13 aprel 2025 23:39
171

Kiyev Rusiya ilə Türkiyədə görüşün keçiriləcəyini təkzib edib – YENİLƏNİB

Ukraynanın xarici işlər naziri Andriy Sibiha aprelin 15-i və 16-da Türkiyədə keçiriləcəyi deyilən Qara dənizdə təhlükəsizlik üzrə Rusiya ilə danışıqların planlaşdırılmadığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə TSN-in aparıcısı Alla Mazur bildirib.

“Andriy Sibiha deyir ki, belə bir şey (Ankarada görüş – red.) planlaşdırılmayıb”, – jurnalist vurğulayıb.

Daha əvvəl “CNN Türk” Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazmışdı ki, 15-16 aprel tarixlərində Ankarada Hərbi Dəniz Qüvvələri komandanlığının qərargahında Qara dənizdə sülhün qorunması məsələsi ilə bağlı Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçiriləcək.

Bununla yanaşı, “TRT Haber” görüşdə müəyyən xarici dövlətlərin “hərbi nümayəndələrinin” də iştirak etməli edəcəklərini bildirmişdi.

Qara dənizdə atəşkəs məsələsi ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında mart ayının ortalarında baş tutmuş telefon danışığından bəri müzakirə olunur. Hələlik tərəflər heç bir konkret məsələdə razılığa gəlməyiblər.

***

Rusiya və Ukrayna nümayəndələri aprelin 15-16-da Türkiyədə görüşəcəklər.

“İki sahil” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər Ankarada bir araya gələcəklər.

Görüş çərçivəsində Qara dənizin təhlükəsizliyinin müzakirə olunacağı gözlənilir. Nümayəndə heyətinə kimlərin rəhbərlik edəcəyi məlum deyil.

Türkiyə Milli Müdafiə Nazirliyi isə bildirib ki, aprelin 15-16-da Ankarada xarici ölkələrin hərbi nümayəndələri ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirəcək.

“Aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçiriləcək. Xarici ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspekti müzakirə olunacaq”, - məlumatda vurğulanıb.