Brüsselin zəifləməsi, Qərbdə baş verənlər Ermənistanda narahatlıqla izlənilir
Eramızdan əvvəl qədim Çində yaşamış filosof Mo-Tszınin «Güc hökmən dinc idarəetməyə gətirib çıxarır, gücün yoxluğu isə hökmən hərc-mərcliyə gətirib çıxarır. Güc hökmən əmin-amanlığa gətirib çıxarır, gücün yoxluğu isə hökmən təhlükəyə gətirib çıxarır» sözləri bugunümüz üçün çox xarakterikdir. Səbəb də bəllidir. Liberal demokratiyanın böhranı, «zorən demokratiya»nın söz sahibi olması ilə həqiqi demokratiyanın kölgədə qalması dünyanın siyasi müstəvisində daha çox hiss olunan reallıqdır. Dünya birliyində baş verənlər, XXI əsrdə dövlətlər arasında kəskinləşən rəqabətlər demokratikləşmə prosesinin qarşısına sədd çəkir. Politoloqların fikrincə, sosial, siyasi, iqtisadi və mədəni sahələrdə dövlətlərin əksəriyyəti tərəfindən ümumi dəyişikliklər kimi anlaşılan qloballaşma prosesləri bəşəriyyətin gələcəyi üçün bir növ sınaqdır. Bu sınaqdan çıxmağa çalışan superdövlətlər belə «tər tökməli» olurlar. Qlobal proseslərdə bir-birinə zidd olan dövlətlərin sərhədlərinin silinməsinə və zəifləməsinə səbəb olan proseslərə obyektiv qanunauyğunluq kimi baxılması münasibətlərə də təsir göstərir.
Bu günlərdə dünyanın 60-dan çox dövlət və hökumət başçısının iştirakı ilə keçirilən Münxen Təhlükəsizlik Konfransında münaqişə bölgələrində, müharibə aparan tərəflər arasında mövcud vəziyyət, gələcək perspektivlər nəzərdən keçirilib. 2025-ci il üçün hazırlanan «Çoxqütblülük» adlı hesabatda müasir dünyanın 33 əsas probleminin həlli yolları müzakirə olunub. Hesabat hazırlanarkən Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya, Braziliya, Fransa, Braziliya, Yaponiya, Kanada, Hindistan, Çin, Cənubi Afrika Respublikasında əhatəli sosioloji sorğular keçirilib. Bu sorğuların nəticəsinə görə, Türkiyə ilə yanaşı, Cənubi Koreya, Polşa və Böyük Britaniya dünyada imici ən çox yaxşılaşan dövlətlər arasında yer alıblar. Hesabat müəllifləri vurğulayıblar ki, son 10 ildə Türkiyənin beynəlxalq təsiri artıb və bununla yanaşı, ona baxış müsbət istiqamətdə dəyişib. Münxen Təhlükəsizlik Konfransı qeyri-rəsmi xarakter daşıdığı üçün qlobal problemlər müzakirə olunsa da ciddi qərarlar qəbul olunmayıb. «Çoxqütblülük» hesabatının analitikləri hesab edirlər ki, ABŞ Prezidenti Donald Trampın konfransa qatılmaması onun Avroatlantik İttifaqının dəyərlərinə bəslədiyi mənfi münasibətin göstəricisidir. Fransa və Almaniya kimi dövlətlər ABŞ-ı Qərb dəyərlərini müdafiə etməməkdə ittiham etdikləri halda özləri demokratiya anlayışından yalnız bu və ya digər dövlətin daxili işlərinə müdaxilə etmək üçün istifadə ediblər. Qərbin bəzi güc mərkəzlərinin Qarabağı işğaldan azad edəndən sonra Azərbaycana qarşı münasibətləri buna bariz nümunədir. Ermənistanda Mülki Müşahidə Missiyasını hələ də saxlayan Avropa İttifaqının (Aİ) başqalarından tələb etdiyi demokratik anlayışlara əməl etməməsi, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri yolverilməzdir.
Azərbaycan ərazisi 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum edildi. Qarabağda evlər, infrastruktur, tarixi abidələr, məzarlıqlar dağıdıldı, insanlar olmazın zülmə məruz qaldı, Xocalı faciəsi törədildi. Bütün bunlara Qərb biganə qalaraq deklorativ xarakter daşıyan bəyanatlarla kifayətləndi. Lakin Azərbaycan iqtisadi islahatlarla, dünya siyasətinə və iqtisadiyyatına inteqrasiya yolunu tutaraq, inkişaf edərək torpaqlarını azad etdiyi vaxt Qərbin yadına «demokratiya» və «insan hüquqları»” düşdü. Ənənəvi olaraq hər il keçirilən Münxen Təhlükəsizlik Konfansı beynəlxalq siyasət sahəsində fikir mübadiləsi üçün geniş platforma kimi tanınmasına baxmayaraq bu «masada» da əsl demokratiya maraqların kölgəsində qaldı.
Münxen Təhlükəsizlik Konfransında baş verənlər, xüsusilə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin «təhlükə Rusiya, Çin və İrandan yox, Avropanın özünün daxildən gəlir» sözləri ilə «qoca qitə»ni tənqid etməsi Avropa İttifaqının mövcudluğunu və gələcək fəaliyyətində güc mərkəzi rolunu sual altına saldı. Belə ki, Qərbdə baş verənlər – ABŞ və Aİ arasındakı ixtilaflar və Brüsselin zəifləməsi Ermənistanda da narahatlıqla izlənilir.
Konfransın gedişində yaddaqalan məqamlardan biri də Ermənistanın baş naziri Nikol Paşinyanın son illərdə daha çox arxalandığı Qərbdən istədiyi dəstəyi almaması oldu. Məsələ ilə bağlı «Hraparak» nəşri yazır ki, Münxendə üç günlük səfəri zamanı Avropa İttifaqına üzvlük xəyalı fiaskoya uğrayan Paşinyan Ermənistana məyus, əliboş qayıdıb: «Paşinyan gözləyirdi ki, Avropa İttifaqı Ermənistanın üzvlüyünü müzakirə edəcək, lakin Münxen konfransı fiaskoya uğradı. Paşinyan isə bunu gizlətmək üçün Aİ üzvlüyünü parlamentdə ikinci oxunuşda qəbul etməmək və Rusiya ilə əlaqələri bərpa etmək xəttini önə çıxarır.» Yəni, Münxendə baş verənlər Ermənistan üçün xoşagəlməz perspektivlər vəd edir. Yəni, bu dəfə ağalarından göstəriş belə almayan Paşinyan dərk etməlidir ki, onun Aİ-də yeri «qapının arxa tərəfindədir.»
«İravunk» qəzeti də hökumətdəki mənbələrə istinadən yazır ki, Paşinyan Münxendə umduğu, gözlədiyi «baş tumarlaması» ilə deyil, layiq olduğu mənzərə ilə qarşılaşıb və ölkəsinə mənfi əhval-ruhiyyə ilə qayıdıb: «Münxenin ümumi ab-havası göstərdi ki, Qərbin Ermənistana dəstəyi əvvəlki kimi deyil. Bu dəstək parçalanıb, üstəlik, son dərəcə aldadıcı tələblər var. Gözlənilir ki, Avropa Nikolu «Zelenski-2»yə çevirərək, taleyin ümidinə buraxacaq. Buna görə yaxın çevrəsi Paşinyana öz siyasətinə, o cümlədən, kadr təyinatına ciddi şəkildə yenidən baxmalı olduğuna eyham vurublar. Misal üçün, Böyük Britaniya kəşfiyyatına bağlı olan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan yaxa qurtarmaqla amerikalıların xoşuna gəlməyə çalışa bilər.»
Ötən ay İsveçrədə keçirilən Davos İqtisadi Forumunda, daha sonra ABŞ-da «nokaut» vəziyyətinə düşən Paşinyan Münxendə oxşar vəziyyətlə rastlaşdı. ABŞ Prezidenti Donald Tramp USAID əleyhinə sərt münasibətini açıqlayan zaman Ermənistanın Birləşmiş Ştatlardakı səfiri bu təşkilatın rəhbərinin şərəfinə ziyafət verib. Çünki Azərbaycana qarşı təxribatların törədilməsində erməni lobbisinin əlində vasitə olan USAID-in ləğvi haylara sərf etmir.
Avropa İttifaqı liderlərinin Parisdə keçirilən fövqəladə sammitində Ukrayna ilə bağlı heç bir qərar qəbul edilməməsi də Ermənistana dərs olmalıdır. Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Parisdə Avropanın aparıcı liderlərinin iştirakı ilə Ukrayna ilə bağlı fövqəladə təhlükəsizlik sammitində də Ukraynanın xeyrinə heç bir tədbir nəzərdə tutulmayıb. Rusiya ilə ABŞ arasında Ukraynada sülhlə bağlı diplomatik danışıqların intensivləşdiyi bir vaxtda Qərbin «Ukraynada sülhün Avropasız əldə edilə bilməyəcəyi» iddiası boşa çıxıb. Maraqlıdır ki, Çexiyanın, Rumıniyanın və Sloveniyanın nümayəndələri Makronun təşkil etdiyi sammitə dəvət edilməyiblər. Paris sammiti göstərdi ki, Avropanın özündə belə ölkələrə bərabər münasibət yoxdur. Belə olan halda Qərbin Ermənistana dəstəyinin simvolik olması qənaəti bir daha təsdiqlənir. Dünyanın siyasi gündəliyinin belə qarışıq olduğu bir məqamda Ermənistanın hələ də mövqeyini ortaya qoymaması, Azərbaycanla sülh sazişinin imzalanması üçün qalmaqallı Avropa İttifaqından təlimat gözləməsi axmaq başın bir daha daşa dəyməsi təsəvvürü yaradır.
Xuraman İsmayılqızı, «İki sahil»