08 aprel 2025 22:44
476

Tolerantlıq Azərbaycan xalqına xas olan mədəniyyətdir

Milli Məclisin deputatı: İndiyədək heç bir müraciəti diqqətsiz və cavabsız qoymamışam

Əslən Qubadan olan millət vəkili Anatoliy Rafailov ilə bu günlərdə elə doğma yurdunda görüşdük. Seçiciləri ilə görüşə gəlmişdi. Niyyətimizi bilən kimi tərəddüd etmədən: “Görüşdən sonra suallarınızı cavablandıraram” dedi. Beləliklə, müsahibimiz Milli Məclisin deputatı, “Şöhrət” ordenli Anatoliy Rafailovdur.

- Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi İsrail-Azərbaycan münasibətlərini necə xarakterizə edərdiniz?

-İsrail ilə Azərbaycan arasında yüksək etimada, dostluq və qardaşlığa əsaslanan əlaqələr mövcuddur. Bu gün İsrail iqtisadi, hərbi, mədəni və bəzi digər sahələr də daxil olmaqla ölkəmizlə intensiv əməkdaşlıq edir. Üstəlik, iki ölkə arasında əməkdaşlığın inkişafı və aktual istiqamətlər üzrə əhatə dairələrinin genişləndirilməsi diqqət mərkəzindədir. Ümumiyyətlə, İsrail hər zaman beynəlxalq hüquqa əsaslanaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və erməni işğalına qarşı çıxıb. 44 günlük Vətən müharibəsi, həm də birgünlük lokal antiterror əməliyyatı zamanı Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edən İsrail işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə də öz töhfəsini verməkdədir. Şübhəsiz, bütün bunlar bir daha iki ölkə arasındakı səmimi münasibətlərin təsdiqidir. Bu dostluğu isə kimsə poza və yaxud ona kölgə sala bilməz. Halbuki, erməni diasporu neçə illərdir ki, iki ölkə arasındakı əməkdaşlığı zəiflətmək məqsədilə müxtəlif kampaniyalar həyata keçirir. 

Yeri gəlmişkən onu da qeyd edim ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu il martın 18-də İsrailə işgüzar səfər edib. Həmin səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan və İsrail xalqları arasında tarixi və mədəni əlaqələr vurğulanıb, ölkəmiz Mərkəzi Asiyaya çıxış nöqtəsi kimi dəyərləndirilib, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafı perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bir məsələni də qeyd edim ki, bu səfər zamanı İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) “I” blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimi də keçirilib.

- Bu günlərdə ABŞ-da 50-dən çox ravvin Prezident Donald Trampa “907-ci düzəliş”in ləğv olunmasının vacibliyini bildiriblər. Məlumatlara görə, ABŞ-ın digər yəhudi təşkilatları, o cümlədən ultra-ortodoks təşkilatları da Amerika liderinə bu cür müraciətlər etməyi planlaşdırırlar. Sizcə, “907-ci düzəliş”in ləğvinə nail olmaq mümkündürmü?

- Şübhəsiz, “907-ci düzəliş” ədalətsiz bir sənəddir. Bu, Azərbaycana dövlət yardımının qadağan olunmasını nəzərdə tutur. Milli Məclis ABŞ Senatının belə bir sənəd qəbul etməsinə qəti etirazını bildirib və ölkəmizi hədəfə alan bu hərəkəti şiddətlə qınayıb. Prezident İlham Əliyev isə bu il yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə “907-ci düzəliş”in yenidən bərpasını Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Sözün düzü, bu gün özünün yüksəliş mərhələsində olan Azərbaycanın yardıma ehtiyacı yoxdur. Belə ki, hazırda Azərbaycan donor ölkə kimi bu və ya digər dövlətə yardım göstərir. Bu gün ölkəmiz işğaldan azad edilmiş torpaqları öz gücünə bərpa edir. Bütün bunlara rəğmən, güman edirəm ki, ABŞ-ın digər yəhudi təşkilatlarının da Amerika liderinə bu cür müraciətlər etmələrinin müəyyən faydası olacaq.

- Azərbaycanın hazırkı daxili və xarici siyasətini necə qiymətləndirirsiniz?

- Bəri başdan deyim ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan qaynaqlanır. Bu məqamda Prezident İlham Əliyevin martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində dediyi bu sözləri xatırlatmaq istərdim: “Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”. Odur ki, Ermənistanın əli ilə bu bölgədə möhkəmlənmək istəyən dövlətlər, xüsusilə Makron Fransasının hədyanları, şantajları bitib-tükənmək bilmir. Müstəqil siyasət yürüdən Azərbaycan isə siyasi gedişləri ilə onları susdurur. Zənnimcə, Azərbaycan öz xarici siyasətini düzgün qurub.  Ümumiyyətlə, mən ölkə başçısı İlham Əliyev tərəfindən ölkə daxilində həyata keçirilən bütün islahatları da yüksək dəyərləndirirəm. Aparılan islahatların mahiyyətinə, əhatə dairəsinə və maliyyələşdirilməsinə sərf olunan vəsaitə nəzər salmış olsaq, ölkədə həyata keçirilən siyasətin sosial xarakterli olduğunu, aparılan islahatların mərkəzində vətəndaşların maddi rifahının dayandığını bir daha aydın şəkildə görürük.

- Hazırda Azərbaycan dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınır. Siz azsaylı xalqların nümayəndələrinin çoxluq təşkil etdikləri rayonlardan deputat seçilmisiniz…

- Mən həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüyəm. Ulu Öndər Heydər Əliyev 1998-ci ilin may ayında Prezident Sarayında din xadimləri ilə görüşündə ölkəmizdəki tolerantlığı belə dəyərləndirmişdi: “Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində, Azərbaycanın reallığını, eyni zamanda, Azərbaycan xalqının dini dözümlülüyünü göstərir. Azərbaycanda əhalinin əksəriyyətini İslam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq, eyni zamanda, Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar”.

Bu həqiqətən də belədir. Bu gün Azərbaycanda müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaradılıb. Bu ölkədə yaşayan müxtəlif millətlər, azsaylı xalqlar müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər, öz ana dillərində təhsil alırlar. Onları həmişə xeyir-şər məclislərində bir yerdə görmək mümkündür. Halbuki dünyanın heç bir yerində belə bir mənzərə ilə qarşılaşmaq mümkün deyil. Bu, yalnız Azərbaycana xas olan bir mədəniyyədir.  Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev də tolerantlığı yüksək dəyərləndirir və bu istiqamətdə mükəmməl addımlar atmaqla ona yeni çalarlar əlavə edir. Bu tolerantlıq ən dar günümüzdə də imdadımıza çatıb. Belə ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, yəhudisi də, ləzgisi də, talışı da, avarı da və digərləri bir çağırışla Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşərək erməni qəsbkarlığına qarşı vuruşublar. Məsələn, Birinci Qarabağ savaşında tankı ilə düşmənə qan udduran və qəhrəmanlıqla şəhadətə ucalan yəhudiəsilli Milli Qəhrəman Albert Aqarunovun şücaətləri haqqında bu gün hər kəs qürurla danışır.  Elə şəhid olmuş ləzgi balası Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov da xatirələrdə yaşamaqdadır. Bir sözlə, respublikamız bütün millətlərin, müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi yaşadıqları nadir ölkələrdəndir.

- Milli Məclisin deputatı kimi seçicilərinizlə tez-tez görüşürsünüz?

- Bəri başdan deyim ki, seçildiyim 60 saylı Quba-Qusar seçki dairəsi 2 rayon üzrə 70-dən çox kəndi əhatə edir. Seçicilərimlə keçirdiyim görüşlərdə bütün məsələlərlə bağlı müraciətlər olunur.  Sosial, həyətyanı torpaq sahəsi ilə, iş məsələsi ilə bağlı müraciətlər daha çoxdur. Mən də irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətlərim daxilində aidiyyəti orqanlara müraciətlər edirəm. Məsələn, bu günlərdə Qubanın Çaydüzü kəndinin bir qrup sakini qəbula gəlmişdi. Onlar kənddə köhnəlmiş transformatorun dəyişdirilməsin xahiş edirdilər. Bildirdilər ki, kənd böyüyüb, hazırkı transformator isə kəndi lazımı səviyyədə təmin edə bilmir. Mən bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti qarşısında məsələ qaldırdım. Sağ olsunlar, onlar bu məsələyə tez reaksiya verdilər. Nəticədə, transformator yenisi ilə əvəz edildi.

Bəzi məsələləri isə elə yerindəcə araşdıraraq həlli istiqamətində müsbət addımlar atıram. Onu da deyim ki, indiyədək heç bir müraciəti diqqətsiz qoymamışam. Bir çox halda şəxsi əlaqələrimdən də istifadə edirəm. Hətta artıq neçə ildir ki, Quba-Qusar rayonları üzrə 108 şəhid ailəsinin hər birinə Zəfər və Novruz bayramları ərəfəsində dağ yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə yardım da edirik. Bunlardan başqa müəyyən xəstəliklərlə bağlı edilən müraciətləri də lazım gələndə bir həkim kimi diqqət göstərir və məsləhət verirəm.

- Seçicilərin qaldırdırdıqları məsələlər sırasında hansı problemlər sizi daha çox narahat edir?

- Ailələr var ki, 15-20 il əvvəl torpaq sahəsi alıb və orada evlər tikiblər.  Dövlət tərəfindən ora qaz, işıq xətləri çəklib. Amma hələ də vətəndaşlar evlərinə çıxarış ala bilmirlər. Deyirlər ki, torpaq kənd təsərrüfatı təyinatlıdır. Niyə icra hakimiyyətləri, yaxud bələdiyyələr tikinti gedən vaxtı müdaxilə etməyiblər? Belə faktlar hər iki rayonda mövcuddur. Şübhəsiz, bu da vətəndaşların narazılığına səbəb olur.

- Sizin seçkiqabağı platformanızda Quba-Qusar rayonlarının sənaye potensialını inkişaf etdirmək məsələsi də öz əksini tapmışdı. Bu istiqamətdə hansısa addımlar atılırmı?

- Şübhəsiz, verdiyim vədləri də unutmuram. Hazırda Qubada 100 nəfərin işləyə biləcəyi meyvə konsentrant zavodu tikilir. Qubanın Çiçi kəndində qaldırdığım məsələyə uyğun olaraq yeni modul tipli məktəb binası quraşdırılıb. 3 il əvvəl isə Vladimirovka kəndində 200 nəfərin çalışdığı plastik yeşik tara zavodu, meyvə soyuducusu istifadəyə verilib. Ötən il isə Zindanmuruqqışlaq, Avaranqışlaq, Kuzunqışlaq, Cağarqışlaq, Atlıxan kəndlərinə asfalt çəkilib.

- Və nəhayət belə bir sual. Asudə vaxtınızı necə keçirirsiniz?

- Deputat kimi məsuliyyətli və gərgin iş qrafikim olsa da, asudə vaxtımı səmərəli keçirməyə çalışıram. Daha çox ölkə və dünya siyasətində baş verən yenilikləri izləməyə, kitab oxumağa üstünlük verirəm. İctimai tədbirlərdə iştirak da asudə vaxtımın bir hissəsini təşkil edir. Ümumiyyətlə, hər mənada vaxtdan səmərəli istifadə etməyə çalışıram.

Qvami Məhəbbətoğlu, “İki sahil”