Azərbaycanda bu istiqamətdə yeni xidmət fəaliyyətə başlayıb
Son bir neçə ildir ki, vətəndaşların bank kartlarından külli miqdarda vəsaitin dələduzluqla oğurlanması xəbərinə, demək olar ki, hər gün rast gəlirik. Məlumdur ki, məhz vətəndaşlar öz bank kartlarını və digər şəxsi məlumatlarını qarşı tərəflə paylaşırlar ki, bu da nəticədə pulların kartdan silinməsinə, üstəlik, şəxsi məlumatların da başqalarının əlinə keçməsinə səbəb olur. Daxili İşlər Nazirliyi (DİN) dəfələrlə əhaliyə müraciət edərək kart məlumatlarını heç kimlə bölüşməməklə bağlı çağırışlar etsə də bu kimi xoşagəlməz hadisələr hələ də davam edir. Yeri gəlmişkən, DİN-in məlumatlarına əsasən, maarifləndirmə tədbirləri nəticəsində əvvəlki statistik göstəricilərlə müqayisə etdikdə son aylar dələduzluq yolu ilə ələ keçirilən vəsaitlərin həcmində müəyyən qədər azalma gözə dəyir.
Sözsüz ki, vətəndaşı aldadaraq, onu yalan vədlərlə şirnikləşdirərək vəsaitini ələ keçirmək kiberdələduzluğun bir növüdür. Dünyanın bir çox ölkəsində vətəndaşlar kiberdələduzluğa qarşı sığortalanırlar. Bəs görəsən belə bir sığorta növü Azərbaycanda varmı və bank kartlarından vəsaitin fırıldaq yolu ilə çəkilməsi zamanı vətəndaşa dəyən ziyan necə qarşılanır? Əvvəla qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının tərkibində belə bir sığorta xidməti mövcuddur. Bu sığorta xidməti adından da göründüyü kimi, kiberhücumlar nəticəsində dəymiş zərəri qarşılayır. Sığorta xidmətinin təminatları sırasına texniki xətalar nəticəsində məlumatların pozulması, habelə veb-saytların, e-maillərin sındırılması və kiberoğurluq halları da daxildir.
Xüsusilə qeyd etmək lazımdır ki, hələlik bu sığorta növü daha çox hüquqi şəxslər üçün nəzərdə tutulub. Ona görə də hüquqi şəxslər və ya sahibkarlar sığorta şirkətinə birbaşa müraciət etməklə xidmətdən faydalana bilərlər. Bu növ sığorta könüllü olduğundan hüquqi şəxslər sığorta şirkətinə yaxınlaşmaqla təminat şərtlərini və təminat əhatəliliyini razılaşdıraraq xidməti əldə edib müqavilə imzalaya bilərlər.
Bəs sığorta hansı hallarda dəymiş zərəri ödəməlidir? Əgər onlayn ticarətlə məşğul olan bir sahibkarın veb-saytı sındırılıb və o, ciddi maliyyə itkisi ilə üzləşibsə dərhal müvafiq qurumlara müraciət edilir. Bu, o sahibkarlara aiddir ki, daha öncə kibersığorta etdirib və veb-saytların sındırılması halı adlanan prosesi təminat altına alıb. Sığorta sahibkarın veb-saytı sındırıldıqdan sonrakı işləmədiyi müddət ərzində qazana biləcəyi ehtimal olunan gəlirlərini ödəyəcək. Bundan başqa, məhkəmə xərcləri, sındırılmış veb-saytın bərpası üçün ehtiyac olan texniki xərclər və marketinq itkiləri sığorta ilə təminat altına alınmış olacaq. Həmçinin haker hücumu zamanı dəymiş zərərin ödənilməsinə təkrarsığortanın ekspertləri cəlb ediləcəklər. Onlar dəymiş zərəri müəyyənləşdirəcəklər və bu şəkildə sığorta zərəri qarşılanmış olacaq.
Xüsusi qeyd edilməlidir ki, bu sığorta xidməti bank kartlarından dələduzluq yolu ilə oğurlanan pulları sığortalamır. Ona görə ki, bu kibersığorta növü yerli bazarda hələ yeni məhsul olduğu üçün bu mərhələdə bank kartlarından vəsaitlərin çəkilməsi, yəni oğurlanması halı təminatlara daxil deyil. Əvəzində hansısa sahibkarın internet təminatında problem yarandığı zaman zərərə düşərsə , bu zaman müştəri həmin provayder şirkətə müraciət edir. Provayder də bu sığorta növü ilə sığortalandığı üçün ona sığorta ödənişi edilir ki o da öz müştərisinin itkilərini rahatlıqla qarşılaya bilsin. Ümumiləşdirsək, bu sığorta xidməti həm birinci tərəflər üzrə, həm də üçüncü tərəflər qarşısında məsuliyyət risklərinə təminat verir.
Təbii ki, yerli sığorta bazarımıza yenicə ayaq açan kibersığorta xidməti dünya təcrübəsinə əsaslanır. Burada proseslər – istər tarifləndirmə, istərsə də hadisələrin tənzimlənməsi – təkrarsığorta ilə razılaşdırılır. Təbii ki, kiberdələduzduq bütün dünya ölkələri üçün aktual olduğuna görə qlobal sığorta sənayesi də bu istiqamətdə yeni və fərqli təcrübələr formalaşdırır. Belə təcrübələr hər bir ölkənin lokal bazar şərtlərinə uyğunlaşdırılmaqla həyata keçirilir.
Elçin Zaman, «İki sahil»