Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Nazirliyinin təsdiq olunmuş İş Planının müvafiq bəndlərinə uyğun olaraq Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında “Ağ ölüm”, İrəvan Dövlət Azərbaycan Dram Teatrında M.Haqverdiyevin “Şeytan və ağ ölüm”, Lənkəran Dövlət Dram Teatrında R.Rəhimlinin “Ağ kəlağayı” tamaşaları hazırlanmışdır.
Sözügedən tamaşalar teatrlarda hər ay mütəmadi olaraq göstərilməklə yanaşı, müxtəlif təhsil ocaqları ilə birgə layihələr şəklində də nümayiş olunmuşdur.
9 oktyabr 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin bəlası” adlı tədbir keçirilmişdir. Tədbir çərçivəsində təşkil olunan “Narkomaniyaya “yox” deyək” adlı sərgidə “Uni Kids Club” tədris mərkəzinin üzvlərinin rəsm əsərləri nümayiş olunmuşdur.
30 aprel 2024-cü il tarixində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və “İrəli” İctimai Birliyinin daxilində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Uçurum” adlı tədbir təşkil olunmuş və bu mövzuda videoçarx nümayiş etdirilmişdir.
Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 25 iyun 2024-cü il il tarixində Qaradağ rayonundakı Heydər Əliyev parkında Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş sərgi təşkil olunmuşdur.
Azərbaycan Milli Kitabxanası narkomaniyanın və digər zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə mənfi təsir etməməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir. Bu istiqamətdə Milli Kitabxanada bir sıra işlər görülmüşdür. “Gəncliyimizi qoruyaq! (Narkotik ölümün dostudur sənin deyil!)” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunmuşdur.
25 iyun tarixində Milli Kitabxanada “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunmuşdur.
4 dekabr 2024-cü il tarixində Bakı Xoreoqrafiya Akademiyasında “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Bakı Xoreoqrafiya Akademiyasının müəllim-şagird heyətinin, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə sağlam cəmiyyətin formalaşmasına zidd olan narkotik vasitələrin insan həyatı üçün törətdiyi təhlükədən, bəşəriyyətin qlobal problemlərindən biri olan narkomaniyanın yaratdığı sağalmaz fəsadlardan geniş söhbət açılmışdır.
Tədbir çərçivəsində narkomaniya və bu kimi zərərli vərdişlərə tutulmuş gənclərin acı həyat hekayəsi və onların son məqamda keçirdikləri peşmanlıq hislərinə həsr olunmuş videosüjet nümayiş edilmişdir.Tədbirdə narkomaniyanın törətdiyi faciələr, cəmiyyətə vurduğu zərər barədə ətraflı məlumat verilmiş, narkotik vasitələr ilə mübarizə sahəsində Azərbaycanda aparılan işlər barədə söhbət açılmış, polis əməkdaşları tərəfindən görülən məqsədyönlü tədbirlər, onların nəticələri cari dövr üçün tam icra olunub vurğulanmışdır. Sonda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
19 dekabr 2024-cü il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilmişdir. Tədbirdə narkomaniyanın insan orqanizminə olan zərərli təsirlərindən, asılılıq yaradan psixotrop maddələrin istifadəsinin fəsadlarından, nəticədə azadlığın, sağlamlığın itirilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Ötən il ərzində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ailə münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək tədbirlərin formalaşdırılması, uşaqların asudə vaxtının təşkili və onların pis vərdişlərdən çəkindirilməsi məqsədilə “Sağlam ailə, xoşbəxt gələcək” mövzusunda tədbir keçirilmişdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” adlı virtual kitab sərgisi keçirilmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi