12 aprel 2025 02:58
187

Ölkələri Orta Dəhlizdə birləşdirən ortaq maraqlar

Yükdaşımaların artması, bütün keçidlərdə Azərbaycanın təhlükəsiz tranzit bölgə kimi özünü təsdiqləməsi digər dövlətlərin də marağını cəlb etməkdədir

Orta Dəhliz adı ilə də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. O da bəllidir ki, Transxəzər Avropa ilə Asiyanı birləşdirən marşrutdur və Azərbaycan onun üzərindəki əsas ölkələrdən biridir. Son illər isə Çinin tranzit və nəqliyyat şirkətləri tərəfindən həmin ölkədən Türkiyəyə və eləcə də Avropa dövlətlərinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutan Orta Dəhlizə marağı getdikcə artmaqdadır. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Hər iki ölkənin müvafiq qurumlarının koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradır. Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycan və Gürcüstanla yanaşı, digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir.

Prezident İlham Əliyev hər zaman Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyinin əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu və hazırda Azərbaycanın Şərq - Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat yollarının kəsişmə nöqtəsinə çevrildiyini və eləcə də bu marşrutlar üzrə enerji resurslarının ötürülməsi üçün Orta Dəhlizin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayır. Ölkə Prezidenti Azərbaycanda Dəniz Ticarəti Limanının, yeni hava limanlarının tikintisi, Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması kimi layihələrin məhz Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı layihələr olduğunu bildirməklə Azərbaycanın bu istiqamətdə növbəti addımlar atacağını bəyan edir. Prezident, həmçinin Transxəzər nəqliyyatının imkanlarından daha geniş istifadə etməyin mümkünlüyünü də qeyd edir.

Aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev bu məsələlərə toxunaraq deyib: “Bizim olduqca geniş iqtisadi və nəqliyyat gündəliyimiz var. Biz Orta Dəhliz haqqında danışdıq, ancaq Azərbaycan, həmçinin digər mühüm dəhliz – Şimal-Cənub dəhlizinin tərkib hissəsidir. Bir daha qeyd edim ki, bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüz olmasını anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayətdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu layihələrinin hamısı icra edilib. Sadəcə, yükdaşımaların həcminin artacağını nəzərə alaraq, biz hazırda dəmir yolumuzu müasirləşdiririk. Dəmir yolu xətləri mövcuddur, ancaq Cənubdan Şimala və əks istiqamətdə nəql ediləcək yükləri qəbul etmək üçün dəmir yolu genişləndirilməlidir”.

Dövlət başçısı Gürcüstanla əlaqələrə də toxunub. Bildirib ki, bu əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir: “Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə, - hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik, - və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır”.

İki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinə toxunan ölkə başçısı bildirib ki, Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsidir. Ölkə başçısı xatırladıb ki, bizi birləşdirən layihələrdən çox danışmaq olar. Bu layihələr yalnız xalqlarımız və ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün vacibdir: “Hazırda isə biz buraya yaşıl gündəliyi əlavə edirik. Biz artıq buna qısa şəkildə toxunduq. Bu, Azərbaycan və Gürcüstan üçün yaşıl dəhlizdir. Bu, nəqliyyat dəhlizidir, Orta Dəhlizdir – bunlar qaçılmazdır”.

Qeyd etmək yerinə düşər ki, ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər. Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə gələn yüklər Ələt limanında qəbul edilərək ölkəmizin ərazisində müasir infrastrukturla Orta Dəhlizə inteqrasiya edilmiş marşrutlara yönəldilir. Hazırda tələbatın artması ilə əlaqədar olaraq Azərbaycan Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirilməsi layihəsinin icrasını da uğurla davam etdirir. Azərbaycanı Mərkəzi Asiya türk dövlətlərindən nəqliyyat sahəsində fərqləndirən əsas cəhət ölkəmizin bütün nəqliyyat arteriyalarının kəsişdiyi nöqtə olmasıdır. Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya və Avropanın Azərbaycandan keçən Orta Dəhlizə baxış bucağı genişlənir. Xüsusən də Çin Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Orta Dəhlizə xüsusi önəm verir. Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ hesab edilir. Belə ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə daha qısa vaxt sərf etmiş olur. Bununla yanaşı, Orta dəhliz Asiya ilə Avropa arasında qlobal ticarətin daha sərfəli və təhlükəsiz olmasını təmin edir. Ölkəmizin geostrateji mövqeyi, Şərq və Qərb dəhlizindəki önəmli yeri fərqli istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaratmaqla, həm ölkəmizin, həm də ümumən Cənubi Qafqaz bölgəsinin önəmini artırır.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Sevinc Azadi, “İki sahil”