24 fevral 2025 03:30
79

Olaf Şolts koalisiya danışıqlarında iştirak etməyəcəyini açıqlayıb

Almaniyanın Kansleri, Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts federal seçkilərdə məğlubiyyətdən sonra hökumətin formalaşdırılması üçün koalisiya ilə bağlı danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, o, partiya liderlərinin görüşündə bu barədə bildirib: “Mən yenidən Kansler olmaq üçün namizədliyimi irəli sürürəm, amma gələcək hökumətdə SPD-ni təmsil etməyəcəm və koalisiya danışıqlarında iştirak etmək niyyətim yoxdur”.

Olaf Şolts seçkilərin nəticələrinin SPD üçün çox ağır olduğunu vurğulasa da, namizədliyinin yenidən irəli sürməsinin yanlış olmadığını ifadə edib.

Dörd il əvvəl 25,7 faiz səslə birinci olan partiya yerli vaxtla saat 22:27-ə olan rəqəmlərə görə 16,5 faiz səslə üçüncüdür. Partiyanın aparıcı siyasətçiləri bu ağır məğlubiyyətdən sonra SPD-nin yenidən formalaşdırılacağını açıqlayıblar. SPD-nin nüfuzlu siyasətçilərindən olan müdafiə naziri Boris Pistorius hökumətin formalaşdırılması üçün danışıqlara qatılmaq istədiyini açıqlayıb.

Azad Demokrat Partiyasının (FDP) lideri Xristian Lindner də partiyasının Bundestaqa daxil olmayacağı təqdirdə siyasətdən tamamilə çəkiləcəyini elan edib. FDP Bundestaqda təmsil edilmək üçün tələb olunan 5 faiz səsdən hazırda 0,6 faiz az səs toplaya bilib.

2013-cü ildən FDP-nin sədri olan 46 yaşlı X.Lindner artıq siyasətdən uzaqlaşdığını elan edib. O, seçki günü ARD və ZDF televiziyalarında yayımlanan proqramda FDP-nin Bundestaqa daxil ola bilməyəcəyi təqdirdə siyasətdən çəkiləcəyini bildirmişdi. Partiyanın Bundestaqa daxil olması ehtimalı qalmadığından o, X sosial şəbəkəsindəki səhifəsində siyasətdən uzaqlaşdığını elan edib: “Bundestaq seçkiləri FDP üçün məğlubiyyətlə nəticələndi. Ancaq ümid edirəm ki, bu, Almaniya üçün yeni başlanğıc olacaq. Mən bunun üçün mübarizə apardım. İndi aktiv siyasətdən yalnız bir hislə - intensiv və çətin, yaradıcılıq və müzakirələrlə dolu 25 il üçün dərin minnətdarlıq hissi ilə ayrılıram”.