Bu gün Amerika Birləşmiş Ştatlarında, eləcə də dünyada ən çox müzakirə olunan məsələlərdən biri USAID-in fəaliyyətidir. Çünki bu təşkilat uzun illər nəinki Amerika Birləşmiş Ştatlarında, eləcə də dünyanın əksər ölkələrində fəaliyyət göstərib və öz fəaliyyəti ilə nifrət doğurucu əməllərə imza atıb. Yayılan məlumatlar göstərir ki, bu təşkilatın xarici ölkələrdə yüzlərlə media bazası, minlərlə jurnalisti, mətbuat işçisi, eləcə də yüzlərlər QHT-ləri mövcuddur. Bu fəaliyyətə nəzər salsaq görərik ki, əslində ölkələrdə kənd təsərrüfatının inkişafı ilə insanların sosial vəziyyətinə, imkansızlara kömək məqsədilə pərdələnən bu təşkilat tamamilə başqa fəaliyyətlə məşğul olub. Ara qarışdırmaq, insanları bir-birinə qarşı qoymaq, müharibələr törətmək və ölkələrdə "rəngli inqilablar" təşkil etmək bu təşkilatın işinin əsas hissəsi olub.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.
Deputat bildirdi ki, ABŞ-ın bu gün USAİD-in ləğv olunması barəsində düşünməsi bizi sevindirir. UŞAID hər zaman Ermənistana dəstək verib, bu ölkəyə milyonlarla vəsait ayırıb. Soros fondu ilə birlikdə ayrılan vəsaitlər onların silahlandırılmasına, Azərbaycana qarşı böhtan kampaniyasının həyata keçirilməsinə yönəldilib. Bu gün məlum olur ki, onların nəzarətində yüzlərlə media orqanı, jurnalist olub. Deməli, Azərbaycana qarşı xaricidən yönəldilən təxribatlar, böhtan kampaniyaları da məhz bu təşkilatın vasitəsilə həyata keçirilib. Soros fondunun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan uzun müddət bu casus şəbəkəsindən bəhrələnib və onlara arxayın olub. USAİD Ermənistanda Paşinyanı dəstəkləyib.
Tahir Rzayev qeyd etdi ki, Bu təşkilat hər zaman Azərbaycana qarşı qərəzli olub, bəzi yerli nankorlardan, radikal müxalifətdən istifadə etməklə ölkəmizin əleyhinə təbliğat aparıb. Yalan məlumatları özünün nəzarətində olan mətbuat orqanları vasitəsilə xarici ölkələrdə yayıb. USAİD dünyada sülhə, azadlığa əmin-amanlığa, insanların xoşbəxtliyinə xidmət etməyib. Milyonlarla vəsait yalan yerə xərclənib və araşdırmalar göstərir ki, burada çox ciddi saxtakarlıqlara, oğurluqlara, dövlət vəsaitinin mənimsənilməsinə yol verilib. Ayrılan vəsaitlər ölkələrin daxili işlərinə müdaxilə olunmasına, insanların bədbəxtliyinə, müharibələrə xərclənib.
Tramp administrasiyası bu casus şəbəkəsini rüsvay etdi, onun eybəcər fəaliyyətini ortaya qoydu. Təsəvvür edin ki, bu təşkilat qonşu Gürcüstanda baş verən hadisələrdə baş rolda olub. Milyonlarla vəsait ayırıb ki, insanlar küçələrə çıxsınlar, dövlət çevrilişi həyata keçirilsin. Ona görə də USAID-in ləğv olunması bəşəriyyət üçün də xeyirli olacaq.
Səbinə Kazımova, “İki sahil”