11 iyun 2025 13:38
182

Türkiyə KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb

Türkiyə KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb.

“İki sahil” xəbər verir ki, İndoneziya ilə müqavilənin imzalanmasını ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Onun sözlərinə görə, razılaşma çərçivəsində Türkiyə İndoneziyaya 48 ədəd KAAN təyyarəsi - ilk milli istehsal olan türk qırıcı təyyarəsini tədarük edəcək.

Yerli KİV-in məlumatına görə, saziş İndoneziyadakı INDO Defence 2025 sərgisi çərçivəsində imzalanıb. Sazişin ümumi dəyəri 10 milyard dollar təşkil edəcək.

Beşinci nəsil KAAN qırıcısı türk istehsalı olan ilk milli döyüş təyyarəsidir. Qırıcının təcrübi prototipi ilk uçuşunu 22 fevral 2024-cü ildə həyata keçirib. Seriya istehsalı 2028-ci ilə planlaşdırılıb.

2023-cü ilin iyul ayının sonunda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və TUSAŞ KAAN layihəsi üzrə əməkdaşlıq protokolu imzalayıblar. Bundan sonra, 2024-cü ilin mart ayında, TUSAŞ-ın keçmiş baş direktoru Temel Kotil KİV-ə bildirib ki, KAAN-ın komponentlərindən biri Azərbaycanda istehsal olunacaq.