197 il əvvəl, fevralın 10-da imzalanan bu müqavilə Rusiyaya işğal etdiyi yeni ərazilərə Türkiyə və İrandan ermənilərin kütləvi şəkildə köçürməyinə imkan vermiş və nəticədə Ermənistan adlı dövlətin yaradılması prosesinə başlanılmışdır
Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses güclənmişdir. Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır.
Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər rus-İran müharibəsi ilə başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur Gülüstan müqaviləsi imzalanır. Bu müqavilə çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir. 1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv olunur, 1827-ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal edə-edə Təbrizə girir və şəhər rusların əlinə keçir. 1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbilə girirlər. Rusiya Dərbəndi özünə birləşdirir, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verir. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti yaradıldı.
1828-ci il fevralın 10-da İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalanır. Bununla da Azərbaycanın işğalı başa çatır. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verilir. Müqavilənin bağlanması münastibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün "xoş xəbər"i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi. Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-parça edir. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edilir. Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub olmuşdu. Qeyd edək ki, 1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv. km olub. Türkmənçay müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv. km. ərazisi İrana, 130 min kv.km. ərzisi isə Rusiyaya qatılıb. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu.
Bəs Azərbaycan xalqının tarixində Türkmənçay müqaviləsi hansı ağır nəticələrə gətirib çıxardı? Bu müqavilədən sonra Qafqazın geosiyasi vəziyyətini necə dəyişdi? Əvvəlcə qeyd edək ki, bu müqavilə nəticəsində Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsi onun tarixi-coğrafi sərhədlərinin kiçildilməsi ilə nəticələndi. İşğalçı imperiyaların qeyri-qanuni olaraq tarixi torpaqlarımızı öz aralarında bölüşdürmələri, əslində, beynəlxalq hüququn pozulması demək idi. Azərbaycan tarixində Gülüstan müqaviləsindən sonra ən ağır şərtli müqavilə olan Türkmənçay müqaviləsinin iki mühüm faciəli nəticəsi oldu. Bunlardan birincisi Azərbaycanın tarixi torpaqlarının iki hissəyə - Şimali və Cənubi Azərbaycana bölünməsi, ikincisi isə çar Rusiyası tərəfindən Azərbaycan türkünün əzəli yurd yerləri olan torpaqlara ermənilərin köçürülməsi. Ermənilər 1978-ci ildə Ağdərədə “Marağa-150” sözləri yazılmış park saldılar. Bu parkın adı onların özləri tərəfindən Qarabağa 150 il əvvəl, yəni 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra köçürüldüklərini etiraf etmələrini sübut edirdi. 1988-ci ildə isə ermənilər tarixi həqiqəti ört-basdır etmək üçün bu parkın girişindəki sözləri pozaraq parkı dağıtdılar. Türkmənçay müqaviləsi açıq-aşkar göstərir ki, ermənilər bu regionun yerli əhalisi olmamışlar. Ona görə də rəsmi İrəvan və bəzi ermənipərəst siyasi dairələr Türkmənçay müqaviləsinin əslinin itdiyini bildirir, bununla da beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güdürlər.
Müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana Konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə olmayan və heç bir hüquqi məsuliyyəti əks etdirməyən müqavilələrdir. Etibarlı tarixi mənbələr və qədim xəritələr də bir daha təsdiq edir ki, Araz çayının şimalında da, cənubunda da yaşayan Azərbaycan xalqı öz tarixi torpaqlarında min illər boyu vahid, qüdrətli dövlətçilik ənənəsinə malik olub. 197 il bundan əvvəl Türkmənçay müqaviləsini imzalayan çar Rusiyası və Qacarlar dövləti bir əsr bundan əvvəl süqut edib. Nə 1917-ci ilin oktyabrında V.İ.Leninin çevriliş yolu ilə qurduğu bolşevik Rusiyası, nə də 1991-ci ilin dekabrında yaranmış müasir Rusiya Federasiyası çar Rusiyasının hüquqi varisi deyil. Hətta V.İ.Lenin sovet Rusiyasını qurduğu zaman özündən əvvəlki çar rejiminin varisi olmadığını, həmçinin çar dövrünə aid bütün öhdəliklərin, borcların, müqavilələrin qüvvədən düşdüyünü elan etdi. Müasir İran İslam Respublikası isə Qacarlar dövlətinin varisi deyil. Digər tərəfdən Türkmənçay müqaviləsinin birinci maddəsində nəzərdə tutulduğu kimi, bu müqavilə yalnız Qacarlar sülaləsinin hakimiyyəti dövründə hüquqi qüvvəyə malik idi. Beləliklə, tarixi gerçəkliyi əks etdirən hüquqi sənədlər, eləcə də Türkmənçay müqaviləsinin şərtləri bu müqavilənin ədalətsiz olduğunu, işğalçı imperiya olan çar Rusiyasının diktəsi ilə imzalandığını bir daha təsdiq edir.
Türkmənçay müqaviləsindən sonra tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər qısa müddətdən sonra regionda ilk etnik münaqişələrin əsasını qoydular və Azərbaycan türklərinə qarşı açıq düşmənçilik mövqeyi tutdular. XX əsrin əvvəllərində Qafqaz regionunda ilk soyqırımları da erməni daşnak terror dəstələri Azərbaycan türklərinə qarşı törətdilər. Həmişə öz havadarlarının himayəsinə sığınan bu yadelli etnik ünsür son yüz ildə dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə Azərbaycan türklərini əzəli torpaqlarından deportasiyaya məruz qoymuş, soyqırımları törətmiş, tarixi-mədəni abidələrimizi məhv etmişlər.
Sevinc Azadi, “İki sahil”