Bu il gürcü dilində təhsil alan 200-dən çox məzun Azərbaycanda imtahan verib. Onlardan 100-ü 11-ci sinif, 120-si isə 10-cu sinif şagirdidir.
Bu fikirləri jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.
Sədr bildirib ki, Azərbaycanda fəaliyyət göstərən və Azərbaycan dilində tədris aparılan məktəblərdə dövlət dili üzrə imtahanların təşkili və nəticələrin qiymətləndirilməsi sahəsində əməkdaşlıq davam etdirilir:“Biz bu əməkdaşlıq çərçivəsində əldə etdiyimiz təcrübəni Gürcüstan tərəfi ilə bölüşürük. Xüsusilə kütləvi imtahanların idarə olunmasında tətbiq etdiyimiz alqoritmik yanaşmalar onların böyük marağına səbəb olub. Qarşı tərəf bu texnologiyaların öz sistemlərinə uyğunlaşdırılaraq tətbiq edilməsini nəzərdən keçirmək niyyətindədir”.
M.Abbaszadə əlavə edib ki, Gürcüstan nümayəndələri səfərin növbəti günündə də elektron imtahan mərkəzində müşahidələr aparacaq və 9-cu sinif buraxılış imtahanlarında iştirak edəcəklər. Onlar imtahanların qapalı mühitdə təşkilini yerində izləyəcək və prosesə dair suallarla maraqlanacaqlar.
DİM rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanda dövlət qulluğuna qəbul imtahanları və digər kütləvi qiymətləndirmə prosesləri mərhələli şəkildə elektron formata keçirilir. May ayında peşəkar mühasiblik sertifikatı imtahanı da elektron formada keçiriləcək: “Növbəti mərhələdə isə rezidentura imtahanlarının elektron formada təşkili nəzərdə tutulur. Eyni zamanda, magistraturaya qəbul imtahanlarının elektron formata keçirilməsi ilə bağlı hazırlıqlar da gedir. Bu proses Azərbaycan, rus və ingilis dillərində təhsil alan məzunlar üçün tətbiq ediləcək. Beləliklə, bütün abituriyentlər vahid elektron sistem üzərindən imtahan vermək imkanına malik olacaqlar”.
Məleykə Abbaszadə bu imtahanlarında şagirdlərin nəticələrində Azərbaycan dili fənni üzrə göstəricilərin yüksəldiyini qeyd edib:”Statistik təhlillər göstərir ki, əvvəlki illərlə müqayisədə bu il buraxılış imtahanlarında şagirdlərin nəticələrində müəyyən irəliləyiş müşahidə olunur. Xüsusilə Azərbaycan dili fənni üzrə göstəricilər yüksəlib. Riyaziyyat və xarici dillər üzrə nəticələr isə ötən illə müqayisədə sabit qalıb”.
Yaqut Ağaşahqızı, “İki sahil”