20 may 2025 01:26
116

Bakı yaşıl gələcəyə necə yol açır?

İqlim dəyişikliyi və onun doğurduğu sosial-iqtisadi nəticələr müasir dövrün ən aktual qlobal çağırışları sırasında yer alır. Bu kontekstdə iqlim məsələlərinə dair milli və beynəlxalq dialoqların təşkili, eləcə də müxtəlif aktorlar – dövlət, özəl sektor, vətəndaş cəmiyyəti və akademik çevrələr arasında əlaqələrin qurulması vacib strateji istiqamətə çevrilib. Azərbaycanın bu sahədə son illər ərzində atdığı addımlar, xüsusən də COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi ölkənin iqlim gündəliyində fəal iştirak niyyətini açıq şəkildə nümayiş etdirdi. Həmçinin ötən il baş tutan ilk Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq səviyyədə müsbət qarşılandı, 700-dən çox mütəxəssisin iştirakı ilə təşkil edilən tədbirlərdə iqlimlə bağlı praktiki məsələlər müzakirə edildi və COP prosesinə töhfə verəcək təşəbbüslər irəli sürüldü. COP Sədrliklərinin Üçlüyü tərəfindən müəyyənləşdirilmiş 1,5°C hədəfinə uyğun olaraq tədbir inklüziv iştirak, innovativ yanaşmalar və “ədalətli keçid” prinsiplərinin vacibliyini vurğuladı. Bu isə Azərbaycanın təkcə iqlim tədbirlərinə ev sahibliyi etməklə kifayətlənmədiyini, həm də prosesin fəal iştirakçısı və təşəbbüskarına çevrildiyini təsdiqlədi.

Bu il sentyabrın 29-dan oktyabrın 3-dək keçiriləcək növbəti Bakı İqlim Fəaliyyəti Həftəsi isə bu uğurlu təməli daha da möhkəmləndirmək, əvvəlki təşəbbüsləri inkişaf etdirmək və COP30 öncəsi beynəlxalq ictimaiyyətin diqqətini yenidən Bakı üzərində cəmləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Proqramda enerji keçidi, davamlı kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, yaşıl bacarıqlar, texnologiya və innovasiya, gənclər və startaplar kimi istiqamətlərin yer alması tədbirin həm praktik, həm də strateji hədəfləri özündə birləşdirdiyini göstərir. Həm də Azərbaycanın yaşıl iqtisadiyyata keçid sahəsindəki kompleks səfərbərlik səylərini davam etdirməyə və yeni beynəlxalq əməkdaşlıqlar qurmağa sadiq olduğunu nümayiş etdirir.

COP30-un keçiriləcəyi Braziliya ilə mümkün tərəfdaşlığın inkişafı isə Bakıdan başlayan ideyaların qlobal miqyasda davam etdirilməsi üçün mühüm imkanlar açır. Bu mənada, Bakı İqlim Fəaliyyəti Həftəsi yalnız bir tədbir deyil, həm də Azərbaycanın yaşıl gələcəyə doğru yol xəritəsinin təzahürüdür. İqlim diplomatiyasının yeni mərhələsinə daxil olan Azərbaycanın COP29 və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində atdığı addımlar təkcə qlobal iqlim gündəliyinə töhfə verməklə kifayətlənmir, həm də ölkə daxilində iqtisadiyyatın yeni istiqamətlərdə şaxələnməsi üçün real fürsətlər yaradır. Bu baxımdan qarşıdakı mərhələdə bir sıra vacib suallar aktuallıq kəsb edir:

İqlim maliyyələşdirilməsi baxımından Azərbaycanın COP29 və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində əldə etdiyi uğurların yerli sahibkarlar və kiçik və orta biznes (KOB) üçün hansı yeni maliyyə imkanları yarada biləcək?

“Yaşıl enerji” diplomatiyası və Bakı ilə Rio-de-Janeyro arasında iqlim tərəfdaşlığı kimi təşəbbüslər Azərbaycanın beynəlxalq sərmayədarlar üçün ekoloji və iqtisadi cəhətdən cəlbediciliyini necə artıra bilər?

Azərbaycanda “yaşıl bacarıqlar”ın inkişafı və startapların dəstəklənməsi üçün hansı iqtisadi təşviq mexanizmləri tətbiq edilməlidir ki, bu keçid real və davamlı təsir göstərsin?

Bu suallara cavab tapmaq yaşıl keçidin uğurlu olmasını təmin edəcək siyasət və strategiyaların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə iqtisadçı ekspertlərin mövqeyi problemin həm yerli, həm də beynəlxalq müstəvidə daha dərindən anlaşılmasına şərait yaradır.

Azərbaycan dövləti həm beynəlxalq arenada, həm də daxili siyasətdə yaşıl trendlə bağlı nümunəvi mövqe sərgiləyir

İqtisadçı - ekspert Eldəniz Əmirov “İki sahil”ə açıqlamasında bildirib ki, "yaşıl trend" artıq bir neçə ildir ki, dünyada, o cümlədən iqtisadiyyat sahəsində də kifayət qədər aktual və populyar bir mərhələni yaşayır : “1995-ci ildə başlayan ilk COP tədbiri – COP1, nəhayət 29 il sonra Bakıda keçirilən COP29 formatında özünün simvolik zirvəsinə çatdı. Lakin bu, daha çox təşkilati və siyasi bir pik nöqtədir. Yaşıl trendlə bağlı real inkişafın qlobal miqyasda pik nöqtəyə çatdığını söyləmək tezdir. Beynəlxalq səviyyədə bir çox aparıcı ölkələr yaşıl iqtisadiyyata keçidlə bağlı bəyanatlar versələr də, təəssüf ki, praktik müstəvidə bu çağırışlara cavab verən real və faydalı addımlar müşahidə olunmur. Əslində, yaşıl trendin mahiyyətində təmiz ekologiya, çirkləndirici və təbiətə zərər verən fəaliyyətlərin məhdudlaşdırılması və nəzarətə götürülməsi dayanır. Bu isə təbii ki, ciddi maliyyə yükü yaradır. Bir çox ölkələr bu yükün altına girməkdə maraqlı deyillər. Biz bunu Kioto Protokolundan sonra, eləcə də 2015-ci ildə imzalanan Paris Sazişindən sonrakı dövrdə aydın şəkildə gördük. COP29 zamanı da bəzi ölkələrin qərəzli və ikili mövqeyi bu yanaşmanın davam etdiyini bir daha sübuta yetirdi”.

Ekspert qeyd edib ki, Azərbaycan dövləti isə həm beynəlxalq arenada, həm də daxili siyasətdə yaşıl trendlə bağlı nümunəvi mövqe sərgiləyir : “Yaşıl iqtisadiyyatın, ekoloji təmiz fəaliyyətlərin, innovativ texnologiyaların, yaşıl bacarıqların və bu sahədə startapların inkişafı üçün müxtəlif təşviq mexanizmləri tətbiq olunmaqdadır. Məsələn, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən verilən qrantlarda bu istiqamət prioritet sahələrdən biri kimi müəyyənləşdirilib. Eyni zamanda, Mərkəzi Bank və digər dövlət qurumları tərəfindən yaşıl iqtisadiyyata dəstək məqsədilə güzəştli kredit mexanizmləri hazırlanır və tətbiq olunur. Bütün bu addımlar göstərir ki, Azərbaycan yaşıl iqtisadiyyatı milli inkişaf strategiyasının mərkəzinə yerləşdirir. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, iqtisadiyyat və ekologiya arasında inkişaf baxımından müəyyən ziddiyyət mövcuddur. Müşahidə etmişik ki, iqtisadi fəaliyyətlərin az olduğu dövrlərdə təbiət daha təmiz olub. İnsan fəaliyyəti artdıqca, iqtisadi inkişaf baş verdikcə ətraf mühitə zərər də artır. Digər tərəfdən isə insan cəmiyyətinin rifahı və davamlılığı üçün iqtisadi inkişaf zəruridir. Bu qarşılıqlı ziddiyyət yaşıl keçidi çətinləşdirən əsas faktorlardan biridir”.

Eldəniz Əmirovun sözlərinə görə, qısa müddətdə dünyada yaşıl iqtisadiyyat sahəsində ciddi və genişmiqyaslı uğurların əldə ediləcəyinə inamı zəifdir. Amma bütün hallarda bu istiqamətdə ilk addımlar atılmalıdır. Bu baxımdan, Azərbaycan dövləti öz üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə və ardıcıl şəkildə yerinə yetirir.

Azərbaycanda istər COP29 səviyyəsində, istərsə də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində mühüm addımlar atılır

İqtisadçı - ekspert Fuad İbrahimov isə bildirib ki, iqtisadi təşviq mexanizmlərinin tətbiqi ilk növbədə əlverişli və real əsaslara söykənməlidir: “Əgər bu təşviqlər qiymət baxımından, əməli gəlirlik baxımından, rəqabət mühitində və alternativ enerji mənbələri ilə müqayisədə səmərəli deyilsə, o zaman bütün bu danışılanlar sadəcə xoş niyyətli sözlər olaraq qalacaq. Bütün dünya artıq qəbul edib ki, bu sahədə müəyyən tələblər var və bu tələblərə uyğun hərəkət etmək zəruridir. Lakin, eyni zamanda görürük ki, məsələn, dünya iqtisadiyyatının əsas oyunçularından biri olan ABŞ-da belə bəzi yüksək səviyyəli çıxışlar yaşıl enerji keçidinə zidd siqnallar göndərir. Bu çıxışlarda alternativ enerji mənbələrinin inkişafına bir qədər şüar xarakterli yanaşma müşahidə edilir. Yəni, reallıqla idealizm arasında təlatümlü bir keçid dövründəyik”.

Ekspert qeyd edib ki, Azərbaycanda isə istər COP29 səviyyəsində, istərsə də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində mühüm addımlar atılır: “Xüsusilə alternativ enerji mənbələrinin iqtisadi dövriyyəyə cəlb olunması, infrastrukturun genişləndirilməsi və ictimai maarifləndirmə istiqamətində mühüm işlər görülür. Eyni zamanda, yaşıl enerjinin ixrac potensialı ilə bağlı daha qlobal yanaşmalar da formalaşmaqdadır. Lakin yaşıl enerjini dəstəkləməyimiz yetərli deyil – bu sahə rəqabət yönümlü olmalıdır. Əgər bu təmin edilməzsə, keçid dövrü uzanacaq və nəticə etibarilə hədəflərə çatmaq çətinləşəcək. Tarix bizə göstərir ki, texnoloji və enerji dəyişiklikləri birdən-birə baş vermir. Məsələn, Almaniya kansleri hələ 1914-cü ildə, Birinci Dünya müharibəsi dövründə kömür erasının bitdiyini bəyan etmişdi. Amma bu fikirdən artıq 110 il keçməsinə baxmayaraq, bu gün daş kömür hələ də bir çox ölkələrin enerji balansında yer alır, bazarlarda satılır və istifadə olunur. Doğrudur, elm, texnika və texnologiya çox sürətlə inkişaf edir. Lakin reallıq, həyat tərzi və iqtisadi strukturlar bu texnoloji dəyişikliklərə dərhal uyğunlaşa bilmir. Ona görə də yaşıl enerji diplomatiyası və iqtisadi təşviq mexanizmləri real bazar tələblərinə, iqtisadi rasionalizmə və rəqabətə əsaslanmalıdır. Əks halda, bu sahədə irəliləyiş yalnız kağız üzərində qalacaq”.

Nigar Orucova, “İki sahil”