"Mən ABŞ Prezidenti Donald Trampla görüşməyi və Hindistan-ABŞ Hərtərəfli Qlobal Strateji Tərəfdaşlığı inkişaf etdirməyi səbirsizliklə gözləyirəm".
“İki sahil” xəbər verir ki, bu Hindistanın baş naziri Narendra Modi ABŞ-a səfəri ilə bağlı “X”də yazıb.
O, Hindistan və ABŞ-ın insanların rifahı və planetimiz üçün daha yaxşı gələcək naminə sıx əməkdaşlıq etməyə davam edəcəklərini bildirib.
Modinin Vaşinqtona səfəri zamanı ilk təmaslarından biri onun ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard ilə görüşü olub. Hindistanın baş naziri onunla "hər zaman qızğın tərəfdarı olduğu Hind-Amerika dostluğunun müxtəlif aspektlərini" müzakirə etdiyini söylədi.
Hindistanın Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, Modinin ABŞ səfəri iki gün davam edəcək. Səfər zamanı o, Trampla həm ikitərəfli formatda, həm də nümayəndə heyəti səviyyəsində danışıqlar aparacaq. Gündəlikdə ticarət, müdafiə, enerji, miqrasiya və texnologiya məsələləri var.
Məhərrəm Ağalaroğlu, “İki sahil”