04 fevral 2025 02:58
196

Belçika Krallığı ermənilərə vəkillik edir

Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurub. Təəssüf ki, həmin sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır. Belə ki, koalisiya sazişində “Dağlıq qarabağ” kimi absurd ifadələrdən istifadə etməklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Halbuki, Azərbaycan 30 illik münaqişəyə son qoyub, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bununla da “Dağlıq qarabağ” münaqişəsi, “Dağlıq qarabağ xalqı”, həmçinin “Dağlıq qarabağ” məfhumu tarixə qovuşub. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır: “Faktiki olaraq biz bu gün ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı, dağlı Azərbaycanın ayrılmaz hissəsidir.” 

Bundan əlavə, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi də qaldırılır. Lakin 1987-1991-ci illərdə Qərbi Azərbaycanda, indiki Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlının tarixi yurd-yuvalarından zorla qovulması, həmçinin onların qayıdış hüququ barədə bir kəlmə də olsun bəhs edilmir. Halbuki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bu köçürülmə regionun ən böyük humanitar fəlakətlərindən biri olub. Ümumiyyətlə, haylar 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə də soydaşlarımızı soyqırımı ilə müşayiət olunan deportasiyalara məruz qoyublar. Haylar azərbaycanlıları yurdlarından didərgin salmaqla kifayətlənməyiblər, həm də onların bir etnos kimi izlərini o torpaqlardan silməyə cəhd ediblər. Elə bu məqsədlə də azərbaycanlıların qəbiristanlıqlarını, dini ocaqlarını, mədəni və tarixi abidələrini dağıdıblar. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.  Şübhəsiz, öz ərazisində yaşayan digər millətləri də sıxışdırıb çıxaran haylar yalnız ermənilərdən ibarət Ermənistan qurmaq üçün dövlət səviyyəsində belə bir etnik təmizləmə aparıblar. Yəqin, bütün bunları Belçika Krallığının rəsmiləri bilməmiş deyillər. Elə isə bəs bu hədyanlar nədir? Bunu heç unutqanlıq da hesab etmək olmaz. Şübhəsiz, bu, Belçika Krallığı tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir. Ayrı-seçkilik, ermənipərəstlik isə əksər Avropa dövlətlərinin, o cümlədən Belçikanın, əgər belə demək mümkünsə, əyinlərinə biçilib.

Koalisiya sazişində əksini tapmış bu kimi anti-Azərbaycan fikirlər erməni diasporunun, həmçinin Qərbin bəzi dövlətlərinin ötürdükləri dezinformasiyaların nəticəsidir. Bu kimi məsələlərdə Belçika Krallığının anti-Azərbaycan siyasəti ilə öndə gedən, Ermənistanı silahlandırmaqda davam edən Fransanın təsirinə düşməsi açıq-aydın görünür. Bu mənada demək olar ki, Belçika Krallığı da Azərbaycanın artan nüfuzunu həzm edə bilməyənlərin siyahısındadır.

Yeri gəlmişkən, Belçika Krallığının Azərbaycan həqiqətlərini təhrif etməsi ilk dəfə deyil.  Belə ki, Belçika parlamentində son 3 ildə Azərbay­canla bağlı 5 birtərəfli və qərəzli qətnamə qəbul edilib. Halbuki, rəsmi Bakı həmişə bütün dünya dövlətləri, o cümlədən də Belçika Krallığı ilə beynəlxalq hüquq prinsipləri əsasında xoş münasibətlər qurmaq niyyətini bəyan edib. Hətta Prezident İlham Əliyev ötən ilin oktyabr ayının 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən ikitərəfli münasibətlərimizin inkişaf edəcəyi əminliklə vurğulanmışdı. Məlumat üçün bildirək ki, Belçika Krallığı 1991-ci il 31 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 1992-ci il iyun ayının 17-də Belçika ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub. 1995-ci il aprel ayında Azərbaycanın Belçikada, 1 noyabr 2007-ci il tarixdə isə Belçikanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Bir məsələni də vurğulayaq ki, dünyaya ideal ölkə kimi sırınan Belçika Krallığı XX əsrin ortalarına qədər müstəmləkəçilik siyasətini davam etdirib. Bu dövlət Afrika və Asiyada ələ keçirdiyi ərazilərdə, xüsusilə Konqo Demokratik Respublikasında, Ruanda və Burundidə elə silinməz izlər buraxıb ki, yerli xalqlar indi də onun acısını yaşayırlar. Təkcə bir faktı xatırladaq ki, bəşər tarixinin ən qanlı soyqırımı - 1994-cü ildə Ruandada baş verib ki, bu qətliam nəticəsində 1 milyona yaxın insan qətlə yetirilib. Həmin dəhşətli olayda Belçikanın da məsuliyyəti var. Bu ölkə hazırda da neokolonializm formasında keçmiş müstəmləkələrində siyasi və iqtisadi təsirlərini davam etdirməyə çalışır.

Bütün bunları analiz edəndə aydın olur ki, Belçika Krallığı da regionumuzda sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərir.  Başqa sözlə desək, regiondakı sabitliyi pozmağa cəhdi edir. Digər tərəfdən, bu kimi fikirlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid deməkdir və qəbuledilməzdir. Qərbi Azərbaycan İcmasının bu məsələ ilə bağlı bəyanatında deyildiyi kimi, Belçika siyasi partiyalarının ölkələrinə aidiyyəti olmayan bu kimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalq hüquqa zidd yanaşma sərgiləmək əvəzinə Belçikanın xroniki böhran içərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgün olardı. Bu mənada belə bir ölkənin Azərbaycana dərs keçməsi olduqca absurddur.

Qvami Məhəbbətoğlu, “İki sahil”