Müasir həyatın ritmi, informasiya axını və davamlı sosial təzyiqlər insanın daxili hormon balansını ciddi şəkildə poza bilər. Xüsusilə stress hormonları kortizol və adrenalin orqanizmdə “təhlükəyə cavab” mexanizmini idarə etsə də, bu hormonların uzunmüddətli və daimi şəkildə aktiv qalması bədəndə bir sıra ciddi endokrin pozuntulara səbəb ola bilər.
Endokrinoloq Pərvanə Vəliyeva “İki sahil”ə müsahibəsində bu kimi suallara aydınlıq gətirərək bildirib ki, stress hormonlarının təsirini düzgün qiymətləndirmək bu gün sağlam həyat tərzinin əsas şərtlərindən biridir.
-Pərvanə həkim, günümüzdə stress hormonlarımızın balanssızlığı həyatımıza necə təsir edir?
- Stress hormonlarının, xüsusilə kortizol və adrenalinin balanssızlığı bədənimizdə bir çox sistemə təsir göstərir. Əgər bu hormonlar qısa müddətli və ehtiyac olduqda ifraz olunursa, bu, orqanizm üçün qoruyucu bir mexanizmdir. Amma bu hormonların uzunmüddətli və daimi şəkildə yüksək qalması endokrin sistemi ciddi şəkildə pozur. Kortizolun xroniki yüksəkliliyi bədəndə piylənmə, insulin müqaviməti, şəkərli diabet, menstrual pozuntular, tiroid hormonlarının fəaliyyətində azalma, yuxu pozğunluğu, yüksək təzyiq və depressiya kimi fəsadlara yol aça bilər. Adrenalin isə uzun müddət yüksək səviyyədə qaldıqda ürək-damar sistemində problemlər, təşviş pozuntuları və əsəbilik kimi simptomlara səbəb olur. Yəni, stress təkcə psixoloji deyil, eyni zamanda, hormonal səviyyədə də balansı poza bilər və bu da bütövlükdə sağlamlığa mənfi təsir edir.
-Bəs bəzən səbəbsiz çəki artımı, yuxusuzluq və əsəbilik kimi hallar sadəcə, stress hormonlarının oyunu ola bilərsə, bu əlamətlərin psixoloji səbəblərlə, yoxsa endokrin pozuntularla bağlı olduğunu necə müəyyən edə bilərik?
-Əgər çəki artımı, yuxusuzluq və əsəbilik uzunmüddətli xarakter alırsa, burada təkcə psixoloji amillərdən deyil, endokrin sistemdəki disbalansdan da danışmaq olar. Endokrinoloji baxımdan, xüsusilə kortizol səviyyəsindəki artım maddələr mübadiləsini yavaşladır, insulinə qarşı müqavimət yaradır və bu da həm piylənməyə, həm də enerjisizlik və əsəbilik hallarına gətirib çıxarır.
Psixoloji gərginlik qısa müddətli olduqda bədən onu bərpa edə bilir. Amma bu vəziyyət davamlı olarsa, məsələn, insan həm psixoloji təzyiq altındadır, həm də düzgün qidalanmır, fiziki aktivlik azdırsa, artıq hormonal fon pozulur. Belə hallarda ilk olaraq həkimə müraciət edib hormon analizləri vermək və stressin fiziki təsirlərini qiymətləndirmək lazımdır. Əgər hormonal göstəricilər normaldırsa, deməli, əsas səbəb psixolojidir və psixoloq dəstəyi önə çıxır. Amma bəzən hər iki amil paralel mövcud olur və yanaşma kompleks olmalıdır.
-Hisslərimizi hormonlar idarə edir?
-Bəli, insanın emosional vəziyyəti ilə hormonlar arasında çox sıx əlaqə var. Məsələn, xoşbəxtlik hissi ilə əlaqəli olan serotonin, dopamin və oksitosin kimi hormonlar beyində müsbət emosiyalar yaradır. Əksinə, stress zamanı artan kortizol və adrenalin isə narahatlıq, gərginlik və aqressiya hisslərinə səbəb ola bilər. Əgər bu hormonlar balanssızdırsa, insanın psixoloji durumu da pozulur. Hətta depressiya, panik atak və yuxu pozuntuları kimi hallar da hormonal disbalansla bağlı ola bilər. Qalxanabənzər vəzin fəaliyyəti zəiflədikdə insanda yorğunluq, həvəssizlik, diqqət pozuntusu yaranır. Yəni, hiss etdiyimiz bir çox emosiyanın hormonal təməli var və bu balansı qorumaq həm psixoloji, həm də fiziki sağlamlıq üçün vacibdir.
-Stressdən kökəlmək doğrudurmu, yoxsa bəhanədir?
-Bu, bəhanə deyil, tibbi baxımdan əsaslı bir haldır. Stress zamanı kortizol hormonunun səviyyəsi artır və bu da iştahın artmasına, bədənin enerji ehtiyatı toplamağa çalışmasına səbəb olur. Nəticədə xüsusilə şirin və karbohidratlı qidalara meyl artır, maddələr mübadiləsi yavaşlayır, yağlar daha çox toplanır. Beləliklə, stress təkcə psixoloji gərginlik yaratmır, eyni zamanda, fizioloji olaraq çəki artımına da səbəb ola bilər.
-Arıqlamaq üçün hormonlara toxunmaq təhlükəlidirmi?
-Bəli, bu, çox vacib və diqqət tələb edən bir mövzudur. Hormonlara müdaxilə, xüsusilə arıqlamaq məqsədilə dərman və ya hormon preparatlarının nəzarətsiz qəbulu təhlükəli nəticələrə səbəb ola bilər.
Endokrin sistem çox həssas tarazlıqla işləyir və xaricdən hormon əlavəsi bu tarazlığı poza bilər. Bu, maddələr mübadiləsinin pozulmasına, qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsinə, sonsuzluq, şəkərli diabet, ürək-damar problemləri kimi ciddi fəsadlara yol aça bilər. Ona görə də arıqlamaq istəyən hər kəs mütləq endokrinoloq nəzarətində olmalı, səbəb hormonal pozğunluqla bağlıdırsa, düzgün müalicə planı tərtib edilməlidir. Özbaşına “hormon tənzimləmək” sağlamlığa ciddi təhlükədir.
-Hormonal balanssızlığın psixoloji vəziyyətə təsiri barədə nə deyə bilərsiniz?
-Hormonal balanssızlıq insanın psixoloji vəziyyətinə birbaşa təsir göstərə bilər. Qalxanabənzər vəzin hormonları (xüsusilə T3 və T4) az olduqda insanda depressiya, yorğunluq, əhval düşkünlüyü, diqqət pozuntusu, hətta ağla gəlməyən qorxular müşahidə oluna bilər. Əksinə, hormonların çox ifrazı isə həyəcan, əsəbilik, yuxusuzluq və panik atak kimi hallara səbəb ola bilər. Kortizol kimi stress hormonlarının uzun müddət yüksək qalması da narahatlıq, zehni tükənmə və motivasiya çatışmazlığı ilə nəticələnir. Estrogen və progesteronun pozulması isə, xüsusilə qadınlarda emosional qeyri-sabitlik, əsəbilik və depressiv epizodlara yol aça bilər. Qısacası, hormonal balans bədənin fiziki funksiyalarını tənzimləməklə yanaşı, ruhi sabitlik və psixoloji rahatlıq üçün də çox önəmlidir.
-Son zamanlar qalxanabənzər vəzi ilə bağlı problemlər niyə bu qədər geniş yayılıb?
-Qalxanabənzər vəzi ilə bağlı problemlərin bu qədər geniş yayılmasının əsas səbəblərindən biri müasir həyat tərzidir. Xroniki stress, düzgün olmayan qidalanma, yod çatışmazlığı, ətraf mühitin çirklənməsi və hormonal balanssızlıq bu vəzinin fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə də qadınlarda bu problemlər daha tez-tez müşahidə olunur, çünki hormonal dəyişikliklərə daha həssasdırlar. Əsas simptomlara gəldikdə isə, qalxanabənzər vəzinin funksiyasına görə şikayətlər fərqli ola bilər. Hipotireoz (funksiyanın zəifləməsi) zamanı əzginlik, soyuğa dözümsüzlük, çəki artımı, qəbizlik, dərinin quruluğu, saç tökülməsi və depressiv əhval kimi əlamətlər müşahidə olunur. Hipertireoz (funksiyanın artması) isə əksinə, arıqlama, ürək döyüntüsündə artım, əllərdə titrəmə, əsəbilik, istiliyə dözümsüzlük və yuxusuzluqla özünü göstərə bilər. Bu əlamətlər uzun müddət davam edərsə, endokrinoloqa müraciət etmək mütləqdir.
-Bu gün günümüzün reallığına çevrilmiş “detoks çayları” hormonları pozur, yoxsa arıqladır?
-“Detoks çayları”nın əksəriyyəti tərkibində sidikqovucu və işlədici bitkilər daşıyır. Bu, ilk baxışda çəki itkisi kimi görünsə də, əslində bədəndən suyun və elektrolitlərin çıxmasıdır, yağ itkisi deyil. Endokrinoloqların fikrincə, bu tip çayların uzun müddət və nəzarətsiz qəbulu hormonal balansı poza bilər. Xüsusilə qadınlarda menstrual dövrün pozulması, qalxanabənzər vəzin fəaliyyətində dəyişikliklər, maddələr mübadiləsinin zəifləməsi kimi problemlər yarana bilər. Yəni, bu çaylar arıqlatmaqdan çox, orqanizmi susuzlaşdırır və hormonal sistemə zərər verə bilər. Sağlam çəki itirmək üçün həkimlə razılaşdırılmış plan daha güvənlidir.
-Pərvanə həkim, endokrin sistemin sağlamlığı üçün gündəlik həyat tərzində hansı dəyişikliklər vacibdir?
-Endokrin sistemin sağlamlığını qorumaq üçün gündəlik həyat tərzində bir sıra vacib dəyişikliklərə diqqət yetirilməlidir. Əvvəla, balanslı qidalanma rejimi çox önəmlidir. Həddindən artıq şəkər və işlənmiş qidalar hormon balansını poza bilər. Bundan əlavə, müntəzəm fiziki aktivlik hormonların normal ifrazına və maddələr mübadiləsinin tənzimlənməsinə kömək edir. Yuxu rejiminə əməl etmək də vacibdir. Gecə yuxusunun pozulması stress hormonlarının (kortizol) ifrazını artıraraq bütün endokrin sistemə mənfi təsir edə bilər. Qeyd edim ki, stressin idarə olunması, kofeindən və zərərli vərdişlərdən uzaq durmaq, habelə ildə ən az bir dəfə ümumi müayinədən keçmək də endokrin sağlamlığın qorunmasında mühüm rol oynayır.
Şəmsiyyə Əliqızı,”İki sahil”