27 aprel 2025 11:30
134

Alimlərdən yeni KƏŞF

Uzaqdan baxanda Ay tamamilə sakit və hərəkətsiz görünür. Çünki milyardlarla il əvvəl o demək olar ki, bütün geoloji aktivliyini itirib. Amma alimlər təəccüblü bir fakt aşkarlayıblar: Ay hələ də müntəzəm olaraq "əsir" - özü də gündə iki dəfə!

“İki sahil” xəbər verir ki, bu fakt Kaliforniya Texnologiya İnstitutunun (Caltech) araşdırması ilə məlum oldu.

Bildirilir ki, bu sirli hadisənin səbəbi isə Ayın səthində tapılıb.

"Apollo" missiyaları zamanı astronavtlar Ayda bir neçə seysmometr (zəlzələləri ölçən cihaz) quraşdırmışdılar. Uzun illər bu cihazlardan alınan məlumatlar köhnəlmiş hesab olunurdu. Lakin Kaliforniya Texnologiya İnstitutunun (Caltech) alimləri bu məlumatlara - bu dəfə süni intellekt və müasir maşın öyrənməsi alqoritmlərinin köməyi ilə yenidən baxmaq qərarına gəlirlər.

Nəticə heyrətamiz olub: Ayda hər gün, eyni saatlarda, kiçik titrəyişlər - yəni mikro əsmələr baş verir!

Araşdırmalar göstərdi ki, bu "Ayın zəngli saatı" Günəşin doğması və batması anlarında baş verir. Səbəbi isə çox sadədir: temperaturun sərt dəyişməsi!

Ayda atmosfer yoxdur, ona görə də, temperatur birdən-birə dəyişir. Gündüzlər səthin temperaturu +120°C-yə qədər qalxır, gecələr isə -133°C-yə qədər düşür. Bu kəskin istilik fərqləri Ay səthindəki qayaların genişlənib-daralmasına səbəb olur, bu da mikroskopik titrəyişlərə yol açır.

Baxmayaraq ki, bu titrəyişlər insanın hiss edə bilməyəcəyi qədər zəifdir, gələcəkdə Ayda qurulacaq bazalar və avadanlıqlar üçün təhlükə yarada bilər. Alimlər vurğulayırlar ki, bu kiçik, amma davamlı "Ay titrəyişi" gələcək layihələrin dizaynında və istifadə olunacaq materialların seçimində mütləq nəzərə alınmalıdır. (Oxu.Az)