19 may 2025 18:55
443

Nərgiz müəllimin dərs dəftəri: SƏBİR, SEVGİ, ZƏKA

Şagirdlərin biliyini obyektiv qiymətləndirmək və təqdimetmə bacarığını artırmaq üçün sinifdən-sinfə keçməkdə şifahi şəkildə imtahan etməyi daha uyğun sayardım

Müəllim bir kitab kimidir – hər səhifəsində sevgi, fədakarlıq, səbir və mərhəmət yazılmış olur. Əgər bir müəllim öz işinə vurğundursa, onun şagirdləri də bilik aşiqləri olacaq. Bakının tanınmış liseyində bilik işığında gələcək nəsillərə yol göstərən Nərgiz Kazımovanın həyat yolu, müəllimliyə olan sevgisi və fədakarlığı bu fikri tam doğruldur. 38 illik müəllimlik təcrübəsini özü ilə daşıyan Nərgiz müəllim bu gün də ilk günkü həyəcan və sevgi ilə şagirdlərin qarşısına çıxır. Nərgiz Kazımova sadəcə dərs demir. O, dərsə nəfəsini qatır, sevgisini qatır, insanlıq toxumları səpir. Nərgiz müəllimin riyaziyyat sevgisi təkcə rəqəmlərlə məhdudlaşmır — bu sevgi insan sevgisi, təhsil eşqi, Vətənə xidmət amalı ilə iç-içədir. 

-İstərdik ki, özünüz barədə oxucularımıza məlumat verəsiniz…

-Kazımova Nərgiz Ağahüseyn qızı. 1963-cü ildə Göyçay şəhərində  anadan olmuşam. Orta təhsilimi Göyçay şəhəri 5 nömrəli orta məktəbdə almışam. 1986- cı illərdə Bakı Dövlət Universitetinin  Mexanika-riyaziyyat fakültəsini riyaziyyatçı,müəllim ixtisası üzrə bitirmişəm. İlk pedaqoji fəaliyyətimə Göyçay şəhərində başlamışam. Daha sonra ailə vəziyyətimlə əlaqədar olaraq iş yerimi bir neçə dəfə dəyişməli olmuşam.2001-ci ildən Bakı şəhəri Səbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Liseydə riyaziyyat müəllimi və həmin fənn üzrə metodbirləşmə rəhbəri işləyirəm. Uzun illər Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə elmi seminarın və ekspert komissiyasının üzvü olmuşam, bir çox vəsait və dərsliklərdə test və məqalə müəllifiyəm, Elm və Təhsil Nazirliyinin müasir təlimlə bağlı təşkil etdiyi təlimlərdə və kurslarda fəxri fərmanlara,diplomlara və sertifikatlara layiq görülmüşəm.  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 sentyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. 2014-cü ildə  “Qabaqcıl təhsil işçisi” döş nişanı, dövlət başçısı cənab İlham Əliyevin 2015-ci il  2 oktyabr tarixli   Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adı ilə təltif olunmuşam. 2023-cü ilin 150 örnək müəllimi sıralarında yer almışam.

- Niyə məhz müəllimlik? Müəllimliyə marağınız necə yaranıb?

- Riyaziyyat elminə marağım çox olduğundan  universiteti  bitirdikdən sonra elmi işçi olmaq istəyirdim. Son kursda pedaqoji təcrübə keçərkən şagirdlərin dərin sevgisini,məhəbbətini hiss etdim və o zaman bu peşənin nə qədər ali, müqəddəs və maraqlı olduğunu dərk elədim, müəllim olmağı qərara aldım. Artıq 38 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm.

-Özünüzü yaxşı müəllim hesab edirsinizmi?

-İlk pedaqoji fəaliyyətə başladığım gündən yaxşı müəllim olmağa  çalışmışam. Düşünürəm ki, az da olsa, məqsədimə nail olmuşam.

-Müəllim kimi ilk dərs gününüzü necə xatırlayırsınız?

-Təyinatla getdiyim məktəbdə çox təcrübəli bir müəllim iş yerini daha böyük məktəbə dəyişdiyindən onun dərslərini mən aparmalı idim. İlk dəfə  sinifə müəllim kimi daxil oldum. Sinifdə riyaziyyatı çox sevən, savadlı şagirdlər çox idi. İlk tanışlıqda sual -cavabla şagirdlərlə daha yaxın tanış oldum.İlk dərs çox maraqlı keçdi. 2-ci dərs  7-ci sinfə daxil oldum. Dərs zamanı bir oğlan bir az dəcəllik etmək istədi. Tənəffüsdə təklikdə onunla səmimi söhbət etdim. Bir az utanan kimi oldu. Amma sonralar o mənim ən sevimli şagirdlərdən biri oldu, mən də onun sevimli müəllimi  oldum.

-Peşənizin çətin  tərəfləri varmı?

-Bu peşənin təbii ki çətin tərəfləri çoxdur. Dərsi maraqlı qurmaq, sinifi ələ almaq, keçirilən mövzuları şagirdlərə mənimsətmək, hər şagirdin bütün hərəkətlərini, bütün insani keyfiyyətlərini müşahidə edib ,ona istiqamət vermək və s…

Pis şagird, çətin tərbiyə olunan məktəbli məncə yoxdur

-Şagirdlərinizin sizə olan sevgisini hansı məqamlarda daha çox hiss edirsiniz?

-Sinifə daxil olanda  şagirdlərimin çöhrələrindəki təbəssüm və rahatlığı, dərs vaxtı bitəndə isə onların üzlərindəki narazılığı görəndə mənə olan sevgilərini hiss edirəm.

-Sinifdə müəllim-şagird münasibətlərini necə tənzimləyirsiniz?

-Bilirsiniz, pis şagird, çətin tərbiyə olunan məktəbli məncə yoxdur. Hər şagirdin daxilində gözəlliklər var və hər şagirdə bu müsbət cəhətlərini onlara bildirməklə səmimi yanaşıram. Şagirdlər arasında obyektivliyi həmişə saxlayıram. Dolayısı ilə onları yalan danışmaqdan, xəbərçilikdən, paxıllıqdan, bəzi mənfi xüsusiyyətlərdən (əgər varsa) çəkindirməyə çalışıram.

-Məktəbi bitirib məzun olan şagirdləriniz sizi yada salırlarmı?

-Müəllimi yaşadan elə bu hisslərdir. Hər dəfə onlar bizi yad edəndə, istər zəng etməklə, istər məktəbə gəlməklə, sanki dünyanı bagışlayırlar.O üzdən müəllimlərin qəlbi, ruhu həmişə cavan qalır. Çünki həmişə saf,təmiz qəlbli körpələrin gənclərin  əhatəsində olur. 

Şagirdlərin mütaliəyə marağı çox azalıb.
Bu da onların sosial şəbəkələrə alüdəçiliyi
ilə bağlıdır

-Yetirmələriniz arasında davamçılarınız varmı?

-Bəli, özu də çox… Orta məktəbdə, ali məktəbdə, texnikumda… Həm də çox sevilən müəllimlərdir.

-Şagirdlərinizin mütaliəyə marağı sizi qane edirmi? Onlarda kitab sevgisini möhkəmləndirmək üçün hansı metodlardan istifadə edirsiniz?

-Şagirdlərin mütaliəyə marağı çox azalıb. Bu da onların sosial şəbəkələrə alüdəçiliyi ilə bağlıdır. Şagirdlərin öz fikrini sərbəst  ifadə etmək üçün söz ehtiyatı çox olmalıdır. İntellekt səviyyələri yüksək olan insanlar mütaliəylə məşgul olanlardır. Çünki onlar daha çox məlumat sahibi olurlar.Bu fikirləri onlarda aşılamağa çalışıram.

-Bəzən müəllimlər arasında “o dövrün şagirdləri başqa idi”kimi fikirlər səslənir. Bu barədə nə düşünürsünüz?

-“O dövrün şagirdləri başqa idi “  fikri ilə mən o qədər də razılaşmıram. Düzdür fərq  var, amma o qədər də yox. Cəmiyyət, elm və texnika inkişaf etdikcə təbii ki, dünyagörüşü, həyata baxış və s. dəyişir. İndi şagirdlər daha məlumatlıdırlar, amma deməzdim ki, bu məlumatların hamısı onlara lazımdır və müsbət təsir göstərir. Əvvəlki və indiki gənclərin təhsilə münasibəti barədə: əvvəl də zəif oxuyan və güclü oxuyan şagirdlər var idi, indi də. Bəlkə də mən liseydə işləyirəm, bu səbəbdən də şagirdlər arasındakı fərqi çox hiss eləmirəm. Çünki liseyə adətən imtahanla qəbul edirlər, ona görə şagirdlər savadlı olur. Ümumilikdə desək, riyaziyyat sahəsində indi bəzi şagirdlərin yaddaşı, hesablama qabiliyyəti əvvəlki şagirdlərə nisbətən bir az zəifdir. Mənim fikrimcə, bunlar, şagirdlərin sosial şəbəkələrə, daha çox maraq göstərmələri ilə bağlıdır. Bu isə onların lazımlı və lazımsız  biliklərlə yüklənməsinə gətirib çıxarır və beyin yüklənir. Mobil telefon və sosial şəbəkələrin öz dünyagörüşünü, savadını artırmaq üçün istifadəsinə müsbət hal kimi baxıram.Çox təəssüf ki, həmişə belə olmur, odur ki, sosial şəbəkələrə aludəçiliyi  o qədər də yaxşı hal hesab etmirəm.

-Bəzən müəllimlər  şagirdləri dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər.Bəs siz hansı pedaqoji metodlardan istifadə edirsiniz ki,şagirdləriniz üçün dərs həm maraqlı,həm də maarifləndirici olsun,onlar yorulmasınlar?

-İlk növbədə, müəllim sinifi ələ almalıdır, sakit, təmkinli olmalıdır və şagirdlər müəllimin onlara sevgisini hiss etməlidirlər. Müəllim hər mövzunu keçəndə onu həyatla əlaqələndirməli, mövzunun əhəmiyyətini qeyd etməli və  mövzunu müzakirə aparmaqla şagirdlərə izah etməlidir. Sorğu-sual, müzakirə dərsə marağı artırır və şagirdlərin diqqətinin yayınmasını əngəlləyir. Hətta bəzən hiss edəndə ki şagirdlərin bir az fikri yayınmaq istəyir,onlara 1-2 dəqiqə dərs arası fasilə verirəm ki, yorulmasınlar və bu yaxşı nətıcə verir. Sonra daha gözəl enerji ilə davam edirik. 

Gündəlik formativ qiymətləndirmənin
onların yekun qiymətlərinə təsir etməməsi
şagirdlərin məsuliyyətini azaldır

-Təhsilimizlə bağlı fikirləriniz necədir? Sizi qane edən və etməyən nüanslar, bununla bağlı təklifləriniz varmı?     

-Təhsilimizdə inkişafa doğru yeniliklər çoxdur, şagirdləri həvəsləndirmək üçün müxtəlif fənn müsabiqələri,olimpiadalar,yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün elmi yaradıcı layihələr gündən- günə  artır. Qane etməyən nüanslardan biri  qiymətləndirmə ilə bağlıdır. Gündəlik formativ qiymətləndirmənin onların yekun qiymətlərinə təsir etməməsi  şagirdlərin məsuliyyətini azaldır. Şagirdlərin biliyini obyektiv qiymətləndirmək və təqdimetmə bacarığını artırmaq üçün sinifdən-sinfə keçməkdə şifahi şəkildə imtahan etməyi daha uyğun sayardım.

-Hazırda repetitorluq aktuallaşıb.Necə düşünürsünüz,şagirdlərin ali məktəbə qəbul olunması üçün doğrudanmı repetitor yanına getməsi mühüm şərtdir, yoxsa?.. 

-Şagirdlərin ali məktəbə qəbul olması üşün repetitor yanına getməsi mühüm şərt deyil. Haqlısınız ,bu, sanki dəb halını alıb.Amma əgər şagird müntəzəm dərslərdə iştirak edərsə, bütün tapşırıqları mükəmməl həll edə bilirsə onun repetitora qəti ehtiyacı yoxdur.Bunu sadəcə valideynlər qəbul etmək istəmirlər. Şagird biliyi məktəbdə öyrənməlidir və savadlı şagird bunu edir də.

-Şagirdlərinizə ən çox hansı  tövsiyələri edərdiniz ki,qulaqlarında sırğa etsinlər?

-Şagirdlərimə hər zaman tövsiyəm edirəm ki, həyatda həmişə doğru, dürüst, xeyirxah olmaq, Vətənini, xalqını sevmək, hansı peşəni seçməyindən asılı olmayaraq kamil, mükəmməl sənət sahibi olmaq və bütün fənləri eyni həvəslə öyrənmək.

-Son dərs gününü necə təsəvvür edirsiniz?

-Çox çətin və təsirli sual oldu… Təsəvvür edə bilmirəm hələ...

-Sonda müəllim olmaq istəyən  gənclərə nələri tövsiyə edərdiniz?

-Müəllim olmaq istəyən gənclərə tövsiyəm odur ki, peşələrini mütləq sevsinlər. İlk dəfə sinifə daxil olanda təmkinli, sakit olmalı və şagirdlərlə səsinin tonunu yüksəltmədən danışmalıdırlar. İlk gündən sinifi ələ almağı bacarmasan sonra çox şətin olur. Hər şagirdə fərdi yanaşmaq lazımdır. Hər bir müəllim ilk öncə öz ixtisasını mükəmməl bilməli və onu şagirlərə necə çatdıracağı ilə bağlı metodlar axtarmalıdır. Müəllim çox şərəfli və çətin peşədir. Bu peşəni seçən hər kəsə səbr, dözüm, uğurlar arzulayıram.

Maraqlı və səmimi müsahibə üçün təşəkkür edirik. Sizə uzun ömür, möhkəm can sağlığı, yeni uğurlar və işığınızla aydınlanacaq daha çox gənc ürək arzulayırıq!

Yaqut Ağaşahqızı, “İki sahil”