Azərbaycanda Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə milli çərçivə standartı və ESG-hub adlı elektron platforma hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar və kooperativ sosial məsuliyyət” İşçi Qrupunun ESG standartları üzrə altqrupunun iclasında deyib.
O bildirib ki, qəbul edilmiş ESG standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələri əsasında hazırlanıb və bu sahədə ilk təcrübələrdən biri hesab olunur.
“Beynəlxalq səviyyədə ESG elementlərini əhatə edən müxtəlif hesabatlıq tələbləri və formaları mövcud olsa da, məhz ESG prinsipinə həsr olunmuş ayrıca bir çərçivə sənədi mövcud deyildi”, - deyə O. Məmmədov bildirib.
O, həmçinin ESG-hub platformasının dövlət-özəl sektor tərəfdaşlığının uğurlu nəticəsi olduğunu vurğulayıb: “Bu vahid rəqəmsal platforma ESG prinsiplərinin biznes proseslərinə necə inteqrasiya olunacağı barədə şirkətlərə istiqamət göstərəcək və onları dəstəkləyəcək. Platformanın əsas üstünlüyü odur ki, məhz bizneslərin ehtiyacları nəzərə alınaraq hazırlanıb. Belə ki, 2023-cü ildə KOBİA tərəfindən peşəkar şirkətlərin iştirakı ilə ESG sahəsində geniş sorğu keçirilib. Bizneslər ESG prinsiplərinin tətbiqi üçün daha çox məlumatlandırmaya, əlavə bilik və bacarıqlara, informasiya və insan resurslarına, eləcə də tənzimləyici çərçivəyə ehtiyac duyduqlarını bildiriblər”.
O. Məmmədov əlavə edib ki, “Yaşıl Dünya Naminə Həmrəylik” ili və COP29 tədbirinin keçirildiyi bir dövrdə ESG standartının və rəqəmsal platformanın istifadəyə verilməsi Azərbaycanın "yaşıl inkişaf" siyasətinə mühüm töhfədir: “Konfrans çərçivəsində ESG altqrupunun fəaliyyəti və əldə edilən nəticələr müzakirə olunub. Bu, təxminən üç il əvvəl başlanan təşəbbüsün əhəmiyyətini və vaxtında atılmış bir addım olduğunu bir daha göstərir”.
O bildirib ki, ESG sahəsində görüləcək işlər davam edəcək və 2025-ci il üçün Yol Xəritəsi artıq təsdiq olunaraq icrasına başlanılıb.
“Tədbirlər üç əsas istiqamət üzrə formalaşdırılıb. ESG üzrə milli standart və rəqəmsal platformanın hazırlanması mühüm bir nəticə olduğu kimi, onların effektiv istifadəsi də vacibdir. 2025-ci il üçün Yol Xəritəsində bu iki istiqamət əsas prioritetlərdən biri olacaq. Düzgün planlama, effektiv rol bölgüsü və bütün maraqlı tərəflərin məsuliyyətli yanaşması ilə qarşıya qoyulan hədəflərə nail ola biləcəyik. Eyni zamanda, bu il ESG üzrə potensialın artırılması, təlim və məlumatlandırma tədbirləri də davam etdiriləcək”, – deyə O. Məmmədov vurğulayıb.