06 mart 2025 22:16
171

Vahid diaspor şəbəkəsinin yaradılmasına daha da yaxınlaşırıq... - MÜSAHİBƏ

Vəsilə Vahidqızı: Yay düşərgələri diaspor gənclərinin “yumşaq güc”ə çevrilməsində mühüm rol oynayır

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli kimliklərini qoruması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Xüsusilə diaspor gəncləri ilə bağlı layihələr bu prosesin vacib tərkib hissəsidir. Gənclərin şəbəkələşməsi, Azərbaycan reallıqlarını beynəlxalq platformalarda təbliğ etməsi və ana dilini qoruması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər bu sahədə prioritet məsələlərdəndir.

Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri, mətbuat katibi Vəsilə Vahidqızı “İki sahil” qəzetinə müsahibəsində komitənin diaspor gəncləri ilə iş sahəsində həyata keçirdiyi layihələr, strateji hədəfləri və perspektiv planları barədə ətraflı məlumat verib. O, həmçinin yay düşərgələrinin əhəmiyyəti, xaricdə yaşayan azərbaycanlı gənclərin milli kimliklərini qoruması və bu sahədə innovativ yanaşmaların tətbiqi ilə bağlı mühüm məqamlara toxundu.

- Vəsilə xanım, Komitənin diaspor gəncləri ilə iş sahəsində yaxın və uzunmüddətli strateji hədəfləri hansılardır? Gənclərlə iş sahəsində prioritet istiqamətlər necə müəyyən olunur?

- 2018-ci ildə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra bu qurumun yaxın və uzun müddət üçün strateji hədəflərini müəyyən edən Yol Xəritəsi hazırlanıb. Yol Xəritəsində diaspor gəncləri ilə iş xüsusi nəzərə alınıb və bu sahədə böyük yol qət olunub. İlk addımlardan biri xaricdə yaşayan azərbaycanlı gənclərin bazasının formalaşdırılması olub. Bu, gənclərin potensiallarını, daha sonra fəaliyyət istiqamətlərini müəyyən etmək üçün vacibdir. Komitənin xaricdəki gənclərlə iş prinsipləri çoxistiqamətlidir. Bu, nə deməkdir? O deməkdir ki, məsələn, xaricdə doğulub-böyüyən azərbaycanlı gənclərlə aparılan iş, sonradan xaricə köçən gənclərlə və ya tələbələrlə aparılan işlə eyni mahiyyətdə ola bilməz. Bu istiqamətdə görülən işlərin məzmununu incə cizgilər bir-birindən ayırır. Başqa bir məqam odur ki,  Komitə ixtisaslaşmış forumlar təşkil etməklə eyni sahədə çalışan gənclərin eyni müstəvilərdə birləşməsinə təkan verir. Məhz bu layihələrin nəticəsidir ki, artıq şəbəkələşmək üçün daha yeni və daha fərqli platformalar da formalaşır. Komitə uşaq və gənclərin müxtəlif yaş qruplarına yönəlik özünəməxsus proqramlar həyata keçirir. Xaricdəki yeni nəsil azərbaycanlıların, xüsusilə orada doğulan soydaşlarımızın bazasının yaradılmasında “Diaspor TV”-nin “Mən də varam” layihəsi xüsusi rola malikdir. Bu, formaca kiçik, mahiyyətcə böyük bir TV proqramıdır. Xaricdə yaşayan azərbaycanlı uşaq və gənclər özləri haqqında balaca bir videomaterial çəkir və kim olduğunu, hansı ölkədə yaşadığını bildirir, bununla da xaricdə bir azərbaycanlının da olduğunu diqqətə çatdırır. Əsas və bəlkə də ən vacib hədəflərdən biri xaricdəki azərbaycanlı gənclərin, xüsusilə orada doğulan, valideynlərindən biri əcnəbi olan soydaşlarımızın ana dilini öyrənmələridir. Bu gün xarici ölkələrdə fəaliyyət göstərən, Komitənin və diasporun dəstəklədiyi 100-dən çox həftəsonu Azərbaycan məktəbi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan Qarabağ məktəbləri bu sahədə ölçüyəgəlməz işlər görür.

Ümumilikdə götürdükdə, gənclərlə iş sahəsində bəzi vacib istiqamətlər bunlardır:

-diaspor gənclərinin  milli kimliklərinin qorunmasına kömək etmək;

-ana dilini öyrənmələrinə şərait yaratmaq;

-müxtəlif beynəlxalq platformalarda ölkəmizi təmsiletmə bacarıqlarını inkişaf etdirmək;

-Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək;

-yaşadıqları cəmiyyətlərə mədəni və sosial inteqrasiyalarına kömək etmək.

Prioritetləri müəyyən edərkən diaspor gənclərinin fəaliyyət istiqamətləri, maraq dairələri, potensialları, yaş qrupları, mənsub olduqları elmi dairələr, beynəlxalq mediaya və digər beynəlxalq müstəvilərə çıxış imkanları nəzərə alınır, bununla bağlı ciddi araşdırma və təhlillər aparılır, eləcə də aktual müzakirələr təşkil olunur.

- Yay düşərgələri diaspor gənclərinin bir-biri ilə əlaqələrinin gücləndirilməsi və şəbəkələşməsi baxımından hansı konkret nəticələr verir? Bu istiqamətdə yeni yanaşmalar və innovativ metodlar nəzərdə tutulurmu?

- Azərbaycan gəncliyinin hərtərəfli inkişafının dəstəklənməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas prioritetlərindəndir. Dövlətimizin dəstəyi və Komitənin təşkilatçılığı ilə həyata keçirilən layihələr bu məqsədə xidmət edir. Bu şəbəkələşmə xaricdəki soydaşlarımızın, o cümlədən gənclərin diaspor fəaliyyətini gücləndirir, onların ana Vətənlə əlaqələrini daha da sıxlaşdırır. Şəbəkələşmədən danışırıqsa, nümunə üçün deyə bilərəm ki, Komitənin Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi “Diaspor gənclərinin yay düşərgələri” layihəsi Azərbaycan diaspor hərəkatında yenilikdir və layihə orijinallığı, kütləviliyi, uğurlu nəticələri ilə seçilir.  2018-ci ildən bugünə qədər 5 yay düşərgəsi təşkil olunub və həmin düşərgələrin keçiriləcəyi rayonlar diaspor gənclərinin ölkəmizi tanıması baxımından məxsusi olaraq seçilib. Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçında təşkil olunan düşərgələrdə hər il 60-dan çox ölkədən ümumilikdə 600-dən artıq azərbaycanlı gənc və Azərbaycana dost ölkələri təmsil edən diaspor gəncləri iştirak edib. Bu unikal layihənin proqramı xüsusi həssaslıqla, incəliklə hazırlanır. Hər bir təlim, görüş, panel iclasları diaspor gənclərinin ölkəmizlə bağlı məlumatlandırılmasına, ana dilinin inkişafına, torpaqlarımızın işğalı və azad olunması kimi hadisələrlə bağlı dolğun məlumatlar əldə etmələrinə, nəticədə həm də şəbəkələşmə imkanlarının artırılmasına yönəlir. Düşərgələrin təşkilat komitəsi proqramın “sütun”u sayılan mövzu və panellərə toxunmadan hər il onu daha da zənginləşdirir, innovativ üsullardan istifadə edərək gənclər üçün düşərgənin cəlbediciliyini artırır. Hər il müraciətlərin sayının əvvəlki illərə nisbətən sürətlə çoxalması bu layihəyə marağın həddindən artıq olduğunu göstərir.  Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatı da məhz yay düşərgələrindən sonra yaranıb. ADG artıq diaspor gəncləri üçün güclü platformadır, getdikcə onun əhatə dairəsinin və təsir imkanlarının artdığı müşahidə olunur. Bir faktı yada salmaq istəyirəm ki, ötən il Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçılarının Xocalı, Xankəndi şəhərlərinə səfərləri, Qarabağ Universitetinin kollektivi ilə görüşləri onların yaddaşında silinməz izlər qoyub. Nəzərə alsaq ki, düşərgədə iştirak edən gənclər yaşı 18-29 arasında olan soydaşlarımızdır, onların Qarabağın işğalından sonra dünyaya gəldikləri aydın olur. Müharibəni kitablardan oxuyan gənclər azad Qarabağda ölçüyəgəlməz hisslər yaşamışdılar. Onlar bu gün Azərbaycan TV-lərində yeganə diaspor proqramı olan “Vətən uzaqda deyil” proqramına, “Diaspor FM”-ə və Komitənin “Youtube” kanalı olan “Diaspor TV”-yə müsahibələrində bu hissləri göz yaşları ilə anlatmışdılar. Yay düşərgələri diaspor gənclərinin “yumşaq güc”ə çevrilmələrində, informasiya müharibəsinin fəal və güclü tərəfi olmalarında əvəzsiz rol oynayır.

Bu gün yay düşərgələrinin iştirakçıları inkişaf etmiş ölkələrin ali məktəblərində, beyin mərkəzlərində Azərbaycanın taleyüklü məsələləri ilə bağlı elmi konfranslar təşkil edir, erməni yalanlarının ifşasında fəallıq nümayiş etdirirlər. DİDK-nın diaspor gənclərinə yönəlik onlarla layihəsi var. “Beyinqazanma”, “1+1”, “Liderliyin inkişafı” və s. kimi layihələr xaricdəki azərbaycanlı gənclərlə daha effektiv əməkdaşlıq imkanlarını genişləndirir və onlarda beynəlxalq miqyasda ölkəmizin nüfuzunun artmasına töhfələr vermək səriştəsi formalaşdırır. Bu baxımdan məsələn, ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində Amerika-Azərbaycan Gəncləri Forumunun keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edə bilərəm. Forumda Corc Vaşinqton Universitetində və ABŞ-ın 21 müxtəlif ştat və şəhərində təhsil alan azərbaycanlı tələbələrin, eləcə də professorların və xarici ekspertlərin iştirakı dərin elmi müzakirə mühiti yaradırdı.

Bu cür yüzlərlə tədbirin, layihənin adını çəkmək olar ki, bu modellər bizi əsas məqsədlərimizə - vahid diaspor şəbəkəsinin yaradılmasına daha da yaxınlaşdırır.

- Yay düşərgələrində iştirak edən gənclərin bir-biri ilə davamlı olaraq əlaqə saxlaması və vahid bir platformada birləşməsi üçün hansı mexanizmlər hazırlanır? Bu platformanın funksionallığı və davamlılığı necə təmin olunacaq?

- Diaspor gənclərinin yay düşərgələri gənclərinin vahid platformaları artıq mövcuddur. Əvvəldə qeyd etdiyim kimi, yay düşərgələrinin ən mühüm nəticələrindən biri ADG-nin yaranması olub. Lakin siz də mənimlə razılaşarsınız ki,  gənclərin kommunikasiya imkanlarının genişlənməsi və davam etməsi, onların vahid platformada birləşməsi üçün yay düşərgələrinin özü belə işlək mexanizm rolunu oynayır. Bu mexanizm, belə demək mümkünsə, “saat kimi” işləyir. Hətta yay düşərgələrində tanış olan azərbaycanlı və xarici gənclər ADG ilə yanaşı, başqa onlayn platformalar da yaradaraq şəbəkələşırlər.

Qeyd olunduğu kimi, ADG-nin başlıca hədəfləri Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha dəqiq və ətraflı çatdırılması, dezinformasiyaların qarşısının alınması, tarix və mədəniyyətimizin, adət-ənənələrimizin dünyada geniş təbliği, təşkilatın sıralarının daha da genişlənməsidir. Bu hədəflərə tez çatmaq üçün aparılan işlər nəticəsiz qalmır.

Əlavə edim ki, Komitə əməkdaşlarının xarici ölkələrə səfərləri çərçivəsində də gənclərlə görüşlər təşkil olunur, onların koordinasiyalı işləməsi üçün təkliflər verilir. Son illər Komitə rəhbərliyi və əməkdaşları diaspor tarixində heç bir zaman səfər olunmayan ölkələrə, məsələn, Yaponiyaya, Sinqapura, Malayziyaa, Avstraliyaya və s. kimi ölkələrə səfər edib, bu ölkələrdəki gənclərin fəaliyyətilə yaxından tanış olub, diaspor üzvləri ilə geniş müzakirələr aparıblar. Bu görüşlər həmin ölkələrdəki gənclərin diaspor gəncləri şəbəkələrinə qoşulmalarına və ciddi təkan verir.

Diaspor fəaliyyətinin yeni nəslə ötürülməsi, diasporun gəncləşməsi prosesi qaçılmazdır. Diaspor gənclərinin  yay düşərgələri və bu qəbildən olan digər layihələr diasporun sıralarının gəncləşməsinə təkan verir və əminliklə deyə bilərik ki, qısa zaman ərzində bu sahədə böyük yol qət olunub.

- Vəsilə xanım, 2025-ci il və sonrakı illər üçün diaspor gəncləri ilə bağlı hansı yeni layihələr nəzərdə tutulur? Bu layihələrdə xaricdə yaşayan azərbaycanlı gənclərin təşəbbüsləri necə dəstəklənəcək?

- Əminliklə demək olar ki, Komitənin həyata keçirdiyi layihələrin, o cümlədən diaspor gənclərinə yönəlik layihələrin heç biri nəticəsiz qalmayıb. Bir dənə də olsun yarımçıq qalan, geri dönüşü olmayan layihə yoxdur. Bu il istər yay düşərgələri, istər ixtisaslaşmış forumlar, istərsə də yuxarıda adını çəkdiyim layihələrin hər birinin effektivliyini nəzərə alaraq davam etdirilməsi və daha çox gənci əhatə etməsi planlaşdırılır. Dünya azərbaycanlılarının zəngin bazasının formalaşdırılmasında, xaricdəki icmalarımızın şəbəkəsinin yaradılmasında, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artırılmasına töfələr verilməsində həmin layihələrin də payı var.

Diasporla İş üzrə Dövlət Komitəsi tarixi şəxsiyyətlərin xaricdə yaşayan nəsillərinin nümayəndələrinə, Cümhuriyyətçilərin varislərinə, xarici ölkələrdə nüfuz qazanmış, müxtəlif sahələrdə yüksək mərtəbələrə çatmış soydaşlarımıza yönəlik ayrı-ayrı layihələr həyata keçirir və bu sahədə işin növbəti illərdə daha da dərinləşməsi diqqət mərkəzindədir.

Diasporun və xarici tarixçi, jurnalist, müxtəlif sahələri təmsil edən eskpertlərin işğaldan azad olunan ərazilərə səfərləri çox vacibdir və növbəti illərdə də bu səfərlər davam edəcək. Yeri gəlmişkən xatırladım ki, komitənin xətti ilə bu günə qədər diasporun Qarabağa 13 səfəri təşkil olunub. İşğaldan azad olunan ərazilərə səfər edən xaricilərin sayı 1000-dən çox olub.

Xaricdə yaşayan azərbaycanlı gənclərin təşəbbüslərinin dəstəklənməsinə gəldikdə isə, deyə bilərəm ki, Komitə və onun nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondu diaspor gənclərinin layihələrini hər zaman dəstəkləyir, üstəlik gənclərin təhsil imkanlarının artırılmasını, hüquqlarının müdafiəsini də xüsusi diqqətdə saxlayır. 

Koordinasiya şuraları, xaricdəki 100-dən çox həftəsonu məktəbi, azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılan 30 Azərbaycan Evi də gənclərimizin layihələrinin həyata keçirilməsi üçün imkanlar yaradır. İstənilən soydaşımız həmin yerlərdə öz tədbirlərini təşkil edə bilir, həmin məkanların imkanlarından istifadə edir.

Gələcək planlardan danışarkən bir neçə faktı diqqətə çatdırmaq istəyirəm. Bu il Türkiyənin İğdır və ya Qars şəhərində Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin Forumunun keçirilməsi planlaşdırılır. Bu barədə Komitə sədri mətbuata açıqlamasında demişdir: “Bu bölgədə yaşayan həmvətənlərimizin əksəriyyəti Qərbi Azərbaycanda ermənilərin törətdikləri soyqırımından qaçaraq xilas olmaq üçün öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların nəslindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Qərbi Azərbaycana Qayıdış konsepsiyası da Şərqi Anadoluda yaşayan soydaşlarımıza diqqətin artırılmasını tələb edir”.

"Qardaşlaşmış məktəblər" layihəsini də xüsusi vurğulamaq lazımdır. Bu layihə çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə şəhid və qazilərimizin məktəbli övladlarının xaricdə və Azərbaycanda olan qardaşlaşmış məktəblərə səfərləri təşkil olunur. Yaxın illərdə bu layihənin də davamlılığını qoruyub saxlamaq əsas hədəflərdən biridir.

Hər il Gənclər Günündə yüzlərlə diaspor gəncinin  iştirakı ilə videokonfrans təşkil olunur və komitə sədri onlarla həm görülən işləri, həm perspektivləri müzakirə edir, gənclərin təklifləri dinlənilərək təhlil olunur, həmin təkliflər fəaliyyət planında nəzərə alınır.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

Nigar Orucova, “İki sahil”