Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumunda (ADF) “XXI əsrdə ayrı-seçkilik və irqçilikdə üzləşmək” və “Afrikanı bir-birinə bağlamaq: kontinental inteqrasiya gözləntisi” başlıqlı mövzularda panellər keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Baku TV”nin tədbirdən hazırladığı növbəti süjetdə bildirilib.
Birinci panel zamanı irqçilik və ayrı-seçkilik kimi problemlərin müasir dövrdə yeni formalarda özünü göstərdiyi vurğulanıb. Qlobal miqrasiya, islamofobiya, antisemitizm, afrofobiya və digər nifrət təzahürləri müzakirə edilib. İştirakçılar bu cür problemlərin təkcə fərdlərə deyil, həm də cəmiyyətlərin birliyinə və dövlətlərarası münasibətlərə ciddi ziyan vurduğunu bildiriblər.
Panelə müxtəlif ölkələrdən diplomatlar, BMT nümayəndələri, hüquq müdafiəçiləri və akademiklər qatılıb. Onlar müasir texnologiyaların və sosial medianın həm nifrət nitqlərinin yayılmasında, həm də bu cür hallarla mübarizədə necə rol oynaya biləcəyi məsələsini müzakirə ediblər. Xüsusilə təhsil, hüquqi tənzimləmələr və çoxtərəfli əməkdaşlıq yolları üzərində dayanılıb.
Digər mühüm paneldə müasir qlobal düzənin yenidən qurulduğu bir dövrdə Afrikanın öz yerini necə müəyyənləşdirə biləcəyi sualına cavab axtarmağa yönəlib. Müzakirələr zamanı Afrika ölkələrinin yeni dünya düzəninə aktiv və bərabərhüquqlu şəkildə inteqrasiya olunmasının yollarına diqqət çəkilib.
Telekanala açıqlama verən Zimbabve heyətinin nümayəndəsi Zandile Ndlovu forumun “iddialı və bir çox problemi əhatə etdiyini” söyləyib:
“Forumun iddialı və bir çox problemi əhatə etməsi, həmin problemlərin istiqamətində həllin axtarılması və vacib addımların atılması məni çox xoşbəxt edir. Afrika böyükdür, hər ölkənin öz problemi var. Həmin problemlərin həlli gələcək Afrikanın inteqrasiyasına gətirib çıxaracaq ki, bu təkcə Afrikanın deyil, bütün dünyanın uğuru olacaq”.
O həmçinin inteqrasiya prosesi çərçivəsində viza rejimin yüngülləşdirilməsi məsələsinin vacibliyini vurğulayıb.