16 aprel 2025 03:01
91

“Yaxın sülh”ü uzaq edən kimlərdir?

Ermənistan və rəsmilərinin sülhsevərliyə dair verdikləri açıqlamalar gələcəkdə Azərbaycanı ittiham etmək üçün təbliğat bazası rolunu oynaya bilər

Ermənistanın davranışları onun sülhə maraqlı olmadığını nümayiş etdirir. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın çıxışlarında səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Nə qədər paradoksal olsa da Mirzoyan ölkəmizin sülhə maraqlı olmadığını deyir, Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup müharibə cinayətkarına haqq qazandıran, insan hüquqları anlayışına zidd və bölgədə sülh səylərinə mane olan fikirlər səsləndirir. O, həmçinin iddia edir ki, guya Azərbaycandan verilən bəyanatlar Ermənistanın ərazi bütövlüyünü şübhə altına qoyur.

Göründüyü kimi, Ermənistan hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırıb, sülh sazişini imzalamaq üçün şərtlərə, təkliflərə əməl etməkdənsə, adət etdiyi ən sadə yola - saxtakarlığa əl atır. Bu günlərdə Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə bunları deyib: “Azərbaycanla normallaşma prosesini müzakirə etmişik, uzun müzakirələrdən sonra sülh sazişinin mətinini razılaşdırdıq. İndiki məqsədimiz sülh sazişinin imzalanacağı yeri və günü təyin etməkdir. Hesab edirik ki, münasibətlərin qurulması üçün bu, bir başlanğıcdır”.

Həmin tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, rəsmi Bakı sülh sazişinin imzalanmasına köklənsə də, Ermənistanın konstitusiyasında ziddiyyətli məqamlar var: “Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Konstitusiyada müəyyən dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir”. Ceyhun Bayramov Azərbaycanın Konstitusiyası ilə bağlı rəsmi İrəvanın iddialarına da cavab olaraq qeyd edib ki, ölkənin Əsas Qanununda Ermənistanın mövcud ərazisinə dair ərazi və torpaq iddiası yoxdur. Rəsmi Bakının İrəvan qarşısında irəli sürdüyü başqa şərt ATƏT-in Minsk qrupunun ləğvidir. Ararat Mirzoyan bu məsələyə münasibət bildirərək deyib ki, buna sülh sazişi imzalandıqdan sonra baxa bilərlər. Rəsmi İrəvan hər iki məsələnin icrası müddəti ilə bağlı konkret cavab verməkdənsə, qeyri-müəyyən münasibət bildirməklə vaxtı müəmmalı şəkildə uzadır.

Ermənistanda baş verənlərə əsasən, belə ehtimal etmək olar ki, Azərbaycana qarşı gələcəkdə işğalçı addımlar atıla bilər. Ona görə düşünmək olar ki, ölkə rəsmilərinin sülhsevərliyə dair verdikləri açıqlamalar gələcəkdə Azərbaycanı ittiham etmək üçün təbliğat bazası hazırlayır. Paşinyana konstitusiyanı dəyişməyə mane olan səbəb daxili amildir. O, yaxın bir-iki ildə parlament seçkilərinə getməyi planlaşdırır. Bu baxımdan, belə düşünmək olar ki, Paşinyan əsas qanunu dəyişməməklə siyasi kampaniyada əlavə sualların yaranmasını istəmir. O, bununla həm də müxalifətin dəyişiklikdən mümkün istifadəsindən narahatdır. Başqa bir tərəfdən, Fransa və erməni lobbisi də konstitusiyanın dəyişməsini vacib saymır. Bu günlərdə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro bildirib ki, Ermənistan konstitusiyasının dəyişməsinə ehtiyac yoxdur. O, Azərbaycan-Ermənistan şərti sərhədində gərginlikdən narahatlığını da bildirib. Son zamanlar bu ərazidə Ermənistan hərbçiləri Azərbaycan istiqamətində atəşkəsi pozur. Jan-Noel Baro Fransa hakimiyyətinin ənənəvi ikili standartını yenə nümayiş etdirir. Bir yandan Ermənistanı ağır silah və hərbi texnika ilə silahlandırır, bu ölkənin təcavüzkar konstitusiyasının dəyişməsinə qarşı çıxır, o biri yandan isə şərti sərhəddə sabitliyin pozulmasından “narahat olduğuna” dair açıqlama verir. Bu kimi amillər Azərbaycanla sülh sazişinin imzalanmasına mane olur. Həmin qüvvələr konstitusiyanın dəyişməsini əngəlləməklə, əslində, Ermənistanın mövcud vəziyyətdən çıxmasına problem yaradırlar. Onlar rəsmi İrəvanın xarici qüvvələrdən asılılığını da təsdiqləyirlər. Fransa Ermənistanın daxili işlərinə müdaxilə etməklə vəziyyəti daha da gərginləşdirir. Yeri gəlmişkən, başqa ölkələrin daxili işinə müdaxiləyə görə rəsmi Parisə Əlcəzairdə etiraz edilib. Əlcəzair hakimiyyəti Fransanın 12 diplomatını ölkədən qovub. Onlara ölkəni tərk etmək üçün 48 saat möhlət verilib. Bu fakt Fransanın yarıtmaz xarici siyasi kursunun nəticəsidir.

Hazırda Azərbaycanda işğaldan təmizlənən ərazilərdə mülki, sosial obyektlər tikməklə yanaşı, bölgədəki mədəniyyət abidələrini də bərpa edir. Ancaq bir sıra beynəlxalq təşkilatlar Qarabağda guya erməni abidələrinin dağıdılmasına dair hesabat hazırlayırlar. Ermənistanın, havadarlarının Azərbaycana qarşı bu kimi ədalətsizliyi 1988-ci ildən 2020-ci ilin payızınadək davam edib. Həmin illərdə Qərbi azərbaycanlıların vətəndaşlıq hüquqları zorla tapdanaraq öz tarixi və dədə-baba yurdlarından qovulmalarını beynəlxalq ictimaiyyət sükutla izləmişdi. Sonrakı dövrdə Azərbaycan Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunaraq azərbaycanlıların məcburi köçkün vəziyyətinə düşməsini də bütün beynəlxalq təşkilatlar və dünyanın aparıcı gücləri sükutla qarşılamışdı. Beynəlxalq ictimaiyyəti təmsil edən bəzi dövlətlər Azərbaycana qarşı oxşar haqsızlığı bu gün də davam etdirirlər. Aydın məsələdir ki, Qərbi azərbaycanlılarının doğma yurdlarına qayıtması onların fundamental haqqıdır və bu da beynəlxalq hüquqla təsbit olunub. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb. BMT-nin insan hüquqları və beynəlxalq hüquq sahəsində qəbul etdiyi mühüm prinsiplərdən biri olan qayıdış hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində qeyd olunur. Bu bənddə açıq mətnlə deyilir ki, “Hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ var” və “hər kəsin öz ölkəsinə qayıtmaq hüququ var”.

Azərbaycan dövləti beynəlxalq hüququn tələblərinə uyğun olaraq suverenliyini tam bərpa edib və bundan sonra hər hansı təzyiq, şantaj və yalan kampaniyalarına əhəmiyyət vermədən öz yoluna davam edəcək. Ermənistanın Azərbaycana qarşı bu cür yalançı ittihamlarla dolu bəyanatları sadəcə olaraq öz məğlubiyyətini ört-basdır etmək üçün uğursuz cəhddir. Ermənistan nə qədər çox manipulyasiya edirsə, bir o qədər də özünü daha aciz və iflas etmiş bir dövlət kimi təqdim edir. Ermənistan XİN bilməlidir ki, Azərbaycana qarşı müxtəlif primitiv informasiya hücumları ilə heç nəyə nail ola bilməyəcəklər.

Sevinc Azadi, “İki sahil”