29 aprel 2025 07:23
96

Təşkilat: Britaniyada təcili yardım xidməti pandemiyadan əvvəlkindən pis vəziyyətdədir

Böyük Britaniyada təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə daha pis vəziyyətdədir.

“İki sahil” “BBC”yə istinadla xəbər verir ki, bu barədə “Health Foundation” təşkilatının hesabatında bildirilib. Qeyd olunub ki, 2025-ci ilin yanvar ayında A&E (təcili yardım və qəbul) şöbələrində 12 saat və ya daha çox gözləyən xəstələrin sayı 61 min 529-a çataraq rekord həddə yüksəlib. Bu, təcili yardım xidmətlərinin performansında ciddi azalmaya işarə edir.

Hesabatda qeyd olunur ki, vəziyyətin əsas səbəblərindən biri xəstəxanalardan çıxmağa hazır olan, lakin sosial qayğı xidmətlərinin çatışmazlığı səbəbindən xəstəxanada qalmağa məcbur olan xəstələrin sayının artmasıdır. Bu, təcili yardım şöbələrində və təcili yardım maşınlarının xəstələri təhvil verməsində yubanmalara səbəb olur.

Səhiyyə Nazirliyi problemləri həll etmək üçün 1 milyard funt sterlinq dəyərində təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin bərpası planını açıqlayıb. Bu plan çərçivəsində 5 min əlavə xəstəxana yatağı və 800 yeni təcili yardım maşını təmin ediləcək.