16 may 2025 09:51
119

Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi müstəqillik təbii olaraq beynəlxalq müstəvidə Azərbaycanın uğurla, inamla müstəqil xarici siyasət aparmasına böyük imkanlar qazandırır

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili, sahibkarlığın inkişafı və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə xidmət edir: ölkəmiz daha da qüdrətlənsin, sosial-iqtisadi sahədə davamlı inkişaf təmin edilsin. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.

Həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayanması sosial sahəyə xüsusi diqqətin göstərilməsində özünün aydın ifadəsini tapır. Maaşların, pensiyaların, təqaüdlərin artırılması, sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin. Ötən illərə diqqət yetirsək görərik ki, sosial proqramlar ildən-ilə daha da genişlənir.

Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırıldı. Onu da qeyd edək ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi icra edilmişdir. Bu il beşinci sosial paketin icrası həyata keçirildi.

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində iqtisadiyyatın inkişafı üçün möhkəm təməlin yaradıldığını, bundan sonra bu təməl üzərində yeni islahatların həyata keçiriləcəyini diqqətə çatdırmışdır. Təbii ki, bu, ölkə Prezidentinin yenilikçi, təkmil islahatlara meyilli olmasından irəli gəlirdi. Reallıq budur ki, cənab İlham Əliyev Azərbaycanı zamanın çağırışlarına uyğunlaşdırıb. Əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında, ortaya çıxan problemlərin narahatlıq doğurmadan müsbət həllində əhəmiyyətli rol oynayır. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranının ardınca 2019-cu ilin sonlarından başlayan koronavirus infeksiyası ilə mübarizə tədbirləri ölkələrin malik olduqları imkanların təqdimatında mühüm rol oynadı. Baxmayaraq ki, COVID-19-la mübarizə insan sağlamlığı ilə bağlı məsələ idi, görülən tədbirlər təbii ki, ölkələrin iqtisadi imkanlarına söykənirdi. Mübarizə tədbirlərinə başlandığı günlərdə əksər dövlətlər iqtisadiyyatın durğunluğunu aradan qaldırmaq üçün yollar axtarışına çıxdığı halda, Azərbaycan dövləti insanların sağlamlığının təmin olunmasını önə çəkdi, bu fonda iqtisadi islahatların dərinləşdirilməsinin prioritetliyini açıqladı. Cənab İlham Əliyev bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. 2019-cu ildə əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artdı. Yeni sosial təminat növləri, təqaüdlər, müavinətlər təsis olundu.

Vətəndaş məmnunluğunun priortetliyi icra edilən sosial layihələrdə, Dövlət proqramlarının icrasında özünün aydın ifadəsini tapır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında əksini tapan müddəalara diqqət yetirdikdə orada sosial infrastrukturun yenilənməsinin və təkmilləşdirilməsinin əsas yer tutduğunu görmək olar. İcra edilən 4 sənəd hər bir bölgədə təkmil infrastrtuktur layihələrinə yol açdı. Son beş ildə bu işlərin miqyası daha da genişlənib. Artıq azad edilmiş ərazilərimizdə ölçüyəgəlməz bərpa-quruculuq işləri aparılır. Bu prosesdə də infrastrtuktur layihələri xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin bu ərazilərə davamlı səfərlərinə diqqət yetirsək açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinin nə qədər geniş olduğunu görərik. Təkcə cənab İlham Əliyevin bu günlərdə azad edilmiş ərazilərimizə səfəri çərçivəsində Şuşada, Xocalıda, Ağdam şəhərində, rayonun Kəngərli kəndində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında, Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edən dövlət başçısı, həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin, kənd tam orta məktəbin binasının, körpələr evi-uşaq bağçasının açılışında, kənddə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, kənddə yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə də tanış oldu.

Göründüyü kimi, vətəndaş məmnunluğunun təmin edilməsi atılan hər bir addımda özünü təsdiqləyir. Sosial xidmətin yaxşılaşdırılması əsas çağırışlar sırasındadır. Bu ərazilərdə də DOST mərkəzlərinin yaradılması əsas hədəf kimi qarşıya qoyulur. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində 27 may 2022-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ölkə üzrə ilk “Smart DOST” xidmət məntəqəsi artıq istifadəyə verildi. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat, əlçatan şəkildə faydalana bilir. İlk DOST mərkəzi Şuşada yaradıldı. Ümumilikdə Qarabağın hər bir bölgəsinin DOST mərkəzləri ilə əhatə olunması nəzərdə tutulub.

Sosial sahə çoxşaxəlidir. Bura özünüməşğulluq proqramını da əlavə etsək, əhalinin sosial müdafiəsinin gündən-günə daha da gücləndirilməsi üçün mühüm layihələrin icrasının prioritet olduğunu görərik. O da məlumdur ki, ölkəmizdə ABAD mərkəzləri yaradılır ki, bunlar ailə təsərrüfatlarına asan dəstəyi göstərməklə həm özünüməşgulluğun inkişafına, həm də bu əsasda insanların sosial rifah halının yaxşılaşmasına öz töhfələrini verirlər. Özünüməşğulluq proqramının əhatə dairəsi gündən-günə genişlənir. Hətta Azərbaycan beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb edib. Ümumilikdə əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Ölkə Prezidentinin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı artır. Azərbaycan sosial dövlət olduğunu sözdə yox, əməldə təsdiqləyir.

Sosial xidmətin şəffaflığının təmin edilməsi istiqamətində atılan addımlar da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. DOST, «ASAN xidmət» mərkəzlərinin coğrafiyasının genişləndirilməsi müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Sosial islahatlar proqramının əsas hədəfi də məhz dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Ölkə Prezidenti İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və DOST Mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrini təmin edir. Dövlət başçısı İlham Əliyev bildirir ki, “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır.

İdarəçilik sistemində şəffaflığın təmin olunması vətəndaş məmnunluğunun artmasına da öz müsbət təsirini göstərir. Ulu Öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev öz vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Elə buna görə də xalq öz Liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir. İstər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də keçirilən rəy sorğularında bu fikir xüsusi qeyd edilir ki, dövlət başçısı İlham Əliyevə milyonların sevgisini qazandıran daim xalqının yanında olması, insanların qayğıları ilə maraqlanması, dövlət siyasətində insan amilinə yüksək dəyərin verilməsidir.

Dövlət başçısı İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayanması bugünkü uğurlarımızın əsasını təşkil edir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Neft-qaz layihələrindən əldə olunan gəlirlər ilk olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlir. Bu kimi addımlar bir daha göstərir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Cənab İlham Əliyev hər zaman bu reallığı da diqqətə çatdırır ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Eyni zamanda, o da bildirilir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi xoş ab-havanın yaranmasında, daha səylə çalışmaqda əhəmiyyətli rol oynayır. İnsanlar görülən işlərdən razı olduqda o zaman dövlət başçısı İlham Əliyev də öz razılığını ifadə edir. Vətəndaş məmnunluğunun artırılması üçün dövlət zəruri olan bütün addımları atır. Əhali ilə birbaşa təmasda olan Prezident İlham Əliyev cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görüb və görür.

Hazırkı dövrün çağırışı tamamilə başqadır. Artıq 30 ilin işğalına son qoyulub, Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. «Əlbəttə ki, bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük» söyləyən cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq.

Reallıq budur ki, Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Ölkəmiz öz resurslarına arxalanaraq güclü iqtisadiyyat qurub. Heç kimdən asılı deyilik. İqtisadi müstəqillik beynəlxalq müstəvidə böyük imkanlar qazandırır. Azərbaycan uğurla, inamla müstəqil xarici siyasət aparır.

Yeganə Əliyeva, «İki sahil»