Aprelin 27-də beşinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi çərçivəsində ümumi biliklər üzrə əsas imtahanı keçirilib.
“İki sahil” xəbər verir ki, imtahanda 10 min 729 nəfər iştirak edib. Saat 11:00-da başlayan imtahan bir növbə üzrə təşkil olunub və 90 dəqiqə davam edib.
Onlayn mərhələ zamanı texniki dəstək komandası da aktiv fəaliyyət göstərərək yaranan sualların operativ cavablandırılmasını təmin edib.
Bu mərhələdə keçid balı 60 və daha yuxarıdır. V “Yüksəliş” müsabiqəsinin qaydalarının 9.2.4. bəndini (İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə və kömək etmək cəhdi) kobud şəkildə pozduğuna görə ümumi biliklər üzrə əsas imtahandan 50 namizəd kənarlaşdırılıb. Ümumi biliklər üzrə əsas imtahanda iştirak etməyən namizədlər növbəti mərhələyə buraxılmır. Namizədlər imtahanda Azərbaycan bloku, dünya bloku, idarəetmənin əsasları və müasir trendlər üzrə hər bölmə üçün 25 sual olmaqla ümumilikdə 100 suala cavab veriblər.
Qeyd edək ki, sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il dekabr 18-də müvafiq Sərəncam imzalanıb.