Cari ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 min 992 cinayət faktı aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, cinayət faktlarının 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2 min 74-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 593 kiloqram, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 271 kiloqram 278,043 qramını marixuana, 140 kiloqram 727,95 qramını heroin, 60 kiloqram 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş, 21 kiloqram 378,121 qramını digər narkotik vasitələr, 68 kiloqram 104,632 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 4 min 263 ədəd metadon, 2 min 578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 593 kiloqram, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 68 milyon 673 min manat kimi qiymətləndirilir.