SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) əcnəbi tələbələrin iştirakı ilə Beynəlxalq Ana Dili və Mədəniyyət Günü tədbiri təşkil edilib.
“İki sahil” xəbər verir ki, tədbirin açılışında BANM rektoru Elmar Qasımov mədəniyyətlərarası əməkdaşlığın təşviqinin və müxtəlif millətlərdən olan tələbələrin təhsilinin dəstəklənməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, hazırda BANM-da təhsil alan əcnəbi tələbələrin sayı 42 nəfərdir.
BANM-a qəbul olunan əcnəbi tələbələr öz hesabına, müxtəlif qrant və maliyyələşmə mənbələri vasitəsi ilə, SOCAR təqaüdü hesabına, Hökumətlərarası Təqaüd Proqramları, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı, sponsor təşkilatların dəstəyi, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş imtahan sistemləri kimi istiqamətlər, həmçinin ikitərəfli tərəfdaşlıq müqavilələri üzrə mübadilə proqramları çərçivəsində qəbul olunurlar.
Onlar Çin, Banqladeş, Konqo, Somali, Özbəkistan, Türkiyə, Rumıniya, Misir, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gəlirlər.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Proqramı çərçivəsində 9, Konqo Milli Neft Şirkəti (SNPC) və SOCAR arasında razılaşma çərçivəsində 8 konqolu tələbə, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasından 3 tələbə və BANM və BMT-nin Təlim və Tədqiqat İnstitutunun birgə layihəsi çərçivəsində 3 Nigeriyalı tələbə təhsil alır.
BANM Azərbaycan təhsil tarixində ilk dəfə olaraq Kimya mühəndisliyi üzrə təhsil proqramını xarici tərəfdaşa – Özbəkistanın Buxara Mühəndislik-Texnoloji Universiteti və Daşkənd Kimya Texnologiyası Universitetinə ikili diplom proqramı çərçivəsində təklif etməyə başlayıb. Artıq hər iki universitetdən 19 tələbə ikili diplom proqramına cəlb edilib və Özbəkistanda təhsilə başlayıb.
Vurğulanıb ki, BANM 2023 və 2024-cü illərdə ardıcıl olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin imzası ilə “Beynəlmiləlləşmə faəliyyəti”nə görə Təşəkkürnamə ilə təltif olunub.
Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare çıxış edərək, Azərbaycanda və xüsusilə Bakı Ali Neft Məktəbində müxtəlif millətlərdən olan tələbələrin bir arada təhsil almalarının akademik uğurlarla yanaşı, mədəniyyətlərarası anlaşmanın inkişafına xidmət etdiyini bildiriblər. BANM-a belə əhəmiyyətli bir tədbiri həyata keçirdikləri üçün təşəkkür edilib və gələcəkdə də bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbir boyunca dünyanın müxtəlif ölkələrindən olan tələbələr milli geyimlərdə iştirak edərək, mədəni müxtəlifliyi əks etdirən təqdimatlar, musiqi ifaları və müxtəlif maraqlı fəaliyyətlər nümayiş etdiriblər. Azərbaycan, Banqladeş, Somali, Çin, Qazaxıstan, Hindistan, Rusiya, Türkiyə, Pakistan, İraq, Yəmən, Sudan və Rumıniya kimi müxtəlif ölkələrdən olan tələbələr bu maraqlı tədbirə qatılıblar.