25 aprel 2025 13:07
111

Həkim və əczaçıların sertifikasiyası ilə bağlı yeni mexanizm tətbiq olunacaq

Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası prosesi təkmilləşdirilir.

“İki sahil” xəbər verir ki, bu, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Təklif edilən dəyişikliklər çərçivəsində, yeni mexanizmə əsasən, tibbi və əczaçılıq sahəsində fəaliyyət göstərən şəxslərin davamlı peşəkar inkişaf (DPİ) göstəricilərinə əsasən qiymətləndirilməsi planlaşdırılır. Bu isə onların bilik və bacarıqlarının daim yenilənməsini və peşə yararlılığının mütəmadi olaraq yoxlanılmasını nəzərdə tutur. Hazırda qüvvədə olan qanunvericiliyə görə, hər beş ildən bir səhiyyə işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyadan keçməlidir. Yeni dəyişikliklə isə bu müddət ərzində həkim və əczaçılar DPİ tədbirlərində iştirak etməklə müəyyən kredit vahidlərini toplamalı və ya sertifikasiya imtahanını uğurla verməlidirlər. DPİ tədbirləri akkreditasiya olunmuş tədris və elmi fəaliyyətlərlə əhatə olunacaq. Bu fəaliyyətlərə konfranslar, seminarlar, elmi tədqiqatlar, pedaqoji fəaliyyət və müstəqil öyrənmə formaları daxildir. Bu tədbirlərdə iştirak edərək toplanan kredit vahidləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək meyarlarla təsdiqlənəcək. Sertifikasiya müddəti əvvəlki kimi 5 il qüvvədə olacaq. Bu müddət ərzində müəyyən olunmuş minimum kredit balını toplamayan şəxslər yalnız imtahan verərək sertifikat ala biləcəklər.

Qanun layihəsində, həmçinin sosial vəziyyəti nəzərə alınan şəxslərlə bağlı istisnalar da nəzərdə tutulur. Belə ki, hamilə qadınlar, üç yaşınadək uşağa qulluq məzuniyyətində olan və məzuniyyət dövrü başa çatdıqdan sonra bir ildən az müddətdə işləyən qadınlar, eləcə də uşağını təkbaşına böyüdən kişilər üçün sertifikasiya tələbi tətbiq edilməyəcək. Bundan əlavə, tibb və səhiyyə ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış şəxslər üçün müvafiq ixtisas və ya elmi dərəcə alındığı gündən etibarən beş il ərzində sertifikasiya şəhadətnaməsi tələb olunmayacaq. Sertifikasiya imtahanları ödənişsiz olacaq. Lakin könüllü şəkildə keçiriləcək sınaq imtahanlarında iştirak edənlər üçün ödəniş məbləği ayrıca müəyyən ediləcək. Eyni zamanda, imtahan prosesində ixtisasa aidiyyəti olmayan sualların verilməsi, eləcə də iştirakçıların siyasi və dini baxışlarına görə qiymətləndirilməsi yolverilməz hesab edilir.

Yeni prosedurların tətbiqi həkim və əczaçıların bilik və bacarıqlarının daim inkişaf etdirilməsinə, peşəkar fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.