29 aprel 2025 07:56
96

Çin XİN: BRİKS ölkələri qlobal sülh və inkişaf üçün qalaya çevrilməlidir

“BRİKS ölkələri beynəlxalq arenada müsbət və konstruktiv qüvvə kimi çıxış edərək, aparıcı rol almalı, sülh və inkişaf üçün qalaya çevrilməlidir”.

İki sahil” xəbər verir ki, bunu BRİKS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi deyib.

Onun sözlərinə görə, beynəlxalq vəziyyət köklü dəyişikliklərə məruz qalıb, dünya təlatümlər dövrünə qədəm qoyub, sülh və inkişaf işi yeni və ciddi sınaqlarla üz-üzədir: “Beynəlxalq əməkdaşlığın əsas konsepsiyaları sarsıdılıb, beynəlxalq münasibətlərin inkişafı üçün əsaslar daim sual altındadır və dinc inkişaf üçün beynəlxalq mühit sarsıntılarla üz-üzədir”.

Vanq Yi ümumbəşəri təhlükəsizlik konsepsiyasına əməl etməyin, “qarşıdurmadan çox dialoq, ittifaqdan çox tərəfdaşlıq, sıfır məbləğli oyunlardan çox ud-qazan” yolu ilə getməyin zəruriliyini qeyd edib.

O, həmçinin açıqlığın və əməkdaşlığın vacibliyini qeyd edib. "Biz çoxtərəfli ticarət sistemini qətiyyətlə qorumalı, ölkələrin qarşılıqlı faydalı və hərtərəfli inkişafına kömək etməli və iqtisadi qloballaşmanı dəstəkləməliyik".

Məhərrəm Ağalaroğlu, “İki sahil”