24 fevral 2025 01:36
90

“The Economist”: ABŞ Ukraynadan dövlət gəlirlərinin 50%-ni tələb edir?

Ukrayna mineral ehtiyatlarla bağlı sazişin ABŞ prezidenti Donald Tramp administrasiyasının təklif etdiyi variantı imzalayacağı təqdirdə ABŞ-a yüz illərlə hərbi yardım üçün təzminat ödəməyə məcbur olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Müqavilənin son layihəsinə əsasən, Ukrayna təbii ehtiyatlar və liman infrastrukturundan əldə edəcəyi gələcək dövlət gəlirlərinin 50%-ni ABŞ hökumətinə məxsus olan yeni investisiya fonduna təhvil verməli olacaq ki, bu fond 500 milyard dollara çatana qədər, dövlət gəlirlərinin indiki artım tempində fondun doldurulması yüzlərlə il çəkəcək. "Əgər biz (müqaviləni) belə imzalasaq, sabah bizi vəzifədən atacaqlar və qəzəbli kütlə bizi linç edəcək", - ukraynalı məmurlardan biri deyib.

Jurnal əlavə edib ki, son təklifin arxasında ABŞ-ın ticarət naziri Hovard Lutnik dayanır. “The Economist”in yazdığına görə, bu variantda razılaşma “kiçik, yoxsul ölkə üçün böyük yük” olacaq, çünki sözügedən məbləğ Ukraynanın ÜDM-dən iki dəfə artıqdır. Nəşr ehtimal edir ki, Kiyev hakimiyyəti ilk təklifi qəbul etməkdən imtina etdikdən sonra Tramp administrasiyası bilərəkdən daha sərt şərtlər qoyub.

Jurnalın qeyd edir ki, Ukrayna hakimiyyəti Vaşinqtonun təklif etdiyi razılaşma variantını tənqid edib. Adı açıqlanmayan ukraynalı rəsminin sözlərinə görə, ABŞ-la sazişin müzakirələri “danışıqları deyil, qəsbkarlığı” xatırladır. Eyni zamanda Kiyev qorxur ki, əgər sənədi imzalamaqdan imtina edərsə, Vaşinqton Ukraynaya hərbi təchizatı kəsə, ölkəni “Starlink” peyk rabitə sistemindən ayıra və ya münaqişəyə son qoymaq üçün Moskva ilə ikitərəfli danışıqları sürətləndirə bilər.

Nəşr qeyd edib ki, Ukrayna rəsmiləri Tramp administrasiyasının yanaşmasına təəccüblənib və onun danışıqlar tərzini daha yaxşı başa düşmək üçün ABŞ prezidenti haqqında sənədli filmlərə baxmağa başlayıblar. Jurnalın həmsöhbətləri sövdələşmə üzrə danışıqların yaxın günlərdə davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”