«Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin paytaxtda kiçik heyətlə fəaliyyət göstərən Bakı qrupunun NTV kanalı bütün respublikada yayımlanır
… Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvan Muxtar Respublikası zəngin tarixi, qədim abidələri, əsrlərin yaddaşını daş salnamələrində yaşadan qayaları, minbir dərdin dərmanı olan bulaqları, əsrarəngiz gözəllikləri, dərman bitkiləri, ən əsası isə təmiz havası ilə fərqlənir. Bu torpağın yetirməsi olan «İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”» söyləyən Ulu Öndər Heydər Əliyevin istədiyi səviyyədə müasirləşən bu qədim diyar keçmişlə bu günün vəhdətində inkişaf edir, gözəlləşir, Nəqşi-cahan adını doğruldur.
«Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir» söyləyən Prezident İlham Əliyevin diqqəti, yerli rəhbərliyin izgüzarlığı sayəsində bu qədim diyar nümunə göstəriləcək səviyyədə gözəlləşib, dəyişilib.
Yaşı minillikləri arxada qoyan, torpağına ayaq basan qonaqları belə gözəllikləri ilə heyran qoyan Naxçıvana «Azərbaycanın gəlməli, görməli, gəzməli güşəsi» sözü çox yaraşır. Qədim İpək yolunun üzərində yerləşən Naxçıvanın tarixi zəngin olduğu kimi, bu günü də maraqlı, yeniliklərlə zəngindir.
Bu zənginliyi geniş tamaşaçı auditoriyasına tanıdan və yeni olsa da verilişləri maraqla izlənilən «Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin paytaxtda kiçik heyətlə fəaliyyət göstərən Bakı qrupunun NTV kanalı muxtar respublikanın tarixi, bu günü ilə tanışlıq baxımından diqqəti cəlb edir. Qrupun rəhbəri Günay Novruzqızı artıq respublika miqyasında yayımlanan NTV-nin fəaliyyətindən ətraflı bəhs etdi:
-Naxçıvanda keçirilən «Qlobal İnformasiya Mühiti və Media Trendləri” – «MEDİAFEST-2025» konfransı çərçivəsində Naxçıvan Televiziyası «Azerspace-1» peykində (11135 Horizontal 30000) yayıma başlayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü ilin 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib. Peyk yayımı sayəsində Naxçıvan Televiziyasının proqramları yalnız yerli deyil, həmçinin xaricdə yaşayan izləyicilərə da əlçatan olacaq. Bu təşəbbüs Naxçıvanın tanıdılması, Azərbaycan informasiya məkanının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan TV və ya qısaca NTV — «Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası, dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. Yayıma başladığımız ilk gündən hədəfimiz muxtar respublikanı geniş auditoriyada tanıtmaq, Naxçıvanın tarixi, qədim yaşayış məskənləri haqqında maraqlı verilişlər hazırlamaq, xalqımıza məxsus el sənətlərini təbliğ etmək, bu diyarın yetirmələri olan tarixi şəxsiyyətlərin fəaliyyəti, yaradıcılığı haqqında maraqlı sujetlər hazırlamaqdır. Fəaliyyətə başlamağımızdan qısa müddət keçməsinə baxmayaraq kanalımız haqqında ictimai rəy müsbətdir.
-Günay xanım, doqquz iqlim qurşağının bolluğu ilə əhatə olunan Naxçıvanın təbiəti, zəngin resursları, mənzərəli yerləri, səfalı kəndləri hər zaman turstlərin, bu yerlərə gələn qonaqların diqqətini cəlb edib. Tarixi yaşadan, gözəllikləri ilə göz oxşayan təbiət mənzərələri baxımından Naxçıvanı zəngin adlandırmaq olar. Yəqin ki, əsas hədəfiniz bu sahələrla bağlı insanlara daha ətraflı məlumat çatdırmaqdır.
-Əlbəttə, heç uzağa getmək lazım deyil. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da sosial –iqtisadi islahatlar sürətlə davam etdirilir. Yeni obyektlər istifadəyə yerilir, biznes mühiti yaxşılaşdırılır. Muxtar respublikada yerli xammallar hesabına istehsal olunan məhsulların xarici bazarlara çıxış ünvanları artır. İnsanların sosial həyat şəraitinin yaxşılaşdırılması üçün iş yerləri açılır, istirahət güşələri yaradılır. Yollar çəkilir. Əhalinin enejiyə, təbi qaza tələbatı artıq tam ödənilib. Muxtar respublikada nəqliyyat-infrastruktura xususi diqqət göstərilir. Bu qədim Odlar diyarında baş verən bütün hadisələr infomasiyalar, sujetlər vasitəsilə tamaşaçılara çatdırılır. Bu sahədə çətinlik çəkmirik. Çünki ulu məskən sayılan Naxçıvanın hər daşı, qayası tarixlərdən söz açır, gələcəyə bələdçilik edir. «Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır» sözləri ilə tariximizin zənginliklərinin təbliğini hər bir vətəndaşın borcu adlandıran Ümummilli Lider Heydər Əliyevin sözlərinə uyğun tədbirlər planımız var. Ən çox diqqət yetirdiyimiz məsələ Naxçıvanın malik olduğu təbii sərvətləri, keçmişi , bugünü haqqında daha çox məlumatı insanlara çatdırmaq, geniş miqyasda işıqlandırmaqdır. Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın qəriblik nisgilini nəzərə alaraq efir vasitəsilə onların doğma məkana qiyabi də olsa «səyahətlərini» reallaşdırmaq, xatirələrini canlandırmaqdır. «Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”»nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi Naxçıvanın tarixinin öyrənilməsi, erməni yalanlarının ifşası baxımından tarixi nailiyyət idi. Bu təbiət abidəsinin gözəlliyi ondadır ki, gölün bir tərəfində qar və soyuğu, digər tərəfində isə gül-çiçək və günəşli havanı eyni vaxtda müşahidə etmək mümkündür. Həmin ərazi ilə bağlı hazırladığımız veriliş efirə getdikdən sonra kanalımıza müraciət edənlər təbiətin bu möcüsəsinə valeh olduqlarını bildirdilər. Amma Naxçıvan təkcə Göygölü ilə deyil, qədim abidələri, məqbərələri ilə də Şərq aləmində məşhurdur. İslam dünyasında müqəddəs yer kimi tanınan «Əshabül-kəhf»lə bağlı verilişlərimizə baxan tamaşaçıların muxtar respublikaya marağı daha da artır. Güllü, çiçəkli yaylaqların şahı olan, gəzən adası ilə insanı heyrətləndirən Batabat kimi digər səfalı yerləri kadrlar vasitəsilə ilə də olsa tanıtmağa çalışırıq. Ümumiyyətlə, xalqımıza məxsus qədim adət-ənənələri təbliğ etmək, saza-sözə, sənətə dəyər verən ulularımızın mirasını tanıtmaq, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında rolu , xidməti olan tarixi şəxsiyyətlərin irsinin təbliği başlıca məqsədimizdir. Bir sözlə, işimizi tamaşaçı tələbinə, zövqünə uyğun formalaşdırmağa çalışırq
- Qrup rəhbəri kimi verilişlərinizdə Naxçıvanın tanınmış ekspertləri, siyasətçiləri, mədəniyyət xadimləri ilə yanaşı, Bakıda yaşayan müxtəlif peşə sahiblərinin, siyasətçilərin, tarixçilərin, mədəniyət xadimlərinin eyni məsələyə baxışlarının öyrənilməsi təcrübəsi də NTV-yə xas yenilikdir.
- Əvvəl söylədiyim kimi, Naxçıvan televiziyasının Bakı qrupu paytaxtda yerləşdiyi üçün imkanlarımız daha böyükdür. Müəyyən məsələ ilə bağlı Naxçıvanda hazırlanan sujetlər , sənədli verilişlər barədə Azərbaycanda tanınan mütəxəssisələrin fikirlərini açıqlaması, rəy bildirməsi birgə fəaliyyətin uğurlu nəticəsi kimi özünü doğruldur. Bu baxımdan yenilik kimi, istifadə etdiyimiz bu üsul peşəkarlıq baxımından özünü doğruldur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində həlak olan naxçıvanlı şəhidlər haqqında danışan, respublikamızın digər bölgələrində yaşayan keçmiş əsgərlərin xatirələri maraqla qarşılanır. Dünyanın, respublikanın həyatına aid siyasi, mədəni, elmi sahələri əhəatə edən, beynəlxalq aləmi düşündürən hadisələrlə, tarixə baxış kimi önəmli məslələrlə bağlı polemikalarda Naxçıvanı təmsil edən ekspertlərlə yanaşı, Bakıda yaşayan politoloqların rəyinin öyrənilməsi fikir mübadiləsi baxımından səmərəli olur.
- Yurd yerlərinə, torpağa bağlılıq, kənd havasından duyulan rahatlıq, milli koloritə hörmət sujetlərinizdə olduğu kimi, efir mədəniyyətinin ən başlıca amili olan müsahiblərlə aparıcılarının davranışlarındakı səmimiyyət, etik qaydalara hörmət də diqqəti cəlb edir .
- Azərbaycan bütün azərbaycanlıların Vətəni olsa da hər bölgənin özünəməxsus əvəzolunmayan və dəyişilməyən, əsərlərdən bəri qorunub saxlanılan adət-ənənələri var. Adi bir misalla fikrimə aydınlıq gətirim. Ordubadda belə bir məsəl var ki, tut yetişəndə doğulduğu kəndinə gəlməyən şəxs haqqında deyirlər ki, yəqin dünyasını dəyişib. Ümumiyyətlə, xalqımıza xas olan torpağına bağlılıq, keçmişinə sadiqlik Naxçıvanda da müqəddəs duyğu hesab olunur. Bu ulularımızdan, nənələrdən qalma əl işlərinin, məişət əşyalarının, milli yeməklərin təbliği kimi dəyərlərə də xüsusi diqqət yetiririk. Etiraf edim ki, bu sahədə Nuh yurdu, qəhrəmanlar yetirən Naxçıvanın bəxti gətirib. Ən çox diqqət yetirdiyimiz tarixi hadisələrə , etnoqrafların araşdırmalarına həsr olunmuş verilişlərimizin böyük reytinq qazanmasının səbəbi də keçmişimizə bu günümüzdən baxanların sayının artmasıdır. Ümumiyyətlə, tamaşaçı diqqətini , marağını cəlb edən, günümüzlə səsləşən verilişlərimizi tamaşaçı rəyi əsasında formalaşdırmağa çalışırıq. Təkcə muxtar respublikada deyil, bütünlükdə Qarabağda, Şərq Zəngəzurda aparılan böyük quruculuq işlərinin gedişi ilə bağlı verilişlərə də efirimizdə yer veririk. Prezident İlham Əliyevin Ermənistanla imzalanacaq sülh sazişi ilə bağlı qətiyyətini əks etdirən gündəlik məsələlər, Zəngəzur dəhlizinin bərpası ilə bağlı aparılan danışıqlar informasiya bazamızın əsas istiqamətlərindəndir. Ən böyük arzumuz Azərbaycanın digər bölgələri ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması xəbərinin ilk olaraq NTV-də səsləndirilməsidir. Bu istək də Ulu Öndər Heydər Əliyevin ən böyük arzularındandır. İstəyərəm ki, Prezident İlham Əliyevin Naxçıvanda olarkən söylədiyi «Babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir» sözlərindən qaynaqlanan sevincini tamaşaçılara da bizim kanal vasitəsilə çatdıraq
- İnşaallah, o günü də görəcəyik. Yenicə yola çıxan NTV-yə çoxsaylı tamaşaçı auditoriyası arzulayır, uğurlar diləyirik.
Xuraman İsmayılqızı, «İki sahil»