04 mart 2025 15:39
137

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirakını bərpa etmək niyyətindədir. 

“İki sahil” xəbər verir ki, bunu "Ukrayna Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski Bakıda keçirilən "Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə" adlı dəyirmi masada bildirib. 

O xatırladıb ki, rəhbərlik etdiyi səhmdar cəmiyyəti 2018-ci ildən TBNM Beynəlxalq Assosiasiyasının daimi üzvüdür: "TBNM-in bütün iştirakçılarının bu nəqliyyat dəhlizinin inkişafı üçün gördüyü işlərin əhəmiyyətini vurğulamaq istəyirəm. Şərqi Asiyadan Qərbi Avropaya alternativ marşrutun əhəmiyyətini qiymətləndirmək çətindir. Daşımaların həcminin artması özü-özlüyündə hər şeyi deyir. Ukrayna geosiyasi hadisələr səbəbindən Orta Dəhlizdə iştirakını dayandırmağa məcbur olub. Bu gün biz layihəyə qayıtmaq niyyətində olduğumuzu məmnuniyyətlə bəyan edirik. Gürcüstanla bərə əlaqəsinin bərpası üzrə aktiv iş aparılır. Bu isə təkcə TBNM marşrutunu Ukrayna üzərindən tranzitlə Avropa ölkələrinə qədər uzatmağa deyil, həm də əvvəlki iqtisadi əlaqələri canlandırmağa imkan verəcək". 

A.Pertsovski, həmçinin qeyd edib ki, hazırda "Ukrzaliznytsya" yeni biznes vahidlərinin yaradılması üzərində işləyir.

Onun sözlərinə görə, Ukrayna TBNM-ni Qafqaz və Mərkəzi Asiya ölkələrindən Avropa İttifaqı ölkələrinə əsas dəhliz kimi nəzərdən keçirməyə davam edir.