28 fevral 2025 02:26
135

Erməni kilsəsi yenə “qan-qan” deyir

Dini-etnik ekstremist mövqe tutaraq həmcinslərini Azərbaycanla müharibəyə çağıran bütün ermənilərin katolikosu II Qaregin iddia edir ki, Hayastan təhlükədədir və  Azərbaycan onu işğal edə bilər

Mütərəqqi dini dəyərlərdə sülh və insanların sivil birgəyaşayış şəraitində yaşamasına böyük əhəmiyyət verilir və onların təmin olunmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. İslam, Xristianlıq, Yəhudilik, Buddizm kimi dünya dinlərinin müqəddəs kitablarında dini dözümlülük və insanpərvərlik təşviq edilir, fərqli dinlərə qarşı düşmənçiliyin yolverilməzliyi göstərilir. Bunun əksinə olaraq, Erməni qriqoryan kilsəsinin katolikosu II Qaregin dini-etnik ekstremist mövqe tutaraq erməniləri Azərbaycanla müharibədə iştirak etməyə çağırır ki, bu da təsadüf deyil. Çünki tarixən erməni katolikoslarının fəaliyyətinin əsasında erməni millətçiliyi (erməniçilik) və müstəsnalığı, eqoizmi, türk-müsəlman əhalisinə qarşı düşmənçilik dayanmışdır ki, II Qaregin də öz sələflərinin bu yolunu davam etdirir. Əgər erməni kilsəsinin yarandığı vaxtdan indiyə kimi göstərdiyi fəaliyyətə nəzər salsaq görərik ki, onun əsas məqsədi dini-etnik münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyaya məruz qoymaq olmuşdur. Erməni kilsəsinin göstərişi ilə törədilmiş terror aktları xüsusi qəddarlığı ilə fərqlənmiş, bunun nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliama və soyqırıma məruz qalmış, yaşayış məskənləri, mədəni və dini abidələr məhv edilmişdir. Hələ erməni dövlətinin mövcud olmadığı dövrdə kilsə erməni icmalarının yalnız dini deyil, həm də siyasi himayəçisi vəzifəsini yerinə yetirirdi. Erməni kilsəsi tarixi şəraitin dəyişməsindən asılı olaraq öz mövqeyini möhkəmləndirmək üçün böyük hiyləgərliklə daim hansısa xarici qüvvəyə sığınırdı.

Ötən illər ərzində Ermənistanı dövlət kimi ayaqda saxlayan qüvvələrdən biri də məhz kilsə olmuşdur. Bir çox hallarda isə kilsənin xalqa təsir gücü dövlətdən böyük idi. Paşinyanın hakimiyyətə gəlişi bu ölkədə cərəyan edən bir çox məsələlərə təsir etdi. Belə ki, əvvəlki dövlət başçıları ölkəni kənar qüvvələrin və kilsənin hesabına himayə edirdilər. Onların əsas təsir mexanizmi də Qarabağ üzərindən olurdu. Çünki qeyd edilən kənar qüvvələrin və kilsənin xarici yardımları hesabına Azərbaycanın Qarabağ torpaqlarını işğal etmişdilər. 20 faiz torpaq zəbt edən Ermənistan kölgəsində rahatladığı dövlətlərin hesabına arxayınlaşmışdı. Erməni xalqına millətçilik, qisasçılıq ruhu aşılayan kilsə xadimləri birbaşa və yaxud da dolayısı ilə ölkədə hakimiyyətə təsir edə, vəziyyəti nəzarətə götürə bilirdi. Onlar özlərinin güclü dövlət və güclü orduya sahib olmalarına inam yaradacaq mif uydurmuşdular. Lakin 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan ordusu haqqında formalaşan yalançı mifi darmadağın etdi. Əlbəttə ki, bu, ermənilər və onların himayədarlarına vurulmuş ən böyük zərbə idi.

Ölkədə hakimiyyətlə kilsə arasında yaranmış ziddiyyətə müharibədəki biabırçı məğlubiyyət də xeyli təkan verdi. Bütün ümidləri puç olan kilsə ölkə əhalisinə təsir etmək gücündən istifadə edərək Paşinyanı istefa verməyə çağırdı. Bir-birinə kəskin şəkildə nifrət edən hakimiyyət və din xadimlərinin münasibətləri ölkədə etiraz dalğalarına səbəb oldu. Hər iki qüvvə arasında yaranan fikir ayrılığı daha da dərinləşdi. Hakimiyyətə qarşı istefa tələbləri səngimək bilmədi. Katolikos II Qaregin öz çıxışlarında erməni xalqını müharibəyə səsləyərək Paşinyanın yarıtmaz hakimiyyətini istefaya çağırdı. Ümumiyyətlə, Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi ilk günlərdən din xadimlərinin ona qarşı münasibəti birmənalı olaraq yaxşı olmamışdır. Baş nazir də öz növbəsində hakimiyyətə gələr-gəlməz kilsə xadimlərinin davranışlarını tənqid edirdi. Tərəflər arasında ziddiyyət bu gün də davam edir. Belə ki, Ermənistanda kilsə ilə Paşinyan arasında savaş daha da alovlanmağa başlayıb. Kilsə erməni millətçiliyinin dağılmaqda olan sonuncu sütunudur. Bir-birinə qarşı kəskin mövqe tutan tərəflərin ziddiyyəti qızışdıqca kilsə tərəfdarlarının radikallığı, azğınlığı da artır. Din pərdəsi altında terrorist, millətçi ermənilər yetişdirən kilsə erməni millətini yenidən müharibəyə səsləyir.

Bu günlərdə katalikos II Qaregin xalqı yenidən mübarizəyə səsləyib. Bildirib ki, Hayastan guya təhlükədədir və hər an Azərbaycan onu işğal edə bilər. “Vətən təhlükədə olanda bütün xalq mübarizə bayrağı qaldırmalıdır. Bu gün həmin gündür”, - deyə II Qaregin söyləyib. Halbuki, nə Azərbaycan hərbi eskalasiyada maraqlıdır, nə Ermənistan ərazisini işğal etməkdə. Hazırda sülh danışıqları gedir. Kilsə rəhbəri isə blef edir və xalqı çaşdırır. Halbuki işğalçı öz ölkəsidir, sadəcə, həyasızlığını davam etdirir. Elə bu səbəbdəndir ki, baş nazir Nikol Paşinyan kilsəni sıxışdırır və təsir imkanlarını azaldır. Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə Erməni apostol kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab etdiyini bildirib. Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, “bəs niyə kilsə şam satanda ödəmir?”

Ümumiyyətlə, Ermənistanın əsas dayaqlarından biri kilsədirsə, o biri də diaspordur. Hər iki baza türk düşmənliyi, Azərbaycan, Gürcüstan, İran və Türkiyə torpaqlarının ələ keçirilməsi kimi saxta ideyalara əsaslanaraq erməniləri ətrafında birləşdirib. Kilsə-diaspor cütlüyü 200 ildən artıqdır müxtəlif ölkələrdəki erməni icmalarını öz çürük düşüncəsinin əsiri edib. Azərbaycan torpaqlarını işğaldan azad etməklə həm də bu cütlüyün pərən-pərən düşməsinə təkan verdi.

Sevinc Azadi, “İki sahil”