28 aprel 2025 16:25
99

ABŞ və Ukrayna bu həftə iqtisadi saziş imzalaya bilər

ABŞ və Ukrayna iqtisadi tərəfdaşlığa dair çərçivə sazişi yaratmağa yaxındırlar.

“İki sahil” xəbər verir ki,  bu barədə "Financial Times" məlumat yayıb.

Yüksək səviyyəli Ukrayna rəsmisi bildirib ki, sənəd bu həftə imzalana bilər. ABŞ prezidenti Donald Tramp izah edib ki, iqtisadi razılaşma Vaşinqtona 2022-ci ilin fevralından Kiyevə yardım üçün köçürülən milyardlarla dolları geri qaytarmağa imkan verəcək.

FT mənbələri bildiriblər ki, yekunlaşmaqda olan çərçivə sazişi bütün mineral ehtiyatları, o cümlədən neft və qazı, həmçinin Ukraynanın əsas enerji aktivlərini əhatə edir. Bir gün əvvəl Ukraynanın baş naziri Denis Şmıqal bəyan etmişdi ki, ABŞ-la razılaşmaya əsasən, saziş imzalanmadan əvvəl Kiyevə verilən yardım borc öhdəliyi kimi sövdələşməyə daxil edilməyəcək.

Müqavilə Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur. Kiyev dövlətin təbii ehtiyatlarının (neft, qaz, faydalı qazıntılar) gələcəkdə monetizasiyasından əldə olunan gəlirin 50%-ni bu fonda verəcək.