Laçın rayonu Azərbaycanın tarixi və strateji baxımdan ən önəmli bölgələrindən biridir. 1923-cü ildə şəhər statusu almış və 1930-cu ildən rayon inzibati vahidi kimi formalaşmışdır. Rayonun mərkəzi Laçın şəhəridir, ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın bir şəhər, bir qəsəbə və 125 kənddən ibarətdir, həm iqtisadi, həm də ekoloji baxımdan böyük əhəmiyyətə malikdir.
1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalı zamanı rayon ağır insan və maddi itkilərə məruz qaldı; yüzlərlə sakin həyatını itirdi, mədəniyyət, təhsil, səhiyyə və tarixi abidələr ciddi ziyan gördü. İşğalın arxasında strateji və siyasi məqsədlər dayanırdı, nəticədə bölgədə demoqrafik və coğrafi balans pozuldu. 2020-ci ilin Vətən müharibəsi nəticəsində Laçın rayonu və ona aid kəndlər Azərbaycana qaytarıldı. Bu, milli həmrəylik və dövlət müstəqilliyinin təntənəsi oldu. Laçının azad olunmasında iştirak edən 8418 hərbi qulluqçu Prezident İlham Əliyev tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi, bu isə həm fərdi igidliyi, həm də xalqın milli qürurunu simvolizə edir.
Tarixi, strateji və iqtisadi əhəmiyyəti ilə Azərbaycanın yenidən doğulan simvolu
26 avqust Azərbaycan tarixində xüsusi önəm daşıyır. Bu gün “Laçın şəhəri günü” kimi qeyd olunur və Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis edilmişdir. Bu, sadəcə bir tarix deyil – işğaldan azad edilmiş torpaqlarımızın milli həmrəylik, qürur və birlik günüdür. Laçın üçün bu tarix həm də gələcəyə ümid, tarixi qələbə və yeni başlanğıcların simvoluna çevrilmişdir. Hər il bu gün şəhər sakinlərini, bölgə ictimaiyyətini və ölkənin bütün vətəndaşlarını bir araya gətirərək azadlıq və milli həmrəylik hissini gücləndirir.
Laçın yalnız tarixi və strateji deyil, həm də enerji baxımından əhəmiyyətli bir rayondur. Burada ümumi gücü 65,5 meqavat olan doqquz su elektrik stansiyası fəaliyyət göstərəcək və ildə 194 milyon kilovat-saat enerji istehsal ediləcək. 2021-ci ildə istifadəyə verilmiş Güləbird Su Elektrik Stansiyası təxminən 7 min nəfərin elektrik təchizatını təmin edir, həmçinin Qubadlının Xanlıq kəndi, Laçının cənub hissəsi və digər infrastruktur obyektlərinə enerji verir. Ermənistan tərəfindən tamamilə dağıdılmış “Ağbulaq”, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyaları yenidən qurularaq müasir texnologiyalarla təchiz olunmuşdur. 2023-cü ilin avqustunda “Mişni” və “Alxaslı”, 2024-cü ilin mayında isə “Zabux” və “Qarıqışlaq” stansiyaları işə salınmışdır. 2025-ci ilin mayında “Aşağı Malıbəyli” və “Mirik” SES-ləri də istifadəyə verildi. Bu stansiyalarda istehsal edilən 20 milyon kilovat-saat “yaşıl enerji” 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə və atmosferə 8 min ton karbon qazının atılmasının qarşısını almağa imkan yaradır.
Rayonun yol-nəqliyyat infrastrukturu da əsaslı şəkildə yenilənir. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən Kəlbəcər–Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometr olacaq və mövcud yoldan 32,2 kilometr qısa olacaq. Yol I və II texniki dərəcəyə uyğun inşa edilir, iki, üç və dörd zolaqlı olacaq. Marşrut boyunca 17 tunel və 23 körpü tikilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometr, körpülərin isə 4163 metrdir. Bu yol nəqliyyat rahatlığını artırmaqla yanaşı, regionun iqtisadi və strateji əhəmiyyətini də gücləndirəcək.
Bölgənin beynəlxalq statusunu yüksəldən layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanıdır. Təməli 2021-ci ildə qoyulan və 28 may 2025-ci ildə istifadəyə verilən hava limanı Qorçu kəndində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. 130 hektardan artıq ərazini əhatə edən aeroportun uçuş-enmə zolağı 3000 metr uzunluğunda, 60 metr enindədir və istənilən tip hava gəmisini qəbul edə bilir. Beş min kvadratmetrlik terminal binası isə saatda 200 sərnişinə xidmət göstərir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə isə 60 kilometr məsafədə yerləşir. Bu layihə həm strateji əhəmiyyət daşıyır, həm də turizm və beynəlxalq əlaqələrin inkişafına geniş imkan yaradır.
Laçında aparılan abadlıq və quruculuq işləri şəhərə yeni sima qazandırır. Baş plana əsasən, 258 hektar ərazidə əsasən fərdi evlərin inşası nəzərdə tutulub, lakin çoxfunksiyalı zonalarda və digər ərazilərdə çoxmənzilli yaşayış binaları da tikilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeyləri, Memorial Park, məktəblər, peşə təhsili müəssisələri, mədəniyyət və turizm obyektləri yaradılır. “15 dəqiqəlik şəhər” prinsipi tətbiq edilərək sakinlərin gündəlik ehtiyaclarını yaxın məsafədə təmin etmək nəzərdə tutulur. Bundan başqa, Laçın regional audiovizual mərkəzə çevriləcək – yerli və xarici film istehsalçıları üçün təbii mühitdə çəkilişlər aparmaq, lazım olan avadanlıq və xidmətləri əldə etmək mümkün olacaq.
Rayon iqtisadiyyatında sənaye zonası mühüm rol oynayır. Burada mebel fabriki fəaliyyət göstərir, yataq və qonaq otağı dəstləri, həmçinin qapılar istehsal olunur. Hazırda müəssisədə 54 nəfər çalışır, onların 42-si yerli sakinlərdir. Prefabrik modul evlər istehsal edən müəssisə ildə 200 ev istehsal edir və 100 nəfəri daimi işlə təmin edir. Xırdabuynuzlu heyvanların saxlanılması üzrə müəssisədə isə ildə 17 min baş heyvanın kəsimi həyata keçirilir və 30 nəfər işlə təmin olunub. “Laçın Aqro-Sənaye Parkı”nda 46 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Burada mebel istehsalı, balıqçılıq, yeyinti sənayesi, yüngül sənaye, ekoloji emal müəssisələri və elmi-təcrübə mərkəzləri yaradılacaq. “PIRSHAGHI” ayaqqabı fabriki isə ayda 1500 cüt ayaqqabı istehsal edərək əsasən laçınlıları işlə təmin edir.
Burada heyvandarlıq, arıçılıq və balıqçılıq da inkişaf etdirilir. 2023-cü ilin avqustunda istifadəyə verilmiş “Həkəri Balıq Təsərrüfatı” ildə 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel istehsal edir. Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Nərə əti 70 tona, kürü 3 tona, forel isə 10 tona çatdırılacaq.
İstirahət və turizm üçün də geniş imkanlar yaradılır. Laçında çaykənarı bulvar, göl, asma körpü, yaşıllıqlar, kotteclər, çimərlik və əyləncə mərkəzi sakinlərin və turistlərin ixtiyarına veriləcək. Bu il təməli qoyulan kanat yolu isə şəhərin bulvar ərazisində salınacaq. 1720 metr uzunluğa malik bu yol saatda 800 sərnişinə xidmət göstərəcək.
Bütün bu layihələr Laçını yenidən həyatla doldurur, onu həm müasir, həm ekoloji, həm də beynəlxalq əlaqələrə açıq bir şəhərə çevirir. Hər yeni yol, hər yeni stansiya, hər yeni müəssisə və ictimai obyekt bu torpaqların gələcəyinə atılan inamlı addımdır. Laçın indi təkcə azad edilmiş şəhər deyil, o Azərbaycanın gücünün, qürurunun və inkişafının simvoludur.
Doğma yurda qayıdışla başlayan yenidənqurma, mədəniyyət və turizmin inkişaf etdiyi şəhər
2023-cü ilin 28 mayından Laçınlıların doğma yurda qayıdışı gerçəkləşməyə başladı. 31 ildən sonra yurdlarına dönən sakinlər artıq öz torpaqlarında yeni həyat qururlar. Dövlət başçısının tapşırığı ilə bərpa edilən və yenidən tikilən evlər hər ailənin rahat yaşayışı üçün bütün zəruri şəraitlə təmin edilib. “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın şəhərinə 571 ailə (2091 nəfər), Zabux kəndinə 217 ailə (823 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Bəylik kəndinə isə 89 ailə (363 nəfər) köçürülüb. Bu rəqəmlər təkcə statistik göstərici deyil, hər bir ailənin doğma yurduna qovuşmasının rəmzi, bölgədə yeni həyatın başlanğıcını göstərir.
Zabux kəndi qayıdışın ən bariz nümunələrindən biridir. Ümumi sahəsi 81 hektar olan kənddə 245 ailənin məskunlaşması nəzərdə tutulub, ilkin mərhələdə isə 223 ailə üçün şərait yaradılıb. İnfrastruktur tam şəkildə qurulub: 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi istifadəyə verilib. Evlərin, küçələrin və sosial obyektlərin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunması isə kəndin həm müasir, həm də ekoloji baxımdan dayanıqlı inkişafını təmin edir. Sus kəndi isə tamamilə yenidən salınıb. 25 hektarlıq ərazidə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev inşa olunub. Burada 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, istirahət parkları və uşaq meydançaları yaradılıb. Kənd sadəcə yaşayış məkanı deyil, ailələr üçün rahat və təhlükəsiz bir ocağa çevrilib. Bəylik kəndində də genişmiqyaslı quruculuq işləri aparılıb. Klub-icma mərkəzi gənclərin görüş, tədbir və dərnəklər üçün toplaşdığı mühüm məkandır. Burada həm evlər, həm də sosial obyektlər yaşıl enerjidən qidalanır; klub-icma mərkəzinin damına günəş panelləri quraşdırılıb. 29,6 hektarlıq ərazidə 91 fərdi ev inşa olunub: 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. İnfrastruktur tam təmin edilib – yollar, rabitə, su, qaz və elektrik xətləri çəkilib, sakinlərin rahat yaşayışı üçün bütün şərait yaradılıb.
2025-ci ildə Laçın şəhəri MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib. 3 iyun 2025-ci ildə keçirilən açılış mərasimi şəhərin beynəlxalq mədəniyyət və turizm xəritəsində önəmini daha da artırdı. Şəhərdə aparılan yol-infrastruktur işləri həm sakinlərin, həm də qonaqların rahat hərəkətini təmin edir.
Ümumilikdə, Laçında 1000-dən çox yaşayış evi tikilib və ya bərpa olunub. Təkcə Laçın şəhərində 626 fərdi ev, 138 mənzilli çoxmənzilli bina və 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda 89 fərdi ev, 28 çoxmənzilli bina və 26 qeyri-yaşayış obyektinin tikintisi davam edir. Yaxın illərdə isə əlavə 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) inşası planlaşdırılır. Təhsil sahəsində də ciddi addımlar atılıb. Laçın rayon 2 nömrəli tam orta məktəbi 510 şagird yerlikdir, üçmərtəbəli binada sinif otaqları, laboratoriyalar, informatika və texnologiya kabinetləri, məktəbəhazırlıq və hərbi hazırlıq otaqları fəaliyyət göstərir. 2023-cü ildə isə Zabux kənd tam orta məktəbi istifadəyə verilib və 176 şagird yerlikdir.
Şəhərin turizm imkanları da bərpa prosesində nəzərə alınıb. 2025-ci ildə Zerti kəndində “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. 11,2 hektarlıq ərazidə yerləşən kompleksdə 120 otaqlı hotel, 8 kottec, ümumilikdə isə 324 nəfərlik qonaq tutumu var. Burada konfrans və tədbir zalları, toplantı otaqları yaradılıb. Kompleks 174 nəfəri işlə təmin edib, onların əksəriyyəti Laçın, Kəlbəcər və ətraf bölgələrin sakinləridir.
2023-cü ilin avqustunda Laçında “Hoçazfilm” yaradıcılıq studiyasının açılışı da baş tutub. Qarabağın nadir yaradıcılıq məkanlarından biri sayılan bu studiya iki inzibati bina və bir çəkiliş pavilyonundan ibarətdir. Adını Laçının rəmzlərindən olan Hoçaz qayalıqlarından götürən studiya bölgənin təbiətini, mədəniyyətini və yaradıcı potensialını həm sənətsevərlərə, həm də film istehsalçılarına təqdim etməyi hədəfləyir.
Beləliklə, Laçın bu gün yalnız işğaldan azad edilmiş torpaq deyil, həm də mədəniyyət, təhsil, turizm və sənaye baxımından inkişaf edən, sakinləri üçün yeni imkanlar açan bir məkandır. Hər yeni ev, hər müəssisə, hər təhsil və mədəniyyət ocağı bu torpaqlarda sabahın ümidini və firavanlığını simvolizə edir.
Hər səfər, hər açılış Laçına yeni nəfəs, yeni həyat gətirir
Azad olunmuş Laçın torpaqlarına Prezident İlham Əliyevin səfərləri bölgənin dirçəliş tarixində mühüm dönüş nöqtələrini əks etdirir. 2021-ci ilin 14 fevralında dövlət başçısının Güləbird kəndinə səfəri zamanı ucaldılan Azərbaycan bayrağı təkcə Laçına deyil, bütün Qarabağa mesaj idi: azadlıq və dirçəliş artıq başlanıb. Elə həmin gün Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi isə kəndin gələcək inkişafının enerji təminatını simvolizə edirdi. Laçın torpaqlarına dövlətimizin başçısının səfərləri bölgənin bərpası və inkişafı prosesində mühüm dönüş nöqtələrini təşkil edir. Hər səfər bölgənin yalnız fiziki deyil, həm də mənəvi bərpasının simvolu kimi diqqət çəkir. Prezidentin bölgəyə gəlişi zamanı həyata keçirilən enerji, nəqliyyat, infrastruktur və mədəni layihələr Laçının gələcək inkişafının təməlini qoyur və sakinlərin yeni həyatını təmin edir. Bu dövrdə açılışı və ya təməlqoyması həyata keçirilən obyektlər arasında hava limanı, avtomobil yolları, su və enerji stansiyaları, sənaye müəssisələri, turizm və mədəniyyət obyektləri yer alır. Hər bir layihə bölgənin iqtisadiyyatını gücləndirir, yeni iş yerləri yaradır və həyat səviyyəsini yüksəldir. Eyni zamanda, Prezidentin regional və beynəlxalq səviyyədə görüşləri Laçının artıq strateji mövqeyini gücləndirdiyini göstərir, bu isə bölgənin həm daxili inkişafına, həm də beynəlxalq əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.
Hər səfər, hər açılış Laçına yeni nəfəs, yeni həyat gətirir. Bu torpaq indi həm tarixi xatirələrin, həm də gələcək ümidlərin ünvanıdır. İnşa edilən hər tunel, çəkilən hər yol, qurulan hər ev və açılan hər müəssisə Laçının yenidən doğuşunun canlı şahididir. Prezident İlham Əliyevin səfərləri isə sadəcə rəsmi tədbirlər deyil; onlar azad edilmiş torpaqlara göstərilən diqqətin, qayğının və gələcəyə olan böyük inamın təcəssümüdür.
Nigar Orucova, "İki sahil"