Bakıda, Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır.
"Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur", - o bildirib.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir. 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb.
Konfrans digər çıxışlarla davam edir.