15 aprel 2025 02:58
137

Doğma yurda köç davam edir

2025-ci ilin ilk 3 ayı ərzində dövlət başçısının azad edilən bölgələrə səfərləri, təməli qoyulan və yaxud istifadəyə verilən sosial-iqtisadi və mədəniyyət obyektləri tarixi Qarabağımızın və Şərqi Zəngəzurumuzun işğaldan öncəki simasına qovuşmasında sanballı rol oynayır

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. 30 ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Belə ki, 2025-ci ilin ilk 3 ayı ərzində dövlət başçısının azad edilən bölgələrə səfərləri, bu səfərlər zamanı təməli qoyulan və yaxud istifadəyə verilən sosial-iqtisadi və mədəniyyət obyektləri tarixi Qarabağımızın və Şərqi Zəngəzurumuzun işğaldan öncəki simasına qovuşmasında sanballı rol oynayacaq. Hər şeydən əvvəl, onu vurğulayaq ki, Prezident Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını xüsusi və prinsipial proqram üzrə həyata keçirir. 2025-ci ilin dövlət büdcəsində azad edilən ərazilərin bərpası üçün daha 4 milyard manat vəsaitin nəzərdə tutulması isə o anlama gəlir ki, dövlət 30 il işğal altında qalan və tamamilə dağıdılan Qarabağın və Şərqi Zəngəzurun şəhər, kənd və qəsəbələrinin qısa müddətdə bərpasında israrlıdır. Prezident İlham Əliyevin Ağdərə və daha sonra Ağdam və Şuşaya səfərləri zamanı da vurğuladığı kimi, keçmiş məcburi köçkünlərin doğma yerlərində xoşbəxt yaşamaları üçün bütün addımlar atılır. Artıq Zəngilanın Ağalı kəndi, Ağdərə rayonunun Talış, Həsənriz və Suqovuşan kəndlərində, Füzuli şəhəri, Şuşa şəhəri, Laçın şəhəri, Laçın rayonunun Sus və Zabux kəndlərində, Cəbrayıl şəhəri, Xocalı şəhəri və Xocalı rayonunun Ballıca kəndində 10 mindən çox keçmiş məcburi köçkün yaşayır. Bir müddət öncə Ağdamın Sarıcalı kəndinin ilk sakinlərinə Prezident tərəfindən evlərin açarları təqdim olundu. Kəndin tikintisinin 1-ci mərhələsində 895 nəfər, yəni 203 ailə bura köçürüləcək. Əgər Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən şəxsləri də bu siyahıya əlavə etsək, regionda yaşayanların sayı 40 mindən artıq olur. Prezident İlham Əliyev Ağdama səfəri zamanı qayıdış və keçmiş köçkünlərlə bağlı qarşıda duran hədəfləri belə şərh edir: “Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”.

Bəli, dövlət başçısı Ağdamda bir daha cari il ərzində əhalinin doğma yerlərinə köç prosesinin davam edəcəyinin anonsunu verdi. Beləliklə, 2025-ci ilin sonuna qədər regiona təqribən 30-40 min insan qayıtmalıdır ki, bu da ümumilikdə, azad edilmiş ərazilərdə yaşayanların sayının 70-80 minə çatacağından xəbər verir. Bundan başqa, ilin sonuna kimi daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq. Bu isə Qarabağ və Şərqi Zəngəzurun 30-a yaxın yaşayış məntəqəsinin keçmiş köçkünlər tərəfindən məskunlaşacağı deməkdir.

Bölgədə yol-nəqliyyat infrastrukturunun bərpası istiqamətində də intensiv işlər görülür. Çünki hər bir bölgənin abadlığı və inkişafı yoldan başlayır. Azad edilmiş ərazilərdə 40-dan çox avtomobil yolu layihəsi icra edilib və ya edilməkdədir, 45 tunel, 447 körpü, 16 viadukun tikintisi nəzərdə tutulur ki, artıq 28 tunel, 392 körpü və 9 viadukun tikintisi başa çatdırılıb. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.

Azad edilən ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə istiqamətində də sistemli işlər görülür. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırıqları əsasında 4 il ərzində 270 MVt gücündə 32 su-elektrik stansiyası istismara verilib, 2025-ci ildə isə 11 su-elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumiyyətlə, yaxın gələcəkdə bölgədə daha 200 MVt-lıq su-elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur ki, bu da doğma yerlərinə qayıdan insanların enerji ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacaq. Sənaye potensialı da Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası və əhalinin məşğulluğunun təminin üçün də xüsusi önəm daşıyır. Hazırda Prezidentin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı fəaliyyət göstərir. Bu parklarda sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Ağdam Sənaye Parkı bu gün yalnız Sumqayıt Kimya Sənaye Parkından geri qalır. Parkın ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 33 sahibkarlıq subyekti tərəfindən 2400-dən çox iş yeri yaradılıb. Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Ən sevindirici məsələ odur ki, istehsal edilən məhsullardan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə olunur. Artıq ixrac istiqamətində də uğurlu addımlar atılır.

“Araz Vadisi İqtisadi Zonası”nda isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnika təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Parklogistik imkanlar baxımından əlverişli ərazidə yerləşir ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Burada ümumi investisiyalarının həcmi 150 milyon manata yaxındır. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye Parkında 1 müəssisə tam fəaliyyət göstərir.

Bir sözlə, bu gün azad edilən bölgələrdə həyata keçirilən bərpa-quruculuq işləri əhalinin doğma yerlərində məskunlaşması ilə yanaşı, onların məşğulluq problemlərinin həllində mühüm rol oynayır. Gələcəkdə istər Şuşa, istər Xankəndi, istər Ağdam, istərsə də digər rayonlar həm turizm, həm də böyük tədbirlərin keçiriləcəyi məkanlara çevriləcək.

Sevinc Azadi, “İki sahil”