında dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliyi, qəddarlığı, amansızlığı, qaniçənliyi ilə ad çıxarmış quldur dəstəsinin başçısı, Xocalı soyqırımının təşkilatçılarından və icraçılarından biri, kriminal strukturların dəstəyi ilə Ermənistanın müdafiə naziri vəzifəsinədək yüksələn, bu ali məqama yetişmək üçün hətta öz həmcinslərinə qarşı bütün iyrənc vasitələrə - yalana, iftiraya, şantaja, əxlaqsızlığa əl atmaqdan belə çəkinməyən, hazırda isə Ermənistan parlamentinin deputatı olan Seyran Ohanyandan gedir. O Seyran Ohanyandan ki, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda, daha dəqiq desək, Şuşada dünyaya gəlib, burada boya-başa çatıb, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Bu məqamda bir zəruri haşiyə çıxmağa ehtiyac yaranır. Seyran Ohanyan Bakı Ali Ümumqoşun Məktəbini bitirib Sovet ordusunda xidmətə başlayanda özünü hansısa dolayı yollarla o zaman Şəmkirdə dislokasiya olunmuş 366-cı motoatıcı alayın tərkibinə pərçimləyib. Halbuki, həmin dövrün qanunlarına görə, hərbi məktəbin məzunları doğulub boya-başa çatdıqları müttəfiq respublikanın ərazisində xidmət edə bilməzdilər. Ancaq çoxsaylı faktlar və rəqəmlər sübut edir ki, bu hal erməni əsilli zabitlər üçün istisna idi. Xüsusilə maraqlıdır ki, Kremlin “xeyir-duası” ilə Qarabağ avantürasının başlanmasına 2 il qalmış, yəni, 1985-ci ildə tərkibində Seyran Ohanyanın və daha 48 nəfər erməni zabitinin yüksək vəzifə daşıdığı 366-cı alayın dislokasiya yeri müəmmalı şəkildə dəyişdirilərək Xankəndiyə köçürülür. Halbuki, bu ana qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində, o cümlədən Xankəndidə heç bir böyük hərbi hissə olmamışdı. SSRİ rəhbərliyi tərəfindən heç bir əsas gətirilmədən nəhəng hərbi alayın niyə məhz 1985-ci ildə-Ermənistanın ölkəmizə hərbi təcavüzü ərəfəsində Qarabağda yerləşdirilməsinin, Azərbaycanın ozamankı maymaq başçılarının isə Kremlin bu məkrli addımını susqunluqla qarşılamasının əsl səbəbi 1988-ci il fevralın 13-də Xankəndidə hayların “miatsum” bağırtılarının əcaib sədaları altında start götürən itaətsizlik mitinqləri zamanı məlum oldu.
…Nə isə, gələk mətləb üstünə. Yəni, yazının sərlövhəsinə çıxardığımız “Düşmən zərbəmizin gücünü bir daha görəcəyinə şübhə etməsin” ultimatumunun tarixçəsinə. Bəli, həmin bu fərari (Ohanyanın erməni cəmiyyəti arasında günü bu gün də “şərəflə” daşımaqda olduğu “fərari” damğasına bir qədər sonra aydınlıq gətirəcəyik) “general- polkovnik” yanvarın 28-də Ermənistan ordusunun (oxu: quldur dəstələrinin) yaranmasının 33-cü ildönümü ilə bağlı özünün “Facebook” səhifəsindəki sayıqlamasında erməni quldur birləşmələrinin tərifini mənsub olduğu vandal toplumun xislətinə uyğun olaraq, necə deyərlər, göyün 7-ci qatına qaldırıb: “Siz erməni xalqı üçün dəhşətli və ağır şəraitdə yaşadınız. Siz müstəqilliyimiz uğrunda mübarizədə Ermənistan-Artsax-Diaspor üçlüyü sayəsində qalib gəldiniz. Xalqla ordunun birləşdiyi yerdə biz yenilməz olduq. Siz döyüş qabiliyyətinizi, regionda rəqabətədavamlı olduğunuzu dəfələrlə sübut etmisiniz və qarşınıza qoyulan döyüş tapşırıqlarını həmişə şərəflə yerinə yetirmisiniz. Ancaq dağıdıcı rəhbərlik tərəfindən tək qaldığınız zaman çox ağır əziyyətlər çəkdiniz. Fədakar komandirləriniz və əsgərləriniz sayəsində heç bir günahınız olmadan tamamilə tək qaldığınız və düşmənlərin əhatəsində qaldığınız bir şəraitdə də şərəfli döyüşünüzü apardınız. Bu gün keçdiyiniz əsl qəhrəmanlıq və şərəfli yolu nə qədər aldatmağa, aşağılamağa çalışsalar da, gələcəkdə sizin üçün nə qədər çətin olsa da, əminəm ki, siz xalqla birlikdə yenidən ayağa qalxacaqsınız. Vətənimizi qorumaq kimi döyüş tapşırığını yerinə yetirməyə hazırıq. Düşmən zərbəmizin gücünü bir daha görəcəyinə şübhə etməsin…”
Bax, bu məqamda Azərbaycanın məşhur “Ac toyuq yuxusunda darı görər” el məsəlini xatırlamamaq olmur. Ümumiyyətlə, bu nankor sərsərinin ordu adlandırdığı quldur dəstələrinə xitabən yazdığı uzun-uzadı, əttökən “erməni budaq cümlələri”ndən anlaşılan odur ki, sizlər hamınız- “fədakar komandirləriniz, igid əsgərləriniz” Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də misilsiz qəhrəmanlıqlar göstərərək “qarşıya qoyulan döyüş tapşırığını şərəflə yerinə yetirmisiniz.” Ancaq dağıdıcı rəhbərlik (oxu: Nikol Paşinyan) sizi tək qoyduğuna görə dabanınıza tüpürüb döyüş meydanından qaçmağa məcbur oldunuz. Fərari “general”ın sonsuz nastolji hisslərlə xatırladığı Birinci Qarabağ müharibəsinə geniş toxunmayacağıq. Ən azı o səbəbdən ki, Ermənistanın həmin savaşda qələbəni keçmiş ağası Rusiyanın hərtərəfli dəstəyi ilə qazandığını bütün dünya ictimaiyyəti yaxşı bilir. Buna bir daha əmin olmaq üçün təkcə 1992-ci il fevralın 26-na keçən gecə 2-ci motoatıcı batalyonun komandiri, mayor Seyran Ohanyanın rəhbərliyi ilə Rusiya ordusunun 366-cı alayının Xocalıda dinc insanlara qarşı misli görünməmiş qəddarlıqla həyata keçirdiyi soyqırımı aktını yada salmaq kifayətdir.
Fərari “general”ın (general sözünü ona görə dırnaq içində yazırıq ki, quldurbaşı Ohanyan bu dəhşətli soyqırımı aktından sonra adi mayordan general rütbəsinə yüksəldi, əvvəlcə qondarma “Dağlıq Qarabağ respublikası”nın, daha sonra isə Ermənistanın müdafiə naziri postuna yiyələndi) yenilməz ordu adlandırdığı silahlı quldur dəstələrinin İkinci Qarabağ müharibəsindəki “sücaətinə” gəlincə… vallah, billah bu qiymətləndirməyə, necə deyərlər, bişmiş toyuğun da gülməyi gələr. Belə məlum olur ki, Azərbaycanın şanlı Zəfəri, Ermənistanın biabırçı kapitulyasiyası daltoniya xəstəliyindən əziyyət çəkən Xocalı qatilinin gözünə günü bu gün də başqa rəngdə görünməkdədir. Əgər belə olmasaydı bu bicbala 44 günlük müharibə zamanı hətta işğalçı ölkənin ali dövlət rəhbərliyi tərəfindən etiraf olunan 11 mindən çox fərarinin mövcudluğu, “əfsanəvi Ohanyan səddi”nin rəşadətli Azərbaycan Ordusunun elə ilk həmləsi ilə darmadağın edilməsi faktlarını gözardı edib Ermənistan silahlı quldur birləşmələrinə xitabən “siz regionda rəqabətədavamlı olduğunuzu dəfələrlə sübut etmisiniz” kimi çərənləmələrə baş vurmazdı. Biz hələ İkinci Qarabağ müharibəsinin gedişi zamanı işğal altındakı Şuşanın hərbi komendantı təyin olunan fərari “general”ın bu tarixi şəhərimizin rəşadətli Azərbaycan Orsusu tərəfindən fəthindən 2 gün əvvəl-noyabrın 6-da oğlu ilə birlikdə “ağır yaralanmaq” bəhanəsi ilə dabanına tüpürüb səsdən iti sürətlə İrəvana qaçıb canını qurtarmasını demirik.
…Ötən əsrin 60-cı illərinin əvvəllərində ABŞ-a rəsmi səfər edən ilk Sovet rəhbəri Nikita Xruşşovun Vaşinqtonda keçirdiyi mətbuat konfransı zamanı bütün dünyanı şoka salan qeyri-adı bir hadisə baş verir. Amerikalı jurnalist Xruşşova o vaxtlar SSRİ-də dəbdə olan kommunizm quruculuğu haqqında sual ünvanlayır. Sovet dövlətinin başçısı cavabında bütün dünyanın cəfəng utopiya kimi dəyərləndirdiyi kommunizmi bəlağətli sözlərlə vəsf etməyə başlayır. Deyir ki, Sovet xalqının indiki nəsli kommunizmdə yaşayacaq. İnsanlar süd gölündə üzəcəklər. Kommunizm cəmiyyəti qurulduqdan sonra biz nəinki ABŞ-a çatacaq, hətta onu ötüb keçəcəyik. Daha nələr, nələr… Nikita Xruşşovun alovlu nitqinə diqqətlə qulaq asan jurnalist qayıdır ki, bağışlayın, sizin bu dedikləriniz itin aşağıdan yuxarı ulduza baxıb hürməsinə bənzəyir…
Bu epizodu elə-belə, fərari “general” Seyran Ohanyanın məlum “Facebook” paylaşımında altını dönə-dönə cızdığı “Düşmən zərbəmizin gücünü bir daha görəcəyinə şübhə etməsin” sayıqlamasını oxuyarkən xatırladıq. Belə qənaətə gəldik ki, amerikalı jurnalistin təqribən 60 il öncə SSRİ rəhbərinə dediklərini bu gün tərəddüd etmədən eynilə fərari “general” Seyran Ohanyana və “kapitulyant” Hayastandakı xam xəyallı bütün revanşistlərə ünvanlamaq olar. Amma təbii ki, “bağışlayın”sız və “sizin”siz…