Özbək xalqını təhqir edən video Moskva və Daşkənd münasibətlərinə nifaq salmaq üçün uydurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “Dunyo” xəbər agentliyinə müsahibəsində danışıb.
Nazirlik rəsmisi bildirib ki, “YouTube”da özbək xalqını təhqir edən sözügedən video aşkarlanan kimi dərhal diplomatik kanallar vasitəsilə Rusiya tərəfi ilə əlaqə saxlanılıb: “Araşdırmalar nəticəsində məlum olub ki, bu material təxribat xarakterli olub və xalqlarımız arasında münasibətlərə nifaq salmağa çalışan dağıdıcı qüvvələr tərəfindən uydurulub. Rusiya tərəfinin verdiyi məlumata görə, videoda adı çəkilən şəxs Rusiya Federasiyasının vətəndaşı deyil”.
TASS-ın məlumatına görə, Fevralın 1-də Rusiya FSB-si sözügedən videonun müəllifininin Ukrayna vətəndaşı olduğu müəyyən edib. FSB videonun Litva xüsusi xidmət orqanlarının nəzarətində olan “YouTube” kanalında yerləşdirildiyini vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər qeyd edib ki, Rusiyanın MDB-dəki tərəfdaşlarının xalqları ilə dostluğu yüz illər əvvələ gedib çıxır və onu video saxtakarlığı və ya xaricdən pullu təxribatlarla pozmaq olmaz.
Məhərrəm Ağalaroğlu, “İki sahil”