Yüzdən çox ölkədə qeyri-hökumət təşkilatlarına və müxtəlif layihələrə maliyyə vəsaiti ayıran ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Qərbi Balkan regionu ölkələrində də “çoxşaxəli fəaliyyət” göstərib. Agentliyin təkcə 2020-2024-cü illərdə region ölkələrində 1,7 milyard dollar xərclədiyi bildirilir.
“İki sahil” xəbər verir ki, USAID qeyd olunan illərdə Serbiyada 209 milyon dollar, Bosniya və Herseqovinada 402 milyon dollar, Şimali Makedoniyada 290 milyon dollar, Monteneqroda 77 milyon dollar, Albaniyada 189 milyon dollar və Kosovoda 537 milyon dollar xərcləyib.
ABŞ rəhbərliyi ötən dövrdə USAID və Demokratiya üçün Milli Fondun (NED) xətti ilə Serbiyadakı müxtəlif qeyri-hökumət təşkilatlarını maliyyələşdirib, bir çox qurumlara və layihələrə donor olub. USAID Serbiyada iş yerlərində müxtəliflik, bərabərlik və inkluzivlik proqramlarının inkişaf etdirilməsi layihələrinə isə 1,5 milyon dollar sərmayə yatırıb.
Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç deyib ki, USAID tərəfindən maliyyələşdirilən qondarma araşdırma mediası sistemli şəkildə ölkəyə böyük ziyan vurub.
“İndi aydın oldu ki, müstəqil media deyə bir şey yoxdur. Həmin media orqanları və orada işləyən insanlar kifayət qədər asılı idilər. Onlar sadəcə olaraq ABŞ administrasiyasından asılı idilər. Vəziyyəti daha da pisləşdirmək üçün Amerika vətəndaşları tərəfindən seçilən ABŞ administrasiyasına deyil, dərin dövlət adlandırılan administrasiyaya bağlı idilər”, - deyə Ana Brnabiç qeyd edib.
O bildirib ki, ABŞ rəsmiləri belə bir tələb irəli sürərsə, Serbiya USAID-in bu ölkədə xərclədiyi vəsaitlərin təyinatını araşdıracaq.
USAID Bosniya və Herseqovinada da bu cür “layihələri” maliyyələşdirib. Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik deyib ki, USAID Bosniya və Herseqovinada sabitliyi pozmağa çalışıb, media və qeyri-hökumət təşkilatlarını maliyyələşdirilməsinə 402 milyon dollar xərcləyib. O, 40 min nəfərin USAID-dən maliyyə vəsaiti alması barədə məlumatı olduğunu bildirib, serb səlahiyyətli qurumlarının agentliyin kimi və necə maliyyələşdiyini araşdıracağını vurğulayıb.
“USAID uydurma bədxassəli təsirlə mübarizə adı altında ABŞ-ın hazırkı Prezidenti Donald Trampa qarşı mübarizəni maliyyələşdirmək üçün Amerika xalqının pulundan istifadə edib. Onlar özlərini sülh və insan haqları uğrunda döyüşçü kimi təqdim etsələr də, əslində amerikalı vergi ödəyicilərinin pullarını soyurdular və mədəniyyətimizi, inancımızı və ənənəmizi alçaltmağa cəhd edən təbliğata sərmayə qoyurdular”, - deyə Milorad Dodik əlavə edib.
Slovakiyanın Baş naziri Robert Fitso isə bəyan edib ki, hökumət ABŞ-dan USAID-in bu ölkədə qeyri-hökumət təşkilatlarına və media orqanlarına ayırdığı qrantlar barədə məlumat almaq istəyir.
“Danılmazdır ki, USAID-in vəsaitləri Slovakiyada siyasi məqsədlər - siyasi sistemi pozmaq və müəyyən siyasi partiyalara üstünlük vermək üçün istifadə edilib”, - Robert Fiko bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də USAID-in maliyyələşdirilməsini dayandırıb. 1961-ci ildə yaradılan USAID ABŞ hökumətinin əsas beynəlxalq humanitar və inkişaf “qolu” rolunu oynayıb. Agentlik 120-dək ölkədə humanitar, səhiyyə və digər proqramlara nəzarət edib. Agentlik təkcə 2023-cü ildə ümumi ayırmalarla 40 milyard dollardan çox vəsaiti idarə edib. USAID-də 10 mindən çox işçi çalışıb ki, onların da üçdə ikisi xaricdədir.