15 may 2025 22:13
102

Doğma yurdumun yolu ürəyimdən keçir

Qərbi Azərbaycan: Bu ad biz azərbaycanlıların yaddaşında dərin iz buraxmış bir bölgənin adıdır. Bu ərazilər tarix boyu Azərbaycan türklərinin yaşadığı mədəniyyətimizin, adət-ənənələrimizin formalaşdığı torpaqlar olmuşdur.

Ermənistan ərazisinin böyük bir hissəsi əslində Qərbi Azərbaycan kimi tanınan azərbaycanlıların əsrlərlə məskunlaşdığı yurddur.

XX əsrin əvvələrindən başlayaraq, xüsusilə də 20-ci əsrin ortalarınan etibarən erməni millətçilərinin təzyiqləri nəticəsində bu bölgədə yaşayan azərbaycanlılar öz doğma yurdlarından zorla çıxarılmış, bir çox faciələr yaşamışlar.

1948-1953 və 1988-1991-ci illərdə baş verən deportasiyalar zamanı minlərlə azərbaycanlı ailə doğma evlərindən didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrinə köşürülmüşdür. Qərbi Azərbaycandan köç edən insanların yaddaşında həmin yerlər dərin izlər buraxıb. Onlar doğma yurdlarından ayrılmalarına baxmayaraq , o torpaqlara olan bağlılıqlarını heç vaxt itirməyiblər.

Uşaqlığım Zəngəzurun dağ ətəklərində - babamın tikdiyi o balaca, lakin mehriban evdə keçdi. Səhərlər anamın tandırda bişirdiyi isti çörəyin qoxusu ilə oyanardım. Atam bizə dağlardan topladığı gül-çiçəklərdən danışar, nənəm isə Qurd Qapısı, Göyçə gölü haqqında nağıllar söyləyərdi.

Amma bir gün hər şey dəyişdi. Göy səssizcə qaraldı. Evin divarlarında qorxu dolaşmağa başladı. Silah səsləri yaxınlaşdıqca atamın baxışları sərtləşdi, anamın əlləri isə daim dua halındaydı. Bizə dedilər ki, getməliyik. "Müvəqqətidir" dedilər, "tezliklə qayıdarsınız" dedilər. Amma mən o gündən sonra bir daha o bağçadakı alçanı dadmadım, çayın sahilində daş atmadım

Biz bu xatirələri yaşatmalı, Qərbi Azərbaycan həqiqətlərini gələcək nəsillərə ötürməliyik.

Düşünürəm ki, biz ora qayıdacağıq. Bir gün... Anamın tandırını yenidən alovlandıracağıq. Atamın səssizcə baxdığı o zirvələrə bir də baxacağıq. Çünki yurd - təkcə torpaq deyil. O, ürəyimizin içində döyünən bir yaddaşdır.

Hər birimizin borcudur ki, doğma torpaqlardan didərgin salınmış soydaşlarımızın haqq səsini ucaldaraq və bu ədalətsizliyə qarşı həmrəy olaq.

Səidə Saramanova,
Balakən rayonu Akif Həsənov adına Qullar kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi