“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Peşə Məktəbi ərazi partiya təşkilatında “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək bildirib ki, bu il müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Məhz bununla əlaqədar olaraq 2025-ci il Prezident İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ağdaş Peşə Məktəbinin direktoru Elmira Qafarova, məktəbin müəllimi Elşad Hacıyev, YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov çıxışlarında qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası özündə çoxlu sayda hüquq və azadlıqları ehtiva edir. Müstəqil Azərbaycanın bu gün güclü dövlətə çevrilməsinin əsasında dayanan mühüm amillərdən biri də Konstitusiyamızın mütərəqqi qanunvericilik bazası olmasıdır. Həmçinin vurğulanıb ki, Konstitusiyamızın hüquqi qüvvəsi artıq bütün ölkə ərazisində bərqərar olub.
Tədbirinin sonunda bir qrup partiya fəalına rayon təşkilatının Fəxri fərmanları təqdim olunub.