"Türkiyənin uzun müddətdir davam edən bəzi tələblərindən imtina etməsini gözləmək real deyil. Biz yalnız qitə şelfinin delimitasiyası və müstəsna iqtisadi zona ilə bağlı beynəlxalq hüquqa əsaslanan danışıqlara açığıq".
“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, bunu Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis “Ethnikos Kiriks”ə müsahibəsində deyib.
Türkiyənin Egey və Şərqi Aralıq dənizindəki məsələləri əhatəli müzakirə prosesinə çevirdiyini iddia edən XİN başçısı, fikir ayrılıqlarına baxmayaraq iki ölkə arasında dialoqun davam etməsinin lazım olduğunu bildirib.
Rabitə kanallarının açıq saxlanmasının vacibliyinə diqqət çəkən Yunanıstan naziri regionda sabitliyin qorunması üçün diplomatiyanın prioritet olmasının lazım olduğunu deyib.
Ankara ilə əlaqələrdə bəzi sahələrdə irəliləyiş olduğunu bildirən Gerapetritis, xüsusilə hava məkanı mübahisəsi ilə bağlı isti insidentlərin azalmasını, miqrasiya mövzusunda əməkdaşlığın gücləndirilməsini və ticarət həcminin artırılmasını müsbət hal kimi qiymətləndirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”