13 aprel 2025 14:44
115

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qüruru, stimul mənbəyi oldu. Bu Zəfər Türk dünyasını canlandırdı. “Bir millət, iki dövlət” olaraq, sözün əsl mənasında bizim birliyimiz diriliyimizdir. İstər ATƏT-in Minsk qrupu, istərsə də BMT Azərbaycanı müxtəlif yollarla 30 il ləngitdi. Türkiyə bu müddət ərzində Azərbaycana verdiyi tam siyasi dəstəyi hər bir platformada ifadə etdi. Bu dəstək Qələbəyə gedən yolda azərbaycanlı qardaşlarımıza mənəvi güc verdi. İndi Türk dünyası canlanıb, güclənib və biz bir-birimizə dəstək, arxa ola bilirik. Bundan sonrakı addımlarımız isə regional əməkdaşlığımızın güclənməsi istiqamətində davam edəcək.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ifadə edib.

Gələn il TDT-yə sədrliyin Azərbaycana keçəcəyini xatırladan ağsaqqal deyib: “TDT digər beynəlxalq təşkilatlarla müqayisədə daha gəncdir. Lakun buna baxmayaraq, gördüyü işlər 50 illik fəaliyyətdən də çoxdur. Bu təşkilatda Türkiyə ilə Azərbaycanın çox böyük xidmətləri var. Bu illər ərzində TDT çərçivəsindəki fəaliyyətlərimizdə də heç bir fikir ayrılığı yaşamadıq. Bunun ən böyük səbəblərindən biri də aramızda heç bir ziddiyətin olmamasıdır. Türkiyə ilə Azərbaycanı bu qədər yaxın edən həm də ortaq dilimiz, əlifbamızdır. Digər türkdilli ölkələrlə anlaşa bilməmiz üçün isə ortaq əlifbanın tətbiqi ilə bağlı artıq iki ildir aktiv işlər həyata keçirilir. Fikrimcə, bu ünsiyyət maneəsinin aradan qaldırılması əlaqələrəimizi daha da genişlədəcək. Biz bir ailəyik, Türk ailəsinin birliyinin daha da möhkəmlənməsi isə dünyada rifahın, əmin-amanlığın artması deməkdir”.