16 fevral 2025 01:20
196

SANA: Suriya kəşfiyyatı İŞİD liderlərindən birini həbs edib

Suriyanın Baş Kəşfiyyat Xidməti Əbu əl-Haris əl-İraqi ləqəbi ilə tanınan İŞİD liderlərindən birini həbs edib.

İki sahil” xəbər verir ki, bu barədə SANA agentliyinə kəşfiyyat xidmətindəki mənbələr məlumat verib.

Bildirilib ki, əl-İraqi terror aktlarının hazırlanmasına da cavabdeh olub. Bundan əlavə, o, Dəməşqin cənubundakı şiə Seyyidə Zeynəb məscidində Suriyanın yeni hakimiyyət orqanlarının təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan partlayışın təşkilatçılarından biri olub.

Xatırladaq ki, yanvarın 11-də Suriya təhlükəsizlik qüvvələri şiə məscidində terror aktı planlaşdırmaqda iştirak edən İŞİD üzvlərinin həbsi ilə nəticələnən əməliyyat keçirib. Xüsusi xidmət Suriyadakı bütün dini icmalara qarşı yönəlmiş cinayət əməllərinə qarşı çıxmaq üçün bütün imkanlarından istifadə edəcəyinə əmin edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”