Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik Konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilən konfransda Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqlarla yanaşı, Rusiya, Türkiyə, İtaliya, Gürcüstan və digər ölkələrdən də tanınmış mütəxəssislər də iştirak edirlər.
Ənənəvi xarakter daşıyan həmin konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislərin təcrübə mübadiləsi üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual məsələləri, yeni diaqnostika və müalicə metodlarının təhlili, eyni zamanda, gələcək hədəflərin müəyyən edilməsidir.
Konfransda “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi”, “Paul qlaukoma implantı, qısamüddətli nəticələr”, “SMILE PRO - lazer görmə korreksiyasının innovativ üsulu”, “Azərbaycanın regionlarında uveitin epidemiologiyasının təzahürləri”, “Tor qişanın vitreoretinal cərrahiyyəsi: qeyri-standart hallar”, “Oftalmoloji yardımın III etapında göz travmatizmi ilə bağlı təcili və təxirəsalınmaz müraciətlərin regional xüsusiyyətləri” və s. mövzular həm nəzəri biliklərin, həm də praktik təcrübənin təqdim olunmasına imkan verəcək. Elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına zəmin yaradacaq.
Qeyd edək ki, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti ilə Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın tədqiqi və aradan qaldırılması, həmçinin peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində xüsusi elmi töhfələr verib.
O, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə 150 elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi ilə Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr verib. Onun adı bu sahədə yetişmiş bir çox yüksək ixtisaslı mütəxəssisin formalaşmasında xüsusi hörmətlə çəkilir.