24 aprel 2025 20:51
115

“Global Times”: Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir

Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzetində dərc olunan “Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlıq quraraq əhatəli əməkdaşlıqda yeni səhifə açır” başlıqlı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Çində dövlət səfəri və səfər zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər əsasında iki ölkənin münasibətlərinin inkişafı təhlil edilib.

“İki sahil” xəbər verir ki, məqalənin müəllifləri Liu Sin və Şen Şenq Azərbaycan və Çin liderlərinin görüşündə müzakirə olunan məsələlərə toxunub, onların fikirlərindən sitatlar gətiriblər. Qeyd olunub ki, dövlət başçılarının görüşündən sonra hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatla yanaşı, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb.

Məqalədə Lancou Universitetinin “Bir kəmər, bir yol” araşdırma mərkəzinin icraçı direktoru Cu Yonbiaonun iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması barədə rəyi də əksini tapıb. Çinli ekspert bildirib ki, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir. “Tərəflər arasında diplomatik münasibətlərin qurulmasından bəri Azərbaycan əsas maraqları ilə bağlı məsələlərdə Çini dəstəkləyib, iki ölkə bir çox beynəlxalq məsələlərdə oxşar və ya üst-üstə düşən mövqelər tutur. Bu yeniləmə iki ölkənin birgə səylərini əks etdirir və xalqların ümumi maraqlarına xidmət edir”, - deyə Cu Yonbiao vurğulayıb. Onun sözlərinə görə, son illər Çin rəqəmsal texnologiyalar və yaşıl inkişaf kimi sektorların inkişafına üstünlük verir, Azərbaycan kimi ölkələr isə onları inkişafın əsas istiqamətləri hesab edirlər. “Çin qabaqcıl texnologiya, zəngin təcrübə və yaxşı inkişaf etmiş istehsal zənciri təklif etdiyi üçün hər iki tərəf bu sahələrdə bir-birini tamamlayır”, - deyən ekspert əlavə edib ki, Çin müvafiq texnologiyaların və məhsulların birgə inkişafına və daha geniş tətbiqinə kömək etmək üçün öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Məqalədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizdən söz açılaraq, onun əsas qovşağı olan Azərbaycanın Çin və Avropanın bağlantısında mühüm rol oynadığı qeyd edilib. “Yeni imzalanmış sənədlər logistikanın standartlaşdırılmasını təşviq etməklə, transsərhəd gömrük prosedurlarını təkmilləşdirərək ticarəti asanlaşdırmaqla Çin-Avropa quru-dəniz marşrutunun səmərəliliyini artıracaq”, - deyə Lancou Unoversitetinin Mərkəzi Asiya İnstitutunun professoru Sun Siuven bildirib. Azərbaycanın COP29 tədbirinə uğurla ev sahibliyi sayəsində qlobal iqlim idarəetməsində artan rolunu nümayiş etdirdiyini deyən ekspert-alim əlavə edib ki, gələcəkdə Çin-Azərbaycan əməkdaşlığının aşağı karbonlu inkişaf, rəqəmsal iqtisadiyyat və ağıllı infrastruktur kimi inkişaf etməkdə olan sektorlara, həmçinin yaşıl texnologiyaların təşviqi üzrə birgə səylərə yönəldiləcəyi gözlənilir.

Bundan başqa, məqalədə Qlobal Cənubun üzvü olan Azərbaycan və Çinin ikitərəfli əlaqələri dərinləşdirməklə yanaşı, çoxtərəfli əməkdaşlıq vasitəsilə daha ədalətli və inklüziv qlobal idarəetmə sistemini birgə təbliğ etdikləri bildirilib.

Azərbaycan Prezidentinin Çinə dövlət səfərinin gedişi Çin mediasının diqqət mərkəzində olub. Gün ərzində Çinin milli xəbər agentliyi Sinxua başda olmaqla müxtəlif media orqanları səfərin gedişatına, o cümlədən Çin Dövlət Şurasının Baş naziri Li Çianq, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşləri barədə xəbərlər yayıb.