20 avqust 2025 10:16
133

Britaniyada məhkəmə qərarı ilə sığınacaq axtaranlar hoteldən çıxarılır

Böyük Britaniyanın Esseks qraflığında sığınacaq axtaran şəxslərin yerləşdirildiyi hoteldə qalmasına məhkəmə qadağa qoyub.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, “Epping Forest” şəhər şurası “The Bell Hotel”də miqrantların yerləşdirilməsinin qarşısını almaq məqsədilə Ali Məhkəməyə müraciət etmişdi. Məhkəmə isə şuranın müraciətini qəbul edərək hoteldə sığınacaq axtaranların qalmasına müvəqqəti qadağa qoyub.

Qeyd edək ki, son həftələrdə hotelin qarşısında minlərlə insan antimiqrant aksiyaları keçirib. Bu gərginlik hoteldə yaşayan sığınacaq axtaran şəxsin şəhərdə 14 yaşlı qıza qarşı cinsi təcavüzdə ittiham olunmasından sonra daha da artıb.

Hakim daxili işlər naziri İvet Kuperin şuranın iddiasını ləğv etdirmək cəhdini rədd edib və qərar verib ki, bütün sığınacaq axtaran şəxslər 12 sentyabr saat 16:00-a qədər hoteldən çıxarılmalıdır. Məlumata görə, hazırda hotelin 80 otağının hamısı doludur və ötən ayın məlumatına əsasən, burada təxminən 140 nəfər kişi qalır.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bu qərarın ölkə üzrə sığınacaq axtaranların hotellərdə yerləşdirilməsi imkanlarına ciddi təsir göstərəcəyini bildirib.