Ermənistanla Azərbaycan arasında müharibə 2020-ci ildə 44 günlük savaşla başa çatıb. Artıq dörd ildən çoxdur ki, tərəflər arasında sülh danışıqları aparılır. Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Lakin Fransanın təkidi ilə sürətlə silahlanan, beynəlxalq tribunalardan özünü “sülh göyərçini” kimi təqdim edən təcavüzkar ölkə sülhün əldə edilməsinə süni maneələr yaratmaqda davam edir.
Dezinformasiyaları da bu maneələrdən biri hesab etmək olar. Bu gün də Ermənistanın dezinformasiya siyasəti maşını fəaliyyətini “ustalıqla” davam etdirir. Belə ki, bir neçə gün öncə Ermənistan Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə məlumat yayıb.
Halbuki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt, o cümlədən Vətən müharibəsi, birgünlük lokal antiterror əməliyyatı zaman mülki əhalini və obyektləri hədəf seçməyib. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür. Şübhəsiz, Ermənistan tərəfi həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdiyi təxribatları gizlətməyə cəhd edir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu ilin aprel ayının 15 günü ərzində Azərbaycan Ordusunun mövqelərini 9 dəfə atıcı silahlardan atəşə tutub. Bütün bunlar rəsmi İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir.
Şübhəsiz, təcavüzkar ölkə növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır. Bu da bir daha sübut edir ki, Ermənistan hələ də tipik erməni xəstəliyindən xilas ola bilmir.
Bəli, Ermənistanın bu kimi addımları dünyada söz sahibi olan Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönəlib. Təcavüzkar ölkə bununla həm özünün silahlanmasına, həm də şərti sərhəddə yerləşdirdiyi Avropa İttifaqının “mülki missiya”sının fəaliyyətinə haqq qazandırmağa çalışır. Bu kimi dezinformasiyalarla elə rəy yaradırlar ki, guya Azərbaycan Ermənistan ərazilərini işğal etməyə hazırlaşır. Elə bunun nəticəsidir ki, Qərb də Ermənistanı təcavüzə məruz qalan, Azərbaycanı isə işğala hazırlaşan dövlət kimi təqdim edir. Son 5 il ərzində Ermənistan mediasında paylaşılan materialları təhlil edərkən də dezinformasiyaların əsas yer tutduğunu görmək mümkündür. Bütün bunlar isə o deməkdir ki, Ermənistan hələ də Azərbaycanla real və dayanıqlı sülhə hazır deyil.
Lakin bu kimi dezinformasiyalar ölkəmizi öz haqq yolundan döndərə bilməyəcək. Unutmayaq ki, Ermənistan və onun havadarları, Azərbaycanı gözü götürməyən qüvvələr otuz ilə yaxın müddətdə, həmçinin İkinci Qarabağ müharibəsi, bir günlük lokal antiterror əməliyyatı, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı da bu kimi dezinformasiyalardan istifadə edirdilər. Amma beynəlxalq aləmdə söz sahibi olan ölkəmizin ermənilərin haqsız və ədalətsiz dezinformasiyalarına məntiqlə və beynəlxalq hüququn tələb etdiyi qaydalar çərçivəsində cavab verməsi sayəsində onlar heç nəyə nail ola bilmədilər. Bu mənada Azərbaycan dezinformasiyaların ən acı nümunələrini yaşayıb desək, yanılmarıq.
Ermənstan unutmasın ki, bu gün Azərbaycan təkcə öz ərazisini və suverenliyini deyil, həm də ümumilikdə regionu kənar müdaxilələrdən, o cümlədən dezinformasiyalardan qorumaq gücündədir. Bu mənada haqqımızda mənfi rəy yaratmağa çalışan ermənilərin səyləri əbəsdir, bütün planları, dezinformasiyaları iflasa məhkumdur. Bu məsələdə Azərbaycanın yeganə silahı haqq-ədalət, bir də bölgədə yaratdığı yeni reallıqlardır.
Qvami Məhəbbətoğlu, “İki sahil”