Fransız mediası Almaniya ilə sərhəddəki Brumat kommunasında baş verən yanğında həlak olan etnik türklərdən olan ailənin üç uşağının şəxsiyyətlərini qəsdən qeyd etmir.
“İki sahil” xəbər verir ki, fransız jurnalistlərinin qərəzli mövqeyinə NTV telekanalı diqqət çəkib.
Türkiyə telekanalı qeyd edir ki, Strasburq şəhəri yaxınlığında şənbə günü baş vermiş faciə barədə fransız mediasının məlumatlarında həlak olanların şəxsiyyətlərini söyləməkdən yan keçilir və bu yolla Türkiyənin Rizə bölgəsindən olan ailə üzvlərinin milliyyətinə diqqət yetirilməməsinə çalışılır.
"Faciənin qurbanları 13 yaşlı Ercin Kuru, 11 yaşlı Hatice və 5 yaşlı Melek olub. Avropanın müxtəlif yerlərindən Bryumata kədər içində olan ailənin qohum və tanışları axışıb gəlir", - deyə telekanal bildirir və yanğının səbəblərinin araşdırıldığını qeyd edir.
Bununla belə, nə polis, nə də prokurorluq hadisənin səbəbləri barədə hələ heç bir açıqlama verməyib.