04 fevral 2025 00:58
83

Sülh əleyhinə silahlanma

İrəvanın sərgilədiyi ritorika, xüsusilə hərbiləşmə meyilləri regionda vəziyyəti daha da gərginləşdirir

Son zamanlar Ermənistanın sürətlə silahlandırılması prosesi gedir. Həmçinin işğalçı ölkənin Müdafiə Nazirliyinin hərbi-texniki əməkdaşlıqla bağlı müqavilələrinin coğrafiyası getdikcə genişlənir. Bu sırada Fransa, Yunanıstan, Cənubi Koreya, Yaponiya, Hindistan və hətta ABŞ da yer alır. Müharibədə məğlub olmuş ölkənin silahlandırılması müəyyən planlardan xəbər verir. Məqsəd Ermənistan vasitəsilə bölgədə Qərbin maraqlarını təmin etməkdir. Hayların havadarı olan dövlətlər bu yolla Ermənistanı öz təsir dairələrinə salırlar. Bu da təbiidir, çünki Ermənistan heç zaman müstəqil dövlət olmayıb və müstəqil siyasət yürütməyib, regionda marağı olan dövlətlərin buyruq quluna çevrilib. Baş nazir Nikol Paşinyan bir yandan Ermənistanın sülh üçün təşəbbüs göstərdiyini deyir, digər tərəfdən isə ölkəsinin müxtəlif dövlətlərdən silah alması ilə bağlı faktlar üzə çıxır. Sülh müqaviləsinin imzalanmasını hər bəhanə ilə uzadan Paşinyan dünyaya özünü və hökumətini konstruktiv, sülhpərvər və pozitiv göstərməyə çalışır. Əslində isə onun hərəkətləri siyasi artislikdən başqa bir şey deyil. Əks təqdirdə Ermənistan niyə sürətlə silahlanmağa can atsın ki...

Hələ ötən il Azərbaycan mətbuatı silahlanmya dair konkret və dəqiq faktları ortaya çıxarmışdı. Silahlanma ilə bağlı Ermənistanın Hindistan və Cənubi Koreya ilə hansı danışıqları apardığı məlumdur. Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy "SputnikARM"a bildirmişdi ki, İrəvan Hindistanın 155 mm kalibrli ATAGS silah dayaqlarının yeni təchizatında maraqlıdır. Ekspert qeyd etmişdi ki, Ermənistan, həmçinin təxminən 250 milyon dollar dəyərində "Pinaka" raket buraxılış qurğularının alınmasını nəzərdən keçirir. Ötən ilin sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirmişdi. Ondan iki gün sonra isə ölkənin müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə getmişdi.

Seuldakı danışıqlardan sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunmuşdu. Xüsusilə tankların alınması imkanları nəzərdən keçirilmişdi. Söhbət K1 və K2 Qara Pantera tankından, digər silah növlərindən gedirdi. Amma məsələ təkcə Cənubi Koreya ilə məhdudlaşmırdı. Ermənistanın silah almaq istədiyi ölkələr sırasında Yaponiya da var. Silahların alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti bu ölkəyə getmişdi. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilmişdi.

Baş nazir Nikol Paşinyan beynəlxalq kürsülərdə pozitiv və sülhpərvər arzuları ifadə edir, reallıqda isə yeni eskalasiyaya hazırlaşan, hər vəchlə sülhdən yayınan Ermənistan hökumətini görürük. Bunu yaxın günlərdə mətbuata müsahibə verən erməni əsilli sabiq deputat Garo Paylanın da dedikləri sübut edir. Erməni siyasətçinin çıxışından bəzi məqamlara nəzər salaq: “İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-nin köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq”. Əgər erməni əsilli bir siyasətçi bu fikirləri açıq şəkildə dilə gətirirsə, deməli, Ermənistan hökumətinin düşündüyü, lakin dilə gətirməyə risk etmədiyi müharibə, hücum niyyəti var. Sabiq Prezident Baydenin dönəmində ABŞ-ın bütün siyasi emissarlarının İrəvana axışması, işğalçı ölkəyə dəstək vermələri, separatçıların yanında olduqlarını hər addımda göstərmələri nahaq deyildi. ABŞ, Avropa İttifaqı və Ermənistan arasında ötən ilin aprelin 5-də Brüsseldə imzalanan 20 maddəlik sənədin bəzi məqamlarında deyilir ki, Ştatlar İrəvana Strateji Müdafiə İcmalının aparılması və bu ölkə üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, sərhəd nəzarəti və təhlükəsizliyini gücləndirmək üçün lazımi yardım göstərəcək, xüsusilə İranla sərhədə diqqət yetirəcək. ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək. Göründüyü kimi, Qərb Ermənistanı silahlandırır və müharibəyə şirnikləndirir.

Ermənistan cəmiyyəti tarixdən dərs çıxarmaq əvəzinə ABŞ və Fransanın çaldığı musiqiyə oynamağa davam edir. Lakin Paşinyan hökuməti unutmamalıdır ki, dəmir yumruq yerindədir.

Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezident İlham Əliyev bildirib: "…Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq".”

Sevinc Azadi, “İki sahil”